Rusiya BTC-ni ələ keçirdi

Bu, kəmərin Cənubi Osetiya ərazisindən keçən hissəsidir

Rusiya sərhədçiləri Gürcüstanda əsas avtomobil magistralının 300 metrliyində zəbt etdikləri ərazidə Cənubi Osetiyanın sərhədinin keçdiyini əks etdirən bannerlər yerləşdirib. Bu barədə Gürcüstan saytları məlumat yayıb. Bannerlərin Cənubi Osetiya tərəfindən Bakı-Tbilisi-Ceyhan neft kəməri keçir. Bu isə o deməkdir ki, neft kəmərinin bir hissəsi zəbt olunmuş torpaqların ərazisinə düşüb və kəməri artıq rus sərhədçiləri nəzarətə götürüb.

Maraqları bunu tələb edəndə beynəlxalq normalara əhəmiyyət verməyən Rusiyanın Bakı-Tbilisi-Ceyhan kəmərinin bir hissəsinə nəzarət etməsi isə ciddi təhlükədən xəbər verir. 

Qeyd edək ki, Azərbaycana səfərə gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırarkən Bakı-Ceyhan-Tbilisi neft kəmərinin əhəmiyyətindən söz açıb. Əslində kəmərə yarana biləcək təhlükə Azərbaycanla yanaşı Türkiyə və Avropa ölkələrinə də ciddi problem yarada bilər. Hazırda Ukraynada atdığı addımlara görə Qərb dünyası ilə qarşıdurma şəraitində olan Rusiyanın Avropanın maraqlarına zərbə vurmaq niyyətində olduğu şübhəsizdir. Bu mənada BTC-nin rus sərhədçilərinin nəzarətində olması hansı problemlərə səbəb ola bilər?

Xatırlatmaq lazımdır ki, Krımın işğalından sonra Rusiya ilə Qərb ölkələri arasında münasibətlər son dərəcə gərginləşib. Bu hadisədən sonra Rusiyaya qarşı müxtəlif xarakterli sanksiyalar tətbiq edilməyə başlayıb. Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün ABŞ və Avropa ciddi addımlar atmaq niyyətindədirlər. 

Ekspertlər hesab edir ki, bu, Rusiyadan kənar alternativ enerji mənbələrinə diqqətin daha çox artmasını tələb edir. Rusiyanın başlıca gəlirinin neftdən və qazdan asılı olduğundan bu ölkəyə ən ağır zərbə də enerci sahəsində vurula bilər. 

Bakı-Tbilisi-Ceyhan Azərbaycanın və Orta Asiya neftinin Qərbə daşınmasında ciddi rol oynayan kəmərdir. Gürcüstanla sərhəddə Rusiyanın işğalçı qoşunlarının kəmərin hətta bir hissəsini nəzarətə götürməsi bu istiqamətində neft daşımaları üçün ciddi problemləri yarada biləcəyini istisna etmir. Baş vermiş hadisə onu göstərir ki, Rusiya onun üçün həyatı əhəmiyət kəsb edən enerci məsələsində bacardığı qədər mübarizə aparacaq. Bu hadisə Azərbaycan-Türkiyə münasibətlərinin daha da gücləndirilməsini və Qərbin kəmərin təhlükəsizliyik işinə daha yaxından cəlb edilməsini tələb edir. 

Fizzə