Ruhani Əliyevə tələ qurur

Culfa-Yerevan dəmir yolu tranziti ilə bağlı açıqlama Əliyevdən başqa bir məsələdə razılıq almaq niyyəti güdür

Azərbaycan hakimiyyəti dəfələrlə müharibə şəraitində olduğu Ermənistanla nəinki hər hansı əlaqələr qurmaq niyyətində olmadığını bəyan edib, hətta Türkiyənin bu tip səylərinə qarşı sərt etiraz edib. 

Bir ildir Azərbaycanla münasibətlərində gərginlik müşahidə olunan İran isə bu məsələdə, ümumiyyətlə, ölkəmizin maraqlarını nəzərə almayıb.  

Qeyd etmək lazımdır ki, son aylar bu gərginlikdə müəyyən yumşalma müşahidə olunmaqdadır. Davosda bir neçə illik fasilədən sonra Azərbaycan və İran prezidentlərinin görüşü, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun İrana səfər edərək İranın dövlət başçısı Həsən Ruhani ilə görüşü da buna işarədir. Bu günlərdə isə prezident İlham Əliyevin İrana səfər edəcəyi ilə bağlı xəbər yayıldı.

Bütün bunları iki ölkə arasında münasibətlərin yumşalmasına yönələcəyini demək olardı. Lakin İran prezidenti Həsən Ruhaninin açıqlaması ortaya yeni suallar çıxarıb. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, Ruhani azad iqtisadi zonaların rəhbərləri ilə görüşündə çıxış edərkən İlham Əliyevin səfəri zamanı müzakirə olunacaq bəzi məsələlərə aydınlıq gətirib. O bildirib ki, Azərbaycan prezidentinin Tehrana səfəri çərçivəsində Culfa dəmir yolunun Azərbaycan Respublikasına və bu vasitə ilə Ermənistan və Avropaya birləşdiriləcəyi mövzusu gündəlikdə dayanır: “Bununla da Araz və Maku azad iqtisadi zonalarının ticarət şəraiti daha da genişlənəcək”. 

Nəzərə almaq lazımdır ki, dövlət başçısının səfəri zamanı müzakirə olunacaq məsələlər əvvəlcədən müəyyən olunur. Belə olan halda İlham Əliyevin Ermənistan üçün faydalı olacaq bu məsələnin müzakirə edəcəyini gözləmək olarmı?

Ekspertlər hesab edir ki, Həsən Ruhaninin bəyanatı İranın Azərbaycanın digər qonşu və müttəfiqləri ilə münasibətlərinin pis olmasından istifadə etmək niyyətində olduğunu göstərir. Bir tərəfdən Türkiyənin Ermənistanla sərhədlərini açmaq istəyinə qarşı sərt əks təbliğat aparan rəsmi Bakının Ermənistana dünyaya çıxış üçün tranzit verməsi mümkün görünmür. Rəsmi Bakı bu addımı atarsa, həm Türkiyə, həm də Azərbaycan ictimai rəyindən ağır zərbələr ala bilər. Ancaq Həsən Ruhaninin bu bəyanatının bir məqsədi də o ola bilər ki, bu tezisi İlham Əliyevin İrana səfər öncəsi ictimayiləşdirməklə onun üçün yeni təzyiq vasitəsi yaradır və Azərbaycanın dövlət başçısından tamamilə başqa bir məsələdə razılıq almaq niyyəti güdür. Bu isə o deməkdir ki, Culfa-Yerevan dəmir yolu xətti barədə bəyanatlar İlham Əliyev üçün tələ və təzyiq vasitəsidir.  

Fizzə