qenimetzahid-yeni

Ac-yalavacların, harın-qudurğanların ölkəsi

Deqradasiya bir deputatın sərsəmliyi deyil, bir sistemin sərsəmliyidir

Adını çəkmək istəmədiyim bir deputat (mən onlara millət vəkili kimi baxmıram) Bakı şəhərinin korlanması haqqında danışıb (və ya yazıb) və paytaxtın simasının korlanmasında «ac-yalavac, mədəniyyətsiz, psixoz qaçqınları» ittiham edib. Bu, əlbəttə deqradasiyadır. Təkcə həmin deputatın deyil, onun təmsil etdiyi düşərgənin deqradasiyasıdır. Və bu deqradasiya həmin deputatın bu eyforik ifadəni işlətməsində görükmür, onun parlament kürsüsünə çıxarılmasında, həm də məhz, yaxşı söyüş söyə bildiyinə görə çıxarılmasında görükür. Onun deputat mandatında hər hansı başqa məziyyətin rolu olduğunu kimsə iddia edə bilməz.

Lazım gələsi olmadı, heç… gedəsi də olmadı, deyəsən

Qaçqınları paytaxtın simasını korlamaqda ittiham edən deputat bu ovqatı ilə tək deyil. Adamın bəlli bir çevrəsi, oturub-durduğu, müzakirələr apardığı əhatəsi var və o da bu çevrənin baxışlarını ifadə edib. Hərçənd, bu çevrədə neçə faizin sosial baxımdan həmin qaçqın kateqoriyasına aid olduğunu söyləmək çətin deyil. Hətta mənim bildiyimə görə məzkur elementin özü də bir zamanlar hansısa qaçqın köçünün daxilində Şəmkir rayonuna pənah gətirənlərdəndir. Amma bu, əsas deyil. Əsas olan öz düşərgəsinin etiraflarını səsləndirən deputatın öz düşərgəsinin və o düşərgənin liderinin fərsizliyini etiraf etməsidir. Qaçqınların hələ də öz yurdlarına qayıtmaması onların günahı deyil. Azərbaycan bir dövlətdir. Ordusu, polisi, əhalisi, hətta prezidenti və parlamenti var. Prezident Ana Yasaya görə ali baş komandandır və zatən özü də bunu tez-tez «lazım gəlsə» şəkində təkrar etməkdən xoşlanır. Cənab İlham Əliyevin özünü ali baş komandan kimi cəmiyyətə təqdim etməsinin başqa heç bir şəkli yoxdur, buna görə də tez-tez «lazım gəlsə, hərb yolu ilə…» sözlərini əhalinin gözlərinə və qulaqlarına soxmaqla onu demək istəyir ki, o, ali baş komandandır, sərəncamında böyük bir ordu var və ondan qorxmaq lazımdır. Və tamam, əhali də buna görə qorxmağa başlayıb. Yoxsa, həmin əhali bu sayaq təfəkkürün sahiblərinin parlamentdə otirmasını və «mən sizin vəkilinizəm» iddiasını həzm edə bilməzdi. Yalnızca da bu deyil. «Mən sizin babanızam» iddiasını həzm etdirənlərin yerində elə belələri at oynatmalı idi.

Ac qılınca çapmaz, aclıq qılınc kimi kəsər

Bakı şəhəri azərbaycanlılar üçün deyil. Bunu son 7-8 ildə şəhərdə aparılan söküntü işləri tamam-kamal sübut etməkdədir. Şəhərdə qaşqınları deyil, Bakını bir şəhər olaraq bina edənlərin də üzərinə ekskovator göndərib onları harasa, hansısa ucqarlara uçuran hökumət bu elanı çoxdan səsləndirib. Amma Azərbaycanın kimin üçün olduğu da şübhəli müstəviyə qoyulub. Bu barədə bir az sonra. İndi isə həmin deputatın iddia etdiyi «mədəniyyət» kəlməsi haqqında. Ali baş komandanın başını buraxın, ölkənin mülki icra işlərinə də şəriksiz hökmranlıq edən cənabın özünün və atasının sayəsində millət təhsildən binəsib qalıb. Təhsil olmayan yerdə mədəniyyət ola bilməz və mədəniyyət olmayan yerdə də bu sayaq deputatlar meydan sulayar. Təhsilin və mədənyyətin olmadığı yerdə millət ac və yalavac qalar. Çünki bir millətin işlə, çörəklə, həyatla təminatını millətin təhsilli və mədəniyyətli insanları ödəyər. Bu qıtlıqdan dolayı da azərbaycanlıların canında bir az zirəklik olanları ölkədən qaçıb gedər, təpəri daha az olanları isə kəndini-kəsəyini buraxıb söküntü-dağıntı prosesində müvəqqəti iş və çörək dalınca paytaxta gələr. Bu üzdən, Bakıda yalnız qaçqınlar deyil, ölkənin bütün kəndistanı toplaşıb. Azərbaycan Bakıya tıxanıb qalıb. Arxada isə heç nə yoxdur. Çünki Bakıya axışan kənd adamlarının 20 faizinin torpağını ermənilər alıb, yerdə qalanını da harın Azərbaycan məmurları qəpik-quruşla və ya havayı zəbt ediblər. Məsələn, Şahdağda prezidentin biznesi kimi qurulan qış idmanı kompleksinin yerləşdiyi torpaqlarının sahiblərinə hər hektar üçün 30-40 manat təklif edirlər. Bütün Azərbaycan Bakıya toplaşır və məzkur deputat da şəhərdəki tünlüyü görüb bunu «ac-yalavac və mədəniyyətsiz» qaçqınların yığnağı sayır. Əslində isə Azərbaycanda hamı qaçqındır. Aclıq və yalavaclıq isə həmin deputata bənzər ünsürlərin talanlarının nəticəsində yaranan gerçəklikdir. Adamın pulunu-parasını, malını-mülkünü, yerini-yurdunu əlindən alandan sonra ac-yalavac olmayıb, nə olmalıdır ki? Bu aclığı və yalavaclığı yaradan hökumətin təmsilçisi isə acların paytaxtdakı nizamsız hərəkətini mədəniyyətsizlik və ictimai psixoz kimi qəbul etməlidir, əlbəttə. Hətta filosofyana bir əda ilə oturduğu kresloda yayxanaraq və sağ əlinin şəhadət barmağını dərununda hansı möhtəviyyatın olduğu bəlli olmayan gicgahına dirəyərək «ümumiyyətlə, bunlar nə üçün var?» deyə özünə və ətrafına müdrik suallar ünvanlamalıdır.

Onların ali baş komandanı kimdir…

Və döyüş… Suriyaya gedənlər ali baş komandandan əmr alımayıblar. Bəli, tamamilə doğrudur. Suriyaya, Liviyaya, Əfqanıstana, nə bilim hansı cəhənnəmlərə döyüşməyə gedənlər üçün İlham Əliyev ali baş komandan deyil! Heç kim deyil. Təsəvvür edirsinizmi? Mətbuatda məlumat gedir ki, Sumqayıtın icra başçısını danlayırlar ki, niyə Suriyaya döyüşməyə yollanan axının qarşısını almır. Dövlət bayrağını asfalt rəsminə çevirən qafaların idarə etdiyi bir şəhərin sakinləri hansı duyğularla yaşamalıdırlar ki? Və nə ilə yaşamalıdırlar? Sumqayıt da ac şəhərdir. Talan edilən şəhərdir. Hər gün talan edilən bir şəhər! Bu şəhərin sakinləri də elan edilməmiş müharibə zonasından çıxıb elan edilmiş müharibələrə yollanmağı tərcih edirlər. Başqa ölkələrə muzdlu döyüşçü kimi gedənlər İlham Əliyevi ali baş komandan kimi tanımırlar. Onlar neyləməlidirlər ki? Burada adını çəkmədiyim məzkur deputatla döyüşməlidirlərmi? On il əvvəl əmr gözləməyib Qarabağa savaşmaq üçün getməyə hazıraşanları üzə çıxarıb hərəsinə 10-15 il iş vermişdilər. Maraqlı ölkədə yaşayırıq. «Ac-yalavac, mədəniyyətsiz, psixoz qaçqınların», tox, harın, duyğusuz, qudurğan və məsuliyyətsiz deputatların ölkəsində…