Azərbaycanda rus təhlükəsi kimə lazımdır?
Sərdar Bağırzadə, Nyu-York
Problem, əlbəttə, ciddidir və yalnız Putinlə bağlı deyil. Məsələ burasındadır ki, avtoritar liderlər gerçəkliyi həmişə yanlış dəyərləndirirlər. Angela Merkelin «Putin reallıq hissini itirib» ifadəsi də bu baxımdan yalnız Putinə aid deyil. Son illərdə devrilən avtoritar liderlərin hər birinin davranışında, bu, aydın müşahidə olunub. Sadəcə olaraq, dünyanın nəhəng potensiala malik, eyni zamanda sərəncamında külli miqdarda nüvə arsenalı olan bir liderin reallıq hissini itirməsi də dəhşətli gerçəklikdir. Buna görə də indiki Qərb-Rusiya qarşıdurması soyuq müharibə dövründən daha artıq ehtiyat və soyuqqanlılıq tələb edir. Bu gün Rusiyanın hərbi və iqtisadi imkanları ilə bağlı ilə çoxlu sayda təhlillər yazılıb. Bütün bu təhlillər sübut edir ki, bu qarşıdurmada Rusiyanın qazana biləcəyi heç nə yoxdur. Hətta Rusiyanın daxilində olan cəsarətli və aydın insanlar da bu qarşıdurmada öz ölkələrinin gələcəyi barədə pessimist analizlər verməkdədirlər. Sadəcə Qərb bu qarşıdurmada böyük zərərlər risqinə getmədən qalib çıxmaq istəyir. Bunun üçün isə bütün imkanlar mövcuddur. Ukrayna-Rusiya münaqişəsi başlayanda hörmətli Vəfa Quluzadənin Rusiyanın dağılacağı ilə bağlı proqnozunu bir çoxları ciddi qəbul etməmişdi. Məsələ, Vəfa müəllimin Rusiyaya qarşı subyektiv münasibətinin dərəcəsi ilə bağlı deyil.
İndi Putinin növbəti iddiasının SSRİ-nin bərpası olduğu barədə mülahizələr geniş tirajlanır. Ötən əsrin 20-ci illərində SSRİ müxtəlif ökələrdə kommunist (bolşevik) partiyalarının qışqırıqlaının arxaınca Qırmızı Ordunun hücumları ilə yaradıldı. İndi bu rolu «rus dilli əhali» faktoruna vermək kimi niyyətin olduğu görünür. Rus dilli əhalinin kompakt olmadığı yerlərdə, məsələn, Azərbaycanda isə qurama kommunist partiyaları səs çıxarmağa başlayırlar. Amma indi SSRİ-ni bərpa etməyin eyni ssenarisindən istifadə etmək sadəcə olaraq, iddia kimi görünür, amma bunu şərtləndirən heç bir əlavə şərait yoxdur. Sadəcə, Putinin iddiası var və bu iddia, məsələn, Müəmmər Qəddafinin ərəb birliyi iddiasından o qədər də fərqlənmir. İndi dünyada yaxşı bilirlər ki, Vladimir Putin böyük bir neft-qaz anbarının sahibidir. Onun bütün təsərrüfatı və perspektivləri də bu anbara bağlıdır. Buna görə də Rusiyanı yerində oturtmaq barədə düşünən hər kəsin ağlına gələn ilk taktiki addım enerji daşıyıcılarının qiyməti ilə oynamaq olur. Bu münqaşinən ilk mərhələsində bu strategiyanı seçməyin zəruriliyini ABŞ-ın sabiq dövlət katibi Kondaliza Rays böyük bir məqalə ilə əsaslandırdı. İnsafən, indiki ABŞ hökumətinin də seçiminin, məhz, bu, yəni Rusiyanın neft və qaz kartını vurmaq olduğu görünür. Lap bu günlərdə Barak Obama Avropanın qaz təminatını ABŞ-ın öz üzərinə götürəcəyi, hətta Avropanın indi istehlak etdiyindən daha çox qaz təminatı yaradacağını elan etdi. Bu, o deməkdir ki, ABŞ Avropada rus qazı faktorunu təkcə ortadan qaldırmır, həm də təbii qazın dünya qiymətlərinə elə bir zərbə vurmağa hazırlaşır ki, ruslar Avropaya qaz satmaq üçün yalvar-yaxara başlasınlar. Zira, bu ölkənin ixrac edə biləcəyi başqa heç nə yoxdur.
Amma Qərb Ukraynaya hücum edən Rusiya ilə hərbi ritorika ilə danışsa nə baş verə bilərdi? Bu ritorikanı əsas götürən Putin bütün ətrafını dalamaq və nəhəng bir coğrafiyada böyük hərbi münqaişə ocaqları yandırmaq üçün bəhanə eldə edərdi. Əlbəttə, son nəticədə Qərb Rusiyanı əvvəlki sərhədlərinə qədər qova biləcəkdi, amma nələrin hesabına! Ukrayna böhranı zamanı həm Ukraynanın yeni liderlərinin, həm də Avropa və ABŞ-ın seçdiyi taktika tamamilə özünü doğrultmaqdadır. Proseslər qaynar fazadan çıxıb və soyumağa başlayıb. İndi Rusiya hökuməti və şəxsən Vladimir Putin nələri itirdiklərini hesablamağa başlayıblar. İtirilən isə çox şey var. Ən böyük itki budur ki, bu proses davam edir. Yəni Rusiya hər gün itirməkdə davam edir. Böhranın bu mərhələsində Rusiyanın SSRİ-ni bərpa etmək iddiaları sadəcə olaraq, Jirinovskinin bəyanatları qədər qeyri-ciddi səslənir. Buna görə də, istər Azərbaycanda, istərsə də başqa keçmiş sovet respublikalarında yeni dünya düzəninə uyğunlaşmaq tələblərini rus təhlükəsi ilə rədd edənləri qətiyyətlə rədd etmək lazımdır. Bir qədər açıq ifadə etsək, indi Azərbaycanda avtoritarizmin dərinləşməsində maraqlı olanların hamısı rus təhlükəsindən daha təhlükəlidirlər. Rus təhlükəsi faktoru əsdi-keçdi, Azərbaycandakı reallığı isə dəyişmək lazımdır. Qonşuların evində narahatlıqdan ürək-göbəyi düşən Azərbaycan hökuməti, eləcə də bu qəbildən olan bütün hökumətlər təhlükəlidir…