Etibar Hüseynov iddia edib ki, “Bakını ac-yalavac, mədəniyyətsiz, psixoz qaçqınlar korlayır”
Parlamentdə bu deputatın məsuliyyətilə bağlı məsələ qaldırılması üçün müraciət olundu
ANS-in efirində ötən bazar günü efirə gedən “Bazar səhəri Rövşanə ilə” verilişində deputat Etibar Hüseynovun çıxışı xüsusən sosial şəbəkələrdə ciddi ajiotaj yaradıb.
Etibar Hüseynov Bakıda ötən əsrin 60-70-ci illərində şəhər mədəniyyətinin indikindən üstünlüyünü və bu mədəniyyətin qaymağını ermənilər, ruslar, yəhudilərin təşkil etdiyini vurğulayaraq, bu ortamın Qarabağ problemindən sonra Bakıya axışan qaçqın və məcburi köçkünlər sayəsində dağıldığını deyib. Bu fikri o, mərifətdən uzaq və yersiz ifadələrlə canlı efirdən səsləndirib.
Onun sözlərinə görə şəhər mədəniyyətində boşluğun, problemlərin yaranmasının kökündə “radio, televiziya olmayan mühitdən çıxmış, etikaya, müasirliyə aidiyyəti olmayan, öz yaxınlarını itirib psixi gərginlik içində şəhərə axışan ac-yalavac məcburi köçkünlər və qaçqınlar” dayanır.
“Etibar bir az mədəniyyət öyrənsəydi, belə sözlər işlətməzdi”
Yuxarıda qeyd etdiyimiz kimi, Hüseynovun bu fikirləri sosial şəbəkələrdə sərt tənqid edilib. Ona deputat həmkarı Aqil Abbasdan cavab gəlib. “Görünür, Etibarın Qarabağ mədəniyyəti haqqında informasiyası azdır”, – deyə Qaradağdan olan deputat Aqil Abbas “azxeber.com”a açıqlamasında bildirib.
Aqil Abbas eyni zamanda, depuat həmkarını qarabağlılardan mədəniyyət öyrənməyə də çağırıb: “Bakıdan nə yahudilər, nə rusdillilər, nə də ki, başqa xalqlar köçməyib. Qarabağ müharibəsi illərində Bakıdan ancaq ermənilər köçüb. Digər tərəfdən, görünür, Etibarın Qarabağ mədəniyyəti haqqında informasiyası azdır. İmkanı varsa oturub, Qarabağ mədəniyyəti haqqında oxusun. Və görsün ki, Üzeyir Hacıbəyov haralıdır, Molla Pənah Vaqif haralıdır, Natəvan haralıdır, Əhməd bəy Ağayev haralıdır, Polad Bülbüloğlu haralıdır, Bülbül haralıdır, Fərhad Bədərbəyli haralıdır, Şəmsi Bədərbəyli haralıdır, Süleyman Rəhimov haralıdır, Dədə Şəmşir haralıdır, Ramiz Rövşən və yüzlərlə adını sadalaya bilmədiyim dahilər haralıdır. Etibar qarabağlılardan bir az mədəniyyət öyrənsəydi, belə sözlər işlətməzdi”.
“Vətənpərvər” çağırış
Ən müxtəlif formada ünvanına səslənən qınaqlara Etibar Hüseynov da “facebook” səhifəsində cavab verib. Buna “qaş düzəltmək istəyən yerdə göz çıxarmaq” da demək olar. Hüseynov heç kimi təhqir etmədiyini bildirib, ona irad tutanları isə “kar və kor” adlandırıb. Onun sərsəm fikirlərinə etiraz bildirənləri isə “vətənşüvən” adı altında ümumiləşdirərək, növbəti skandala səbəb olacaq sözlər yazıb: “Əgər aranızda belə qeyrəti qıcqıranlar varsa, onda bunu nümayiş etdirmək üçün “facebook” meydanına deyil, bu gün hələ də işğal altında olan müqəddəs Qarabağ meydanına üz tutun. Torpaqlarımızın 20 faizi işğalda, yüzlərlə qız- gəlinlərimiz hələ də girovluqdadır. Yol açıqdır. Cəsarəti, kişiliyi, qeyrəti olanlar buyursunlar. Yox, əgər getməyə kişiliyiniz və cəsarətiniz çatmırsa onda heç olmazsa susun. Sadəcə abrınıza qısılıb susun…”
Jurnalist deputatı susdurdu
Etibar Hüseynovun “vətənpərvər çağırışı” elə həmin statusda jurnalist İlqar Atabəylinin əks-arqumentləri ilə susdurulub. Aciz qalan Hüseynov statusa jurnalistin yazdığı şərhləri pozub.
İlqar Atabəyli bildirirdi ki, Qarabağdakı torpaqları azad etmək istəyənlər çoxdu, ancaq bunun üçün Ali Baş Komandanın əmri olmalıdır. Hüseynov isə cavab şərhində yazdı ki, məgər Suriyaya gedənlər əmrlə gediblər?
İlqar Atabəylinin cavabı:
“Deputatın sözündən belə çıxır ki, Azərbaycan vətandaşları prezidentin əmrini gözləməyərək qanunsuz silahlı birləşmə yaratmalı və cəbhəyə gedib vuruşmalıdır. Hər halda, Etibar Hüseynov bilməlidir ki, Suriyaya gedənləri 12 il həbs gözləyir.
Ona görə də məndə bəzi vacib suallar yarandı:
1. Siz, Azərbaycanı və Qarabağı Suriya hesab edirsinizmi?
2. Prezidentin Qarabağ siyasətini bəyənmirsinizsə, bunu açıq etiraf edin.
3. Azərbaycan Respublikasının Hərbi Doktrinasında nə yazılır: “50.2. Real təhdid dövründə başqa silahlı birləşmələrin vəzifə və tapşırıqları, eləcə də onların Silahlı Qüvvələrlə qarşılıqlı fəaliyyəti əvvəlcədən tərtib edilmiş planlar əsasında müəyyən edilir”.
Demək siz hərbi planları pozmaq, xalqı təxribata çağırmağa, hərbi doktrinanı pozmağa sövq edirsiniz!
4. “Müdafiə Haqqında Qanunda” vətəndaşların Ali Baş Komandanın əmri olmadan hərbi əməliyyatlara cəlb edilməsi qadağandır”.
Qarabağdan deputat olanlar mövqe ortaya qoysun!
Dünən “mediaforum”da Cəbrayıllıdan məcburi köçkün olan Qarabağ müharibəsi veteranı Vaqif Əlisoyun məsələ ilə əlaqədar Milli Məclisə, Qarabağdan seçilmiş deputatlara müraciəti yayıldı. Qarabağ qazisi, Etibar Hüseynovun minlərlə şəhid, əlil, veteranla yanaşı, bu deputatları da təhqir etdiyini vurğulayaraq, onlardan mövqe bildirmələrini istəyir: “Düşünürəm ki, onun əməli ölkədə sabitliyi pozmağa xidmət edir. Sizi təmsil etdiyiniz Qarabağ camaatına verdiyiniz sözü tutmağa çağırır, Etibar Hüseynovun məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarşısında qaldırmağınızı xahiş edirəm”.
Deputatın qınağı: “Gülüş hədəfinə çevrilmək asandır…”
Bu çağırışdan sonra Milli Məclisin bəzi üzvləri “modern.az”a açıqlamalarında qalmaqalla bağlı fikirlərini bölüşüblər.
“Etibar Hüseynov səsləndirdiyi fikirləri daimi yaşayış yerindən didərgin düşmüş 1 milyondan çox qaçqına və məcburi köçkünə ünvanlayıb. Çox təəsssüf doğuran haldır.
Yaxşı olar ki, əvvəlcə danışdığın mövzunu öyrənəsən, rəy verdiyin insanları tanıyasan, ondan sonra bu cür açıqlama verəsən. Sensasiya yaratmaq asandır, ancaq gülüş hədəfinə düşmək ondan da asandır”, – deyə deputat Bəxtiyar Əliyev bildirib.
“O insan ağıldankəmdir…”
Digər deputat Astan Şahverdiyev isə Etibar Hüseynova daim mənfi münasibət bəslədiyin açıqlayıb: “Deputat seçilsə də, fikrim dəyişməyib. Çox məsuliyyəətsiz adamdır. Ağlına nə gəlirsə, danışır. Qaçqın və məcburi köçkünlərlə bağlı dəfələrlə belə fikirlər səsləndirib. Hələ bir dəfə dedi ki, qaçqınlar hamıdan əvvəl qaçıb gəlib, özlərinə villalar tikiblər. O insan ağıldankəmdir. Bir dəfə Milli Məclisdə bildirdi ki, deputat nişanını taxmaqdan xəcalət çəkir. Sabir Rüstəmxanlı da onun cavabını verdi ki, heç sən ona layiq deyilsən. Etibar Hüseynovu icitimaiyyət bu cür tanıyır”.
“O, vətəndaşları prezidentə qarşı itaətsizliyə çağırır”
Başqa bir deputat Elman Məmmədov bildirib ki, bu cür fikirlərilə Etibar Hüseynov cəmiyyəti parçalanmağa sövq edir: “Hər hansı bir vətəndaş, xüsusilə də mandatı olan millət vəkili danışanda, hər hansı məsələyə münasibıət bildirəndə, gərək diqqətli ola. Azərbaycan hüquqi, demokratik dövlətdir. Azərbaycan vətəndaşları nə hərəkət etsələr, qanun çərçivəsində olmalıdır. Etibar Hüseynovun o fikri mənə belə deməyə imkan verir ki, o, dövlət vətəndaşlarını, qanuna, qanunçuluğa, prezidentimizə qarşı itaətsizliyə çağırır. Səsləyir ki, siz özbaşına Qarabağ torpaqlarına gedin. Bizim Ali Baş Komandanımız var. Onun nə vaxt əmri olsa, torpaqlarımızı işğal etməyə gedəcəyik. Etibar Hüseynovun o fikri, cəmiyyəti iğtişaşlara, təxribata təhrik edən bir fikirdir. İşğal altında olan torpaqlar təkcə qaçqınların, məcburi köçkünlərin deyil. O torpaqlar Azərbaycan xalqının torpaqlarıdır. Azərbaycan xalqının harada yaşamasından, hansı vilayətin sakini olmasından asılı olmayaraq, o torpaqların hər qarışı bizim üçün əzizdir. Azərbaycan xalqı torpaqlarını azad edəndə, baxmır ki, bu lənkəranlıdır, zəngilanlıdır. Etibar Hüseynov bu fikri ilə cəmiyyəti parçalanmağa sövq edir ki, guya, o torpaqlar ancaq qarabağlılarındır”.
S.Novruz