Alyansın Azərbaycanla bağlı planlarını Rusiya necə qarşılayacaq?
Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iki günlük müşavirəsi bir sıra mühüm qərarların qəbulu ilə yekunlaşdı. Alyans Şərqi Avropada kollektiv müdafiəni genişləndirmək niyyətini ortaya qoydu. Eyni zamanda NATO Rusiya ilə olan münasibətlərinə yenidən baxaraq əlaqələri kəsmək barədə qərar qəbul edib. NATO baş katibi Anders Foq Rasmussen Rusiya ilə münasibətlərə yenidən baxdığını xatırladıb: “Biz artıq praktik əməkdaşlığı dayandırmaq qərarı vermişik. Xarici işlər nazirlərinin bu addımı təsdiqləyəcəyini gözləyirəm”. Toplantı iştirakçıları müzakirələrini Ukraynadakı böhranla əlaqədar olaraq Rusiya ilə hərbi və mülki praktik əməkdaşlığın dayandırılması ilə bağlı bəyanat qəbul etməklə möhkəmləndiriblər.
Bəs qəbul olunan bu qərar Rusiyanın hansı reaksiyasına səbəb ola bilər? NATO-nun Əfqanıstandakı qoşunlarına silah-sursatın Rusiya ərazisindən daşındığı nəzərə alınarsa imtinanın bu istiqamətdə boşluq yaradacağı məlumdur. Belə olan halda isə Azərbaycandan olan daşımaların sayı arta bilər.
Vəfa Quluzadə: «Rusiya yürütdüyü siyasətdən sonra yenidən Qərblə «soyuq müharibəyə» hazır olmalıdır»
Politoloq Vəfa Quluzadənin də fikrincə, olduqca həsas durumda qəbul edilən bu qərar Rusiyanın sonrakı addımlarına təsir edə bilər. Rusiyanın Krımı işğal etməsiylə əlaqədar Rusiya-NATO münasibətlərinin böyük zərbə aldığını deyən V.Quluzadə vurğuladı ki, NATO Rusiya ilə bütün əməkdaşlığı dayandırsa da, hələlik Əfqanıstanda bu əməkdaşlığın davam etdirilməsi qərara alınıb: «Əslində Rusiya NATO ilə bütün sahələrdə əməkdaşlığının heçə enməsində maraqlı deyil. Ona görə də Rusiya da maraqlı olacaq ki, Əfqanıstan məsələsində NATO ilə əməkdaşlığını davam etdirsin. Ona görə bu əməkdaşlıq hələ davam edəcək. Çünki əgər Rusiya NATO-nun sərt addımlarına qarşı çıxış etsəydi, o zaman Kreml də alyansla əməkdaşlığına son qoyardı. Məhz belə olan halda NATO qoşunlarına silah-sursatı hansı ölkənin ərazisindən daşıyacağı qərarını verərdi. Bu zaman Azərbaycanla NATO arasında əməkdaşlığın daha da dərinləşməsi gündəmə gələrdi».
V.Quluzadə hesab edir ki, NATO Azərbaycanla bu istiqamətdə əlaqələri genişləndirməyə dair qərar qəbul etsəydi, o zaman ölkəmizi şimaldan gələ biləcək zərbələrdən də necə qorumağı düşünməli idi: «Rusiyanın atdığı addımlardan sonra artıq Qərb Kreml ilə hesablaşmaq fikrində deyil. Məsələn, Qərb açıq bəyanatlar verir ki, Ukrayna ilə Moldova da tezliklə NATO-ya qəbul olunacaq. Bu isə artıq Rusiyaya meydan oxumaqdır. Bundan başqa NATO Rusiyanın sərhədlərində qoşunlarını yerləşdirməkdədir».
Politoloq düşünür ki, Rusiya yürütdüyü siyasətdən sonra yenidən Qərblə uzun sürəcək «soyuq müharibəyə» hazır olmalıdır. «Rusiya artıq dünya iqtisadiyyatına daxil olub və ondan asılıdır. Rusiya qazının, neftinin alınması-satılması nəzarətdədir. Ona görə Qərblə qarşıdurma Rusiyaya yaxşı heç nə vəd etmir. Bu güclü qarşıdurmada güclü, varlı tərəf Qərbdir», deyə V.Quluzadə vurğuladı.
Xəyal