Məşhur filosof və riyazi məntiqin nəhənglərindən olan Bertran Rasselli bir dəfə onunla eyni universitetdə işləyən professor sorğu-suala tutdu. Çünki Rassel deyəndə ki, yalan bir mülahizənin təsdiqindən istənilən digər yalanın doğru olduğunu isbat etmək olar, həmin professor xeyli həyəcanlandı. Professor bir xırda yalanın necə dəhşətli yalanlara yol açacağını düşünüb, həm də şübhə etdi bu fikrə. Lakin Rasselin çox ciddi alim və fikir adamı olduğunu bilən professor dərhal suallara keçdi.
– Cənab, Rassel, siz ciddisinizmi bu fikrinizdə? Məsələn, “2 üstəgəl 2 bərabərdir 5″ kimi yalan mülahizə ilə sübut etmək olarmı ki, siz Roma papasısınız.
– Əlbəttə, – Rassel cavab verdi.
– Inanmaq olmur, siz bunu isbat edə bilərsinizmi?
– Bəli, – deyə, Rassel alim dostuna izah etməyə başladı:
1) Hesab edək ki, 2+2=5.
2) Hər iki tərəfdən 2 çıxaq və alınacaq: 2=3.
3) Bərabərliyin sağ və sol tərəflərini dəyişək: 3=2.
4) Hər tərəfdən bir çıxsaq, bərabərlik dəyişməz: 2=1.
Roma papası ilə biz – ikiyik. 2=1 şərti ödənirsə, onda biz ikimiz birik – bir şəxsik. Deməli, mən də Roma papasıyam.
…Iki məşhur alim arasında olmuş bu söhbəti xatırlamağımın səbəbi var.
Ötən günlərdə Bakıda bir professorla söhbətim oldu. Yaşlı, təmkinli, gülərüz, fiziki cəhətdən də kifayət qədər sağlam bir adamdır, amma təəssüf ki, bu xüsusiyyətləri də onunla söhbətimizin alınmasına kömək edə bilmədi. Deməli, məsələ belədir, mən yazılarımda mövcud hakimiyyəti tənqid edərkən tez-tez “yalan və talan ölkəni bürüyüb” ifadəsi işlədirəm, bu da həmin professoru qane etmir. Qane etmədiyini demək də düzgün olmaz, onun bu barədə tamam fərqli yanaşması var. Professor deyir ki, mən yalana çox da əhəmiyyət verməli deyiləm, dövlət, dövlətçilik, idarəetmə üçün yalan yolverilən bir şeydir, odur ki, biz talana qarşı çıxmalıyıq, yalanın olması o qədər faciə deyil.
Yaşlı, təcrübəli, savadlı bir adamın bu cür düşünməsinə heç sakit dayana bilmədim. Bildirdim ki, bu ölkədə talana qol-qanad verən də hətta savadlı adamların yalana zərərsiz baxmasıdır. Nəticədə talançılar yalan vasitəsi ilə ən yaxşı adam cildinə girir, ya da düz adamları ləkələyib, gözdən salıb, məhv edib öz hökmranlığını saxlayır.
Mübahisə uzandı, hörmətli professor məni aşırı idealizmdə, 1988-dən sonra Azərbaycanı bürüyən Cəbhəçi romantizmindən qınadı…
Nəhayət, mən ona yalanın nələr törətdiyini göstərən xeyli misallar çəkdim. Hakimin yalan hökmündən, polisin yalanla başqasını şərləməsindən, həkimin yalanla ölümə yol açmasından, məmurun yalanla talanları necə pərdələməsindən və s. Lakin həmsöhbətim mənə bunların ciddi əsas olmadığını deyirdi. Nəhayət, mən Bertran Rassellə digər professorun yuxarıdakı söhbətini danışdım…Təəssüflər olsun ki, yaşlı alimi öz səhv yanaşmasından çəkindirə bilmədim və yenə də bu hakimiyyətin əməllərinin miqyasını düşündüm: “Görün bir neylədirlər ki, adamlar yalana normal baxır…”
Yalanın qənimi
Bizim ölkənin yalnız həqiqətlə düzgün sabahlar quracağına inanıram. Mənə görə, bizim ölkənin ən böyük daxili və xarici düşməni yalandır və yalanın tərəfində olanlardır. Təəssüf ki, illərdir yalanla idarə olunur ölkəmiz. Amma bu ölkədə yalanın qənimi olan adamlar da var. Hər nəfəsləri yalana qarşıdır. Onlardan biri bənzərsiz insan və bənzərsiz yazar Zamin Hacıdır. Bunu yazmağımın da bir səbəbi var. Zamin Hacı dünən öz ad günündə telefonunu söndürmüşdü, Facebook səhifəsi bağlı idi. Amma bizdən qaça bilməz…
Gəlin buradan onu təbrik edək!