AXCP funksioneri hələlik evdə müalicə olunur
AXCP Ali Məclisinin sədri Həsən Kərimov gələn həftənin sonlarında ürəyindən əməliyyat olunmaq üçün Türkiyəyə gedəcək. H.Kərimovun sözlərinə görə, hələ ki həkim ona təyyarəyə minməyə icazə vermir: “Həkimin dediyinə görə, hələlik səhhətim buna imkan vermir. Hazırda evdə müalicə olunuram. Bir neçə gün həkimin yazdığı dərmanları qəbul etməliyəm. Amma növbəti həftənin axırına kimi Türkiyəyə gedəcəm”.
H.Kərimov əməliyyatdan sonra təxminən on gün xəstəxanada qalacağını, Azərbaycana isə türkiyəli həkimlərin razılığından sonra qayıda biləcəyini bildirir: “Orada da həkimlər təyyarəyə minməyimə nə vaxt icazə versələr, o vaxt qayıda biləcəm.
Xatırladaq ki, 2 aprel mitinqilə bağlı həbs edilərək Səbayel Rayon Polis Idarəsinə aparılan Həsən Kərimovun səhhəti elə həmin gün qəfildən pisləşmişdi. H.Kərimov idarədə 54 nəfərlə bir yerdə 25 kv.metrlik kiçik kamerada saxlanılmışdı. Ürəyində onsuz da problemlər olan H.Kərimovun vəziyyəti bu sıxlıq və havasızlığa görə daha da pisləşmiş və o, infarkt həddinə çatdırılmışdı. AXCP funksionerini əvvəlcə 4 saylı xəstəxananın reanimasiya şöbəsinə, sonra da Mərkəzi Klinik Xəstəxanaya aparmışdılar. Uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən H.Kərimov iki dəfə infarkt keçirib.
Gültəkin