Gözəl Bayramlı Bahar Muradovaya cavab verdi

«AXCP-yə üzv olmaq üçün hər gün onlarla adam müraciət edir»

2 aprel mitinqindən sonra müxtəlif vasitələrlə müxalifətin, xüsusilə də AXCP-nin üzərinə hücuma keçən Azərbaycan hakimiyyəti antitəbliğat kampaniyasını davam etdirir. Telekanallarda hər gün onlarla “zəhmətkeşi” müxalifət əleyhinə danışdırırlar. AXCP üzvü olmayan şəxslərin guya partiyadan istefa verməsi, partiya vəsiqələrini yandırması haqda bölgələrdən süjetlər yayımlanır. Vəziyyət o yerə çatıb ki, Milli Məclisin iclasları da müxalifət əleyhinə çıxışlara həsr olunub. Sonuncu iclasda vitse-spiker Bahar Muradova deyib: “Mitinq adına küçələrə çıxıb insanların əmlakına, mənəviyyatına, gələcəyinə, yaşayış tərzinə ziyan vuracaqlarsa, necə söz deməyək?”.
AXCP sədrinin müavini Gözəl Bayramlı “Azadlıq”a açıqlamasında deyib ki, 18 illik Əliyevlər hakimiyyəti Azərbaycan xalqının mənəviyyatını, milli dəyərlərini ayaqlar altına atıb. Onun sözlərinə görə, bununla bağlı kifayət qədər faktlar var: “Bunu bütün cəmiyyət bilir. Bahar Muradovanın fikirləri absurddur. Aprelin 2-də insanların əmlakına zərər vuranlar hakimiyyətin öyrətdiyi adamlardır. Hakimiyyət 2 aprellə bağlı cinayət işi açıb. Ortaya bir fakt qoya bilmirlər ki, mitinqə çıxan müxalifətçilərin hansı biri isanların əmlakına zərər vurub”.
G.Bayramlı AXCP üzvlərinin partiya sıralarını kütləvi şəkildə tərk etməsi haqqında xəbərləri də absurd adlandırıb: “Bu hakimiyyət həmişə deyirdi ki, müxalifətin dayağı yoxdur. Bəs bu adamlar hardan çıxdı? Hakimiyyət bu kampaniyalarla özü özünü inkar etmiş olur”.
AXCP sədrinin müavini deyib ki, son günlərdə partiyaya üzv olmaq üçün müraciət edənlərin sayı durmadan artır: “Telekanallarda göstərilən kadrlarda partiyamızın sıralarını tərk etdiklərini bildirən adamların heç birinin AXCP-yə aidiyyəti yoxdur. Hakimiyyətin növbədə saxladığı adamlar var. Ölkədə ictimai-siyasi vəziyyət dəyişən kimi o adamlar bəyanatlar vermək üçün istifadə olunur. Əvəzində isə pulla, vəzifə ilə mükafatlandırılırlar. Hər gün YAP-a nifrət edən, ondan imtina etdiyini bildirən onlarla şəxslə rastlaşırıq”.
Gözəl Bayramlı deyib ki, telefon nömrəsi “Azadlıq” qəzetində gedəndən sonra zənglər ara vermir: “Insanlar partiyaya üzv olmaq üçün müraciət edirlər. Onların arasında gənclər də, yaşlılar da, köhnə hərəkatçılar da var. Hər gün mənə üzv olmaq üçün müraciət edən 20-30 nəfəri şöbələrlə əlaqələndirirəm. Bu onu göstərir ki, cəmiyyət müxalifətin fəaliyyətinə dəstək verir”.

E.Həsənli