Bəs Azərbaycan müasir insan məskəni nə vaxt olacaq?

Elliklə gözümüz aydın! Xaçmazın bir kəndində qədim insan sümükləri tapılıb. Dünən tələm-tələsik bir alimi danışdırıblar, o da sevinc göz yaşlarını saxlaya bilməyərək deyib ki, bu, Azərbaycanın qədim insan məskəni olduğunu bir daha təsdiqləyir.

Gerizəkalı, keçmişə aludəçi rejimlərin adətidir: el-aləm gələcəyə doğru daha mətin addımlarla irəliləyərkən, onlar öz xalqlarını daha qədim, daha ibtidai olduğuna inandırmaq üçün əldən-ayaqdan gedirlər. Çünki belədə öz xalqını keçmişin qanunları ilə idarə etmək də asanlaşır. Sizi gələcək haqqında düşünməkdən çox öz qədimliyinizlə, arxaikliyinizlə qürur duymağa məcbur edirlər ki, əvəzində siz də onların sizi feodal çağlarının, quldarlıq dövrünün, hətta lazım gəlsə, lap ibtidai icma quruluşunun qanunları ilə idarə etməyə cani-dildən, səmimi-qəlbdən razılaşasınız. Tayfaçılığa, qəbiləçiliyə haqq qazandırasınız.
Üstəlik, özünü arxaik hesab edən xalqın heç demokratiya, azadlıq kimi ehtiyacları da olmur, o özünü eynən qədimlərdə – əsarətdə, köləlikdə olduğu kimi hiss edir. Padşaha

Allahın yerdəki kölgəsi kimi baxır.

Ona görə də Elmar Hüseynovun qatillərinin tapılmadığı bir ölkədə qədim insan sümüklərinin tapılmasının bu qədər şadyanalığa, toy-düyünə çevrilməsi təbiidir, rejimin maraqlarına tamamilə uyğundur. Bununla yaptokratlar həm də demək istəyirlər ki, guya bizim bircə dərdimiz, bir nömrəli problemimiz var, o da Azərbaycanı “qədim insan məskəni” kimi dönə-dönə, təkrar-təkrar hamıya sübut etməkdir.

Oysa ağlı başında olan, vicdanı yerində olan, əxlaqı korlanmamış hər kəs bilir ki, bu ölkənin bircə dərdi var – o da nəhayət, Azərbaycanı “müasir insan məskəni”nə çevirməkdir. Azərbaycan müasir, sivil, inkişaf etmiş insan məskəni olmayınca, nə qədər qədim insan məskəni olur olsun, bunun mənası nədir, faydası nədir?

Hakimiyyəti öz məntiqi ilə vurmaq…

Müxalifətin möhtəşəm 2 aprel mitinqindən sonra nə deyirdi rejim qulbeçələri, irtica yandaşları? “Aksiyada 300-350 nəfər iştirak edib” demirdilərmi? Deyirdilər. Sonra da əlavə etmirdilərmi: “Bunun özü göstərir ki, artıq müxalifətin heç bir sosial dayağı qalmayıb, xalq onlardan üz döndərib”. Edirdilər.
Indi gəlin bir anlığa hesab edək ki, doğrudan hər şey bunlar dedikləri kimidir. Sonra da günlərdir Əli Kərimlinin evi, Müsavatın qərargahı qarşısında hakimiyyətin təşkil etdiyi aksiyalara baxaq. Bu aksiyalara gətirilən adamların öyrədilmiş, ağzına yağ sürtülmüş, cibinə beş-üç manat dürtülmüş olmasını bir kənara qoyaq. Hesab edək ki, onlar həqiqətən də ürəklərinin səsi ilə gəliblər. Bəs sayları nə qədərdir? 100-150 nəfər.
Indi bunu necə başa düşək? Hər cür vəhşiliyi, qəddarlığı göz önünə alıb müxalifətin mitinqinə 350 adamın gəlməsi onun sosial dayağının olmamasının göstəricisidirsə, bəs hakimiyyətin qadağan etmədiyi, əksinə, iştiraka görə mükafat vəd etdiyi aksiyasına vur-tut 150 adamın gəlməsi nəyin göstəricisidir? Hakimiyyətin sosial dayağının fontan

urmasınınmı?

Nə deyim vallah, sizin məntiqinizi sevsinlər…
Liviyanın ANS-ə sıçraması

Günlərdir ANS-in saytında bu telekanalın prezidenti Vahid Naxışın “xüsusi müxbir” qiyafəsində oradan hazırladığı reportajlar yerləşdirilir.
Dünənsə saytda onun Liviyadan son vəziyyətlə bağlı müsahibəsini gördüm. Müsahibənin başlığı belə idi: “Allah belə vəziyyəti heç kimə göstərməsin!”. Cənab Naxış bununla Qəzzafinin ölkəsindəki durumun çox ağır olmasına işarə vururdu.
Bu müsahibənin qoyulduğu saatlarda bir başqa saytda – qafqazinfo.az-da ANS-dən aparıcıların kütləvi istefası haqqında xəbərlər bir-birini əvəz edirdi. Telekanalın işçiləri istefalarını maaşsızlıqla, iş şəraitinin olmaması ilə izah edirlər.

Məncə, Vahid Naxış Liviyaya gün ağlamaqdan vaz keçib, öz telekanalının çarəsinə baxsa, daha yaxşı olar. Necə də olmasa, “əvvəl evin içi, sonra çölü” deyiblər.