Yay vaxtına keçən ölkəni qış havası vurdu FOTO

Güclü külək və qəfil qar ölkənin əksər yerlərini işıqsız qoydu

Azərbaycan yay vaxtına keçsə də, qış havasını yaşayır. Ölkə saatın əqrəbini bir saat irəli çəkib yay vaxtına keçdiyi gecədən başlayan kəskin hava dəyişikliyi Bakıda və rayonlarda güclü külək, qar yağması ilə davam edib.

***

Həmişə olduğu kimi, bu dəfə də qar Bakını iflic edib. Paytaxtın Binəqədi rayonunda dünən gün ərzində bir neçə dəfə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Yollarda hərəkət etmək çətinləşib. Binəqədidən şəhərə gedib-gələn marşrutların hərəkətində problemlər yaranıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda güclü külək nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaradıb. Dərhal Fövqəladə Hallar Hazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xüsusi alət və avadanlıqlar vasitəsilə yaranmış təhlükə aradan qaldırılıb.
Oxşar hadisə paytaxtın Nərimanov rayonunda da baş verib. Parkın yaxınlığında yerləşən dükanlardan birinin dam örtüyü qopub.
Güclü külək Bərdə və Tərtər rayonlarını işıqsız qoyub. Külək elektrik dirəklərini aşırıb, naqilləri sıradan çıxarıb, ağacları aşırıb. Kəndlərin bəzilərində evlərin dam örtüyü uçub.
Goranboy rayonunun dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələri on santimetr qarın altındadır.
Qar Lənkəranın kəndlərində də problemlər yaradıb. Bir neçə ucqar kəndin rayonun mərkəzilə əlaqəsi kəsilib. Avtobusların hərəkəti məhdudlaşıb.
Gədəbəy, Şəmkir, Qazax, Daşkəsəndə də problemlər yaşanıb. Gədəbəy rayonunun dağ kəndlərində qarın hündürlüyü 40 santimetrə çatıb. “Kəpəz TV”nin məlumatına görə, Gədəbəydə yolları qar və buzdan təmizləmək üçün rayonun müxtəlif istiqamətlərinə 5 ağır texnika, 20-dən artıq canlı qüvvə cəlb olunub. “Azəryolservis” ASC tərəfindən göndərilən qum və duz qarışığı yollara səpilib, Gədəbəy-Şınıx avtomobil yolunda təhlükəsizlik tədbirləri görülüb.
Güclü qar səbəbindən 10-a yaxın kəndə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin sözlərinə görə, işığın kəsilməsinə səbəb naqillərdə yaranan qısaqapanmadır.
Qarlı hava şəraiti Şəmkirdə də bir sıra fəsadlar törədib. Rayonun elektrik təsərrüfatında bir sıra fəsadlar yaradıb. Naqillərda baş verən qısaqapanmalar nəticəsində rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.
Şəmkir elektrik şəbəkəsindən verilən məlumata görə, güclü qar və küləkli hava 30-a yaxın elektrik dirəyini aşırıb.
Qeyri-sabit hava şəraiti rayonun avtomobil yollarında da müəyyən çətinliklər yaradıb. Şəmkir-Gədəbəy avtomobil yolunda duman olduğundan hərəkət tam məhdudlaşdırılıb.
Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən hissəsindəki körpü keçidlərində yollar buz bağladığından uzun tıxaclar yaranıb.
Dağ rayonu olan Daşkəsəndə də qarlı hava müşahidə olunub.
Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, rayon mərkəzində qarın qalınlığı 10, dağ kəndlərində isə 20 santimetrə çatıb. Buna baxmayaraq, müvafiq strukturların həyata keçirdikləri tədbirlər nəticəsində yollarda hərəkət təmin olunub, yalnız bir neçə kənddə enerji verilişində qısa fasilələr olub.
Ölkənin bir sıra dağlıq rayonlarında qarın qalınlığı yarım metrə çatıb. Ən çox qar Qubanın Xınalıq kəndinə yağıb.
Şimal bölgəsində havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Qusarda mənfi 6 dərəcə, Qubada mənfi 5 dərəcə, bu rayonların dağ kəndlərində isə mənfi 6-11 dərəcə şaxtalı hava müşahidə olunub.

 

 

 

Ramin DEKO