Tarix yazmaq zor işdir. Ən azı, adi qələmlə deyil, qan-tər, itki, işgəncə, məhrumiyyət və əzab bahasına yazıldığına görə. Unutduğunuz tarixin kabusu dönüb-dolanıb bir gün qarşınıza çıxar. Bəlkə, zaman-zaman tarixin təkrarlanması da elə unutqan yaddaşları təzələmək üçündür. Nə yazıq, bəzən cəzasını çox ağır ödəməli olarsan bu tarix təkrarının…
Krımın işğalı da rus havası burnundan getməyənlər üçün bir xatırlatma idi, bəlkə də. Amma görünür, bəzilərinə bu qəsb göydəndüşmə bir fürsət olub. Adamlar xeyli qol-qanad açıblar. Hətta ürəklənib Bakıdan Moskvaya kommunist salamı göndərən miskinlər də var. BMT Baş Assambleyasının sessiyasında Krımda keçirilən referendumun əleyhinə 100 ölkə səs verib. 11 ölkə referendumun lehinə səs verib, yəni Rusiyanın tərəfini tutub. Bu ölkələrdən biri Ermənistandır. Başqa cür ola da bilməz. Söhbət bir türk torpağının ələ keçirilməsindən gedirsə, şadyanalıq edənlərin siyahısından erməni adı çıxmaması təəccüblü sayıla bilərdi. Bu işğalda Rusiyanı salamlayan kommunist və bənzərlərinin də onlardan bir fərqi yox. Baxın, tarixdə başımıza gələn bütün bəlaların içindən rus-erməni cütlüyü və kommunist tör-töküntüləri çıxmırmı?
Bu gün 30 martdır. Bu tarix sizə nəsə deməlidir. Unudanlar üçün xatırlada bilərəm. 1918-ci ilin (“http://az.wikipedia.org/wiki/1918)” bu günü rus-erməni silahlıları Bakıda misli görünməmiş qırğınlar törədiblər. Sonrakı günlərdə ölkənin başqa bölgələrinə sıçrayan qırğınlarda 50 min soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Xüsusi amansızlıqla həyata keçirilən qırğınlar zamanı kimsəyə aman verilməyib. Tarixi mənbələr yazır ki, o vahiməli günlərdə insanların gözlərini çıxarıb “gözmuncuğu” düzəltmək “dəb”ə düşmüşdü. Qadınları kütləvi şəkildə qılıncdan keçirib, parça-parça doğrayırdılar. Demək olar ki, Azərbaycanın əsas əraziləri zəbt olunduqdan sonra hədəf Gəncəni ələ keçirmək idi. Amma qardaş Türkiyədən gələn dəstək bu xain planı alt-üst etdi. Qafqaz Islam Ordusu bütün qəsb olunmuş bölgələri qaniçənlərdən təmizlədi və 1918-ci ilin mayında AXC (“http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Xalq_C%C3%BCmhuriyy%C9%99ti”) hökuməti quruldu.
Biz bu tarixi bir dəfə deyil, dönə-dönə yaşamışıq. Lakin unutqan millətik ki, bir ibrət dərsi almamışıq. Heç alana da bənzəmirik. Bəzən bu unutqanlıqla edilən haqsızlığın sərhədləri nankorluğa qədər uzanır. O qan-qadalı illərdə bu torpaqlar üçün şəhid düşən Mehmetciklərin ruhuna minnətdar olmaq əvəzinə, içində “türk düşmənçiliyi” gəzdirən azmı nankor var aramızda? Bəzən, bu üstüörtülü nifrətin ətrafa sıçraması kiçik bir qığılcıma bənd olur. Necə ki, bu, Krım məsələsində özünü göstərdi. Burada oturub, rusun Ukraynadakı işğalçılığına əl çalan, Krım müdafiəçilərini məsxərəyə qoyan həmin nankorlar üçün tarixin nə qədər təkrarlanması lazımdır?
31 mart Azərbaycanda rəsmi şəkildə soyqırım günü kimi qəbul edilib. Bu gün, ümumiyyətlə, əsrlərdən bəri rus-erməni fitvası ilə qətlə yetirilən on minlərlə Azərbaycan türkünün soyqırım tarixi olaraq anılmalıdır. Bizi 1918-ci ildən yüz ilə yaxın zaman ayırsa da, 1988-ci il uzaq tarix deyil. O tarixdən başlanan Qarabağ savaşlarında həyatını itirən məsum insanlarımızın sayı 16 mindən artıqdır. Əgər tarixi xatırlamaq və gerçəkləri görmək çox zordursa, heç olmasa, bu günahsız insanların ruhundan abır-həya eləmək lazımdır. Şər deməsən, xeyir gəlməz. Sabah Qarabağla bağlı bənzər durum yaransa, bu nankorların rus-erməni tərəfində yer almayacağına kim təminat verə bilər?