Məlumatı Suriya toplantısına qatılan dörd vəzifəli şəxsdən biri sızdırıb?
Ankara Prokurorluğu casusluq ittihamı ilə başlanan təhqiqat çərçivəsində ilk həbsi həyata keçirdi
Türkiyə XİN-də Suriya ilə bağlı keçirilmiş məxfi toplantının səs yazısının yayılmasından sonra casusluq ittihamı ilə başlanan təhqiqat çərçivəsində ilk həbs həyata keçirilib. Tanınmış jurnalist-yazar Öndər Aytaç martın 29-na keçən gecə həbs edilib. Fətullah Gülən icmasına yaxın olan Ö.Aytaç Ankarada saxlanılıb. Və bu zaman vəkilinin belə, onunla gəlməsinə imkan verilməyib.
Jurnalisti həbsə atdıran çıxış…
Aytaçın saxlanılmasına martın 26-da “Samanyolu” kanalında yayımlanan bir verilişdə səsləndirdiyi fikirlər səbəb olub. Həmin verilişdə jurnalist seçki ərəfəsində Türkiyə hökumətinin Suriyaya hərbi müdaxilə etməyə hazırlaşdığını və bundan xal qazanmaq üçün istifadə edəcəyini bildirib: «Aranı qızışdırmaq və bu prosesin gedişində özünü zərərçəkən, əzilmiş kimi göstərməklə səs qazanmaq istəyirlər. Suriyadakı Süleyman Şah türbəsinin İŞİD-in (İraq Şam İslam Dövləti – «Əl-Qaidə»yə bağlı təşkilat) və ya başqa bu kimi dəstənin əlinə keçməsini təmin edəcəklər. Türk torpağında Türkiyə bayrağı endiriləcək. Türkiyə Silahlı Qüvvələri isə kameraların müşayiəti ilə əməliyyat keçirəcək. Əslində isə bunu görüntü yaratmaq məqsədi üçün edəcəklər. Və türk bayrağı yerinə asılacaq. Əməliyyat üçün hər şey hazırlanıb. Seçki öncəsi ən böyük reklamları bu olacaq».
Məhz Aytaçın bu çıxışından sonra internetdə gizli səs yazısı yayılıb. Səs yazısından aydın olur ki, xarici işlər naziri Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargahının 2-ci rəisi Yaşar Gülər gizli toplantıda Suriyaya hərbi müdaxilə üçün səbəb tapılması məsələsini müzakirə edirlər. H.Fidan hərbi müdaxiləyə əsas yaratmaq məqsədilə lazım olsa Suriyaya adamlar göndərib Türkiyə ərazisinə raket atdıra biləcəyini, eyni zamanda Suriyadakı Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə hücum təşkil edə biləcəyini deyir. (Süleyman Şah Osmanlı dövlətinin qurucusu Osman Qazinin babası olub. Onun məzarı hazırda Suriyada olsa da, həmin məzarın yerləşdiyi türbə Türkiyə ərazisi sayılır və türk əsgərləri tərəfindən qorunur).
«Susdurmaq, «göz dağı» vermək istəyirlər»
Polis tərəfindən saxlanılan jurnalist Öndər Aytaç dünən səhər saatlarında ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Azadlığa çıxan kimi açıqlama verən Aytaç bildirib ki, bu cür həbslərlə onun kimi düşünən insanları seçki dövründə susdurmaq istəyirlər. Xaricə qaçacağı ilə bağlı yayılan xəbərlərə isə jurnalist «Heç yerə getmirəm, bu ölkə bizimdir» deyərək cavab verib. Aytacın sözlərinə görə, polisdə ona «Xəfiyyəsiniz?», «Səs yazısında yer alan məqamları birə-bir haradan bilirdiniz?» kimi, suallar veriblər. Buna qədər də Xarici işlər naziri Əhməd Davudoğlu, CHP başqanı Kamal Kılıçdaroğlu, MHP başqanı Dövlət Baxçalının məlum mövzuyla bağlı açıqlamalarının olduğunu xatırladan jurnalist məsələnin dəfələrlə sosial şəbəkələrdə də müzakirəyə çıxarıldığını bildirib: «Verilişdə öz qiymətləndirməmi vermişəm. Həbsimlə bağlı qərar nə hüquqa, nə qanuna uyğundur. Sadəcə «göz dağı» vermək istəyirlər».
Kılıçdaroğlunun da ifadəsi alınacaq
Türkiyənin enerci naziri Taner Yıldız qatıldığı televiziya proqramlarından birində Suriya ilə bağlı məxfi müzakirənin səs yazısının yayılması məsələsinə toxunub. Nazir bildirib ki, bu xüsusda CHP lideri Kamal Kılıçdaroğlunun da ifadəsi alınacaq: «Yalnız bir partiyanın deyil, dövlətin təhlükəsizliyi ilə bağlı mövzu açılıb. Bu mövzu ilə bağlı bütün partiyaların həmrəy olması lazımdır. Bu dinləməni kimlər həyata keçiribsə, onlarla dövlətin dili ilə danışılmalıdır. Təbii olaraq bir sualımız da var. Hörmətli Kılıçdaroğlu bunu bilirdi. Kimlərdən, hardan almışdı bu xəbəri? Şübhəsiz, özü bilir. Onun da ifadəsi mütləq alınacaq. Zənnimcə, o da bu məlumatı kimlərdən aldığını açıqlayacaq. Madam ki, milli təhlükəsizliyimizə aidiyyəti olan belə vacib məsələ var, nəyə görə bunları lazımi qurumlara bildirmirsən? Bir partiya qayğısı ilə yox, millətimizin təhlükəsizliyini düşünən biri olaraq hərəkət etsəydiniz, bunu baş nazirlə bölüşərdiniz. Bu baxımdan hadisəni bir neçə yöndən araşdırmaq lazımdır”.
Ərdoğan yenə Güləni hədəf aldı: «Bu, Vətənə xəyanət deyil, nədir?»
Son mitinqlərin birində səsi batan baş nazir Rəcəb Tayyib Ərdoğan həkimlərin təkidinə baxmayaraq, yenidən meydanlara çıxıb. Dünən İstanbulda keçirilən təşviqat mitinqlərinin birində Ərdoğan növbəti dəfə Suriya ilə bağlı yayılmış gizli səs yazısından danışıb: «Suriyanın şimalındakı Süleyman Şah türbəsinin qorunması üçün lazımi qurumlara təlimat vermişik. Bununla bağlı toplantı keçirmişik. Bu alçaqlar bunu da dinləyiblər. Dinləməklə kifayətlənməyiblər, internetdə də yayıblar. Mən Pensilvaniyaya könül verən qardaşlarıma (Fətullah Gülənin tərəfdarlarını nəzərdə tutur-red:) səslənirəm. Bu Vətənə xəyanət deyil, nədir? Bu ana qədər Kılıçdaroğlunun, Baxçalının ağzından bir söz çıxmayıb. Çıxmaz da. Dünyanın heç bir yerində belə şey – dövlətə xəyanət məsələsində iqtidarla birləşməyən müxalifət görə bilməzsiniz. Təəssüf ki, bizdəki müxalifət belədir».
«Yerin dörd qat aşağısında, işarələrləmi danışaq?»
Baş nazirin müavini Bülənt Arınçın da məsələ ilə bağlı açıqlaması sərt olub: «Kimdir, haradır, hansı ölkənin kəşfiyyatıdır, hansı alçaqdır – hələ ki bilmirik». Dinlənilməni önləmək üçün yetərli tədbirlərin alınmaması ilə bağlı səslənən iradlara isə Arınç belə cavab verib: «Bu cür toplantıları təcrid olunmuş, yerin dörd qat aşağısındamı keçirməliyik? Yəni danışmayaq? Yoxsa işarələrlə danışaq? Bunu dinləmək böyük alçaqlıq və xainlikdir».
Mediaya səs yazısı ilə bağlı qadağa…
Qeyd edək ki, gizli səs yazısı ilə bağlı istintaqı Ankara Cümhuriyyət Prokurorluğu aparır. Türkiyənin Teleradio Şurası isə (RTÜK) istintaq yekunlaşana qədər səs yazısı ilə bağlı yazılı və elektron KİV-lərə bu mövzu barədə hər hansı məlumat yaymaq qadağası qoyub.
Ekspert: Bu cür otaqları dinləmək «qeyri-mümkündür»
Qeyd edək ki, səs yazısının yayıldığı gündən bu yana hər kəs XİN-də «Sağır oda» (kar otaq) adlanan yerin necə dinlənə biləcəyini müzakirə edir. Müxalifət və bəzi ekspertlər hesab edir ki, bunlar dinlənilməyə qarşı tədbir görülən xüsusi otaqlardır. Belə olan halda da mediada maraqlı iddialar səsləndirilir. Məsələn, casus məlum toplantıya qatılan dörd vəzifəli şəxsdən biridirmi? Və ya cihaz onların xəbəri olmadan üzərlərinə və ya mobil telefonlarına yerləşdirilibmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Cəlaləddin Yavuz hesab edir ki, «sağır oda» dinlənilməyə qarşı tədbir alınmış otaq deməkdir: «Yəni içəridə danışılanların bayırda eşidilməyəcəyi bir məkandır. Belə otaqdan məlumat sızıbsa, bunun ən bəsit yolu «böcək»dir (dinləmə cihazı). Və ya dörd nəfərdən biri bilərəkdən və ya bilməyərəkdən bunu edə bilər. Çünki bu adamlar nazirliyə daxil olarkən yoxlanılmırlar».
«İçəridən sızdırılıb»
Hazırda prokurorluqla yanaşı, ölkənin Milli İstihbarat Təşkilatı və Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı araşdırma aparır. XİN-in vəzifəli şəxslərindən biri mətbuata açıqlamasında bu işin xarici kəşfiyyat tərəfindən təşkilini istisna edib. Onun sözlərinə görə, məlumat birmənalı olaraq içəridən sızdırılıb. Məlum otağın təhlükəsizliyinin yüksək səviyyədə olduğunu bildirən XİN təmsilçisi prosesin otağın içindən həyata keçirildiyini deyib.
Medianın iddialarına görə, araşdırmalar zamanı dinləmə cihazının tapılmaması onu deməyə əsas verir ki, cihazı yerləşdirən şəxs məlum otağa girib-çıxan biridir. Və bu şəxs istədiyi zaman cihazı yerləşdirə və ya götürə bilir. Bu səbəbdən də hazırda Davudoğlunun iş otağına girib-çıxan bütün əməkdaşlardan ifadə alınır (haberler.com).
Gültəkin