Azərbaycanın əlinə düşən qızıl fürsət

“Ermənistanın Rusiyanı dəstəkləməsi beynəlxalq aləmdə Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərini möhkəmləndirə bilər”

“Azərbaycan Qərblə münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmalıdır”

Məlum olduğu kimi, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında dünya dövlətlərini Krım və Sevastopolun statusunun dəyişdirilməsini tanımamaq çağırışının əks olunduğu qətnamə qəbul olunub və BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Sessiyada Krımda keçirilən referendumun əleyhinə BMT üzvü olan 100 ölkə səs verib. 11 ölkə referendumun lehinə səs verib, 58 ölkə isə bitərəf qalıb. Qətnamənin lehinə səs verənlər arasında Azərbaycan, Rusiyanın mövqeyini dəstəkləyib qətnamənin əleyhinə çıxanlar arasında Ermənistan da var. 

Bu fakt Azərbaycanı Rusiyanın hədəfinə çevirməklə yanaşı ölkəmizin beynəlxalq aləmdə mövqelərini də möhkəmləndirə bilər. Çünki Rusiya beynəlxalq aləmlə problem yaşadığı bir dövrdə ona dəstək verən işğalçı Ermənistanın da mövqeləri zəifləyə bilər. Azərbaycan bu fürsətdən necə istifadə edəcək?

Ekspertlər hesab edir ki, ərazisi işğal altında olan dövlət BMT-də keçirilən səsvermədə bir dövlətin başqa dövləti işğalı faktını dəstəkləyə bilməzdi. Məhz Dağlıq Qarabağ probleminə görə Azərbaycan hakimiyyəti Rusiyanı yox, ərazisi işal olunmuş Ukraynanı dəstəklədi. Artıq çoxdan Rusiyanın bir subyekti kimi qəbul edilən Ermənistan Rusiyanı dəstəkləməyə bilməzdi. Bu hadisə bir daha onu göstərdi ki, dünya işğalçı dövlətlərə qarşı sərt mövqe göstərmədikcə bu pis nümunə yayılmaqda davam edəcək. 

Ekspertlərin fikrincə, bu gün bütün Qərb dünyası ilə açıq qarşıdurmada olan Rusiyanı Ermənistanın dəstəkləməsi beynəlxalq aləmdə Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərini möhkəmləndirə bilər. Bunun üçün Azərbaycan hakimiyyəti bu sahədə aktiv diplomatiya aparmalı və Qərb dünyası ilə bu vaxta qədər olan insan hüquq və azadlıqları ilə bağlı problemlərdə anlaşma əldə etməlidir. Azərbaycan Qərblə münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmalı və Qarabağ probleminin ədalətli həlli üçün daha böyük səylər göstərməlidir.

Ekspertlərə görə, Krımın işğalı nəticəsində Qərblə Rusiyanın münasibətləri bir çox parametrlər üzrə “soyuq müharibə” dövrünə qayıdır. Rusiyanın Krmı məsələsində müvəqqəti uğuru gələcəkdə bu ölkənin Sovet İttifaqının taleyini yaşamasını qaçılmaz edəcək. Rusiya ilə münasibətlərdə çox çəkingən mövqedə durmaq yaxşı heç nə vəd etmir. Müəyyən qədər duruş, mövqedən geri çəkilməməkdə qətiyyət göstərmək çox böyük əhəmiyyət kəsb edir. Rusiya ilə mövcud əlaqələrə xələl gətirmədən müəyyən edilmiş mövqedə prinsipiallıq göstərmək çox vacibdir. Krımın işğalından sonra Qərblə açıq qarşıdurmada olan Rusiyanın Cənubi Qafqazda sərt addımlar atacağı çox az ehtimal olunan məsələdir.

Fizzə