ABŞ-ın keçmiş səfiri: “NATO hərəkətə keçməlidir”

BMT Baş Assambleyası 16 mart Krım referendumunu tanımayan qətnamə qəbul edib. Baş Assambleyanın 100 üzvü qətnamənin lehinə, 11 ölkə əleyhinə səs verib, 58 ölkə bitərəf qalıb. “Ukraynanın ərazi bütövlüyü” adlı A/68L.39-cu qətnamədə qeyd olunur ki, Krım referendumu “heç bir hüquqi qüvvəyə malik deyil, Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunun dəyişdirilməsi üçün əsas ola bilməz”, – sənəddə deyilir.

Qeyd edək ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsinə səs verib. Rusiya Federasiyası, Belarus, Zimbabve, Venesuela, Suriya, Ermənistan, Şimali Koreya, Kuba, Nikaraqua, Sudan qətnamənin əleyhinə səs veriblər.

ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker Turan agentliyinə bildirib ki, hazırda çox mühüm məqamdır. “Moldova, Gürcüstan, Ukrayna və Azərbaycan kimi NATO üzvü olmayan ölkələr NATO-nun özünü necə aparacığını müşahidə edir: Rusiyanın dərsini verəcək, yoxsa Moskvanın keçmiş SSRİ-nin hissələrini necə topladığını seyr edəcək. Buna yol verməmək üçün başda ABŞ olmaqla NATO hərəkət etməlidir”,  o vurğulayıb.

Senator Makkeyn deyib ki, NATO tərəfdaşları Rusiyanın artan aqressiyası fonunda müdafiə xərclərini artırmalıdır. O həmçinin NATO-nu Vladimir Putinin ambisiyasını və onun əraziləri zəbt etmək cəhdlərini dəyərləndirməyə çağırıb.