Əliyev Berdumuhəmmədovu nə üçün dəvət etdi?

Səfərin məqsədinin Avropanın Rusiyanın qaz aslılığından xilas etmək olduğu deyilir

Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdumuhəmmədovu Azərbaycana səfərə dəvət edib. ANS PRESS-in məlumatına görə, səfərin tarixi isə diplomatik nümayəndələrin danışığından sonra məlum olacaq. Ekspertlərin fikrincə, bu səfərin məqsədi Avropanın Rusiyanın enerji aslılığından qurtulması üçün Azərbaycan və Türkmənistan qazından istifadədir. Belə ki, bir müddət əvvəl AB rəhbərliyi bu barədə geniş müzakirələr apararaq, Rusiyadan enerji aslılığını aşağı salmağı qərara alıblar. Bu arada Avropanın Rusiyanın «Cənub Axının»dan imtina etməsi AB-nın bu istiqamətdə iddialı olduğunu deməyə əsas verir. Bəs Türkmənistan bu proyektin gerçəkləşməsinə razılıq verə bilərmi? Rusiyanın bu proyektin reallaşmasına reaksiyası necə ola bilər?

İlham Şaban: «Türkmənistan qazı təklif etsə də onun daşınmasıyla bağlı riskləri üzərinə götürmək istəmir»

Ekspert İlham Şaban bildirdi ki, Türkmənistan 2007-ci ildən Qərbə qaz satışını reallaşdıra biləcəyi ilə bağlı çeşidli bəyanatlar verib. Bu proyektin mümkünlüyünün Xəzər vasitəsilə gerçəkləşməsinin bir neçə dəfə qeyd edildiyini deyən İ.Şaban vurğuladı ki, amma Türkmənistan eyni zamanda onu da diqqətə çatdırıb ki, onlar layihənin gerçəkləşməsiylə bağlı riski üzərlərinə götürmək istəmirlər: «Türkmənistan qazı təklif etsə də onun dahınmasıyla bağlı riskləri üzərinə götürmək istəmir. Əgər Avropa bu riskin altına girirsə bu proyekt gerçəkləşə bilər. Azərbaycan isə bu məsələdə tranzit ölkə kimi çıxış edir. Türkmənistan prezidentinin də Azərbaycana səfəri  və burada söyləyəcəyi fikirlər siyasi bəyanat ola bilər. Amma real addımlar Avropadan və Avropa şirkətlərindən olmalıdır. Əgər maliyyə dəstəyi olmayacaqsa, NABUCCO kimi bu layihə də yarımçıq qala bilər».

Vəfa Quluzadə: «Hazırkı situasiyada Qərb Azərbaycan və Türkmənistana ciddi dəstək verməlidir»

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Avropanın Rusiyanın qaz aslılığından xilasında Azərbaycan və Türkmənistanın adının çəkilməsi artıq Rusiya tərəfindən çeşidli addımların atılmasına səbəb olub. Cəbhə xəttində atəşkəsin pozulmasını təsadüfi saymayan V.Quluzadə vurğuladı ki, Rusiyanın Dağıstanda hərbi təlimlər keçirərək, əraziyə hərbi texnika cəmləməsi Azərbaycana bir mesajdır: «Rusiya BMT-dəki səsvermədə Azərbaycanın mövqeyindən narazıdır. İkincisi, Rusiya Azərbaycana xəbərdarlıq edir ki, əgər Avropanı enerji aslılığından qurtarsanız, aqibətiniz pis olacaq. Ona görə düşünürəm ki, hazırkı situasiyada Qərb Azərbaycan və Türkmənistana ciddi dəstək verməlidir. Hətta Azərbaycana əsgəri  dəstək də etmək olar. Qərb bu məsələlərdə bir qədər qətiyyətli davranmalıdır. Azərbaycanın Rusiyanın növbəti koloniyasına çevrilməsinə icazə vermək olmaz».

Xəyal