Neft Şirkətində ixtisarlar davam edir

Məhəmməd Talıblı: «Bu gün baş verən ixtisarların səbəbi, vaxtilə həyata keçirilmiş bərbad kadr siyasəti ilə bağlıdır»

Hələ bir müddət əvvəl məlumatlar yayılırdı ki, Neft şirkətində iri miqyaslı ixtisarlar olacaq. Keçən dövr ərzində bu məlumatlar özünü təsdiqləməyə başladı və müxtəlif şirkətlərdə ixtisarlar həyata keçirildi. Son olaraq bildirildi ki, “Qarasu OIL” əməliyyat şirkətinin mühafizəsini həyata keçirən “Titan” şirkəti 100-ə yaxın əməkdaşı ixtisar edib. Verilən məlumata görə, işdən çıxarılan mühafizəçilərin şikayət ərizəsinə baxılır və şirkətə qarşı məhkəmə iddiası qaldırılacaq.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı da öz “facebook” səhifəsində son ixtisarlarla bağlı bunları yazıb: “ARDNŞ-nin struktur bölməsi olan ”Azneft” IB-nin idarə və müəssisələrinə işçilərin sayını azaldılması ilə bağlı sərəncam göndərilib. “Azneft” IB-nin tərkibində 11 neftqazçıxarma idarəsi fəaliyyət göstərir. NHMT-yə daxil olan məlumata görə, hər idarədən təqribən 250-400 nəfər işçinin ixtisara düşəcəyi gözlənilir. Bununla əlaqədar dəqiqləşdirmələr aparılır”.

Redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, Neft Şirkətinin bəzi strukturlarında iş saatı azaldılıb və əmək haqları aşağı salınıb. Belə ki, 12 saat işləyib 500 manat əmək haqqı alan işçilər, 8 saat işləyəcəklərinə görə 350 manat əmək haqqı alacaqlar. Digər məlumatlarda isə bildirilir ki, bir neçə mühafizə şirkətində işçilərin maaşı 600 manatdan, 300 manata endirilib. Göründüyü kimi ixtisarlara start verilib və müxtəlif formalarla insanlar əmək haqqından məhrum olunur. 

Bu faktlar həm də onu göstərir ki, uzun illərin inkişaf proqnozları sadəcə nağıl imiş. Bəs, ölkəyə daxil olan milyardlarla pul hara gedir, niyə Neft Şirkəti pul qıtlığı yaşayır? Dünyanın müxtəlif ölkələrində milyonluq layihələr həyata keçirən Neft Şirkəti, niyə öz işçisinə pul verə bilmir?

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, baş verənlər səriştəsiz kadr siyasətinin nəticəsidir və ölkə sosial gərginliyin artmasına xidmət edəcək: “Azərbaycana böyük neft pulları 2005-ci ildən sonra gəlməyə başladı. Bu müddət ərzində neft hasilatı artmışdı və dünya bazarında neftin əlverişli qiyməti hökm sürürdü. Bu da Neft Şirkətinin gəlirlərinin artmasına səbəb olurdu. Ona görə də şirkət sürətlə əlavə işçilər götürməyə start verdi, paralel strukturlar yaradıldı, yeni vəzifələr müəyyən edildi. Bu isə ümumilikdə idarəetməni çətinləşdirirdi və Neft Şirkətinin xərclərini artırırdı. Baş verənlər uzaqgörənliyin olmaması ilə bağlı idi. Həmin ərəfədə müxtəlif təhlükəsizlik, mühafizə idarələri yaradıldı. Yəni bugünkü ixtisarların səbəbi uzun illər öncədən başlamışdı. Indi isə Neft Şirkəti sürətlə investisiya layihələri həyata keçirir, uzunmüddətli kreditlər götürür və digər lüzumsuz xərcləmələrlə məşğuldur. Bu halda isə xərclərin və gəlirlərin balansını təmin etmək çətin olur. Indi Neft Şirkəti bu artıq yükdən azad olmaq istəyir. Bunun da çarəsini ixtisarlarda, əmək haqlarının azaldılmasında görürlər. Nəticə etibarilə ölkədə sosial gərginlik, əmək bazarında əlavə çətinliklər yaranacaq. Vaxtilə həyata keçirilmiş bərbad kadr siyasəti indi öz acı nəticələrini verməkdədir”.

Akif