ABŞ kəşfiyyatından təhlükəli müharibə xəbərdarlığı

Rusiya Şərqi Ukraynaya və Baltikyanı ölkələrə qoşun yeridə bilər 

Vəfa Quluzadə: «Rusiya NATO üzvü olan ölkələrinin ərazisinə müdaxilə etsə, bu qurumun kollektiv cavabı ilə üzləşməlidir»

ABŞ kəşfiyyatı Rusiyanın Şərqi Ukraynaya qoşun yeritmək ehtimalının yüksək olduğunu müəyyənləşdirib. Artıq bununla bağlı Konqres də məlumatlandırılıb. Rusiyanın Luqansk, Donetsk, Xarkov şəhərlərinə zərbə endirəcəyi və bəzi Baltikyanı ərazilərə hücum edəcəyi də istisna edilmir. 

NATO qüvvələrinin komandanı Filipp Bridlav konqressmenlərə bildirib ki, sərhədə cəmləşdirilən qüvvələr bunun üçün kifayətdir. Amerika kəşfiyyatı Rostov-na-Donu, Kursk və Belqorod rayonlarına 30 mindən çox əsgərin cəmləşdirildiyini deyir. Bu isə qəfil hücum üçün kifayətdir.

Rusiyanın Krımda həyata keçirdiyi əməliyyatlara cavab olaraq Avropa və ABŞ bu ölkəyə qarşı sanksiyaların tətbiq ediləcəyini bildirsə də, bu Moskvanı əməllərindən çəkindirmir. Kreml nəinki sanksiyalardan ehtiyatlanmır, hətta bu hədələrdən sonra daha sərt addımlar atmaq niyyətində olduğunu nümayiş etdirir. Lakin Ukraynanın digər regionlarına, həmçinin NATO üzvü olan Baltikyanı ölkələrə təhlükə artıq Qərbi daha sərt addımlar atmağa vadar edə bilər. 

Politoloq Vəfa Quluzadə Rusiyanın Ukrayna və Baltikyanı ölkələrdə genişmiqyaslı əməliyyatlarının müharibə elanı olacağını deyir. Çünki Baltikyanı ölkələr NATO üzvüdür. Əgər Rusiya cəsarət edib NATO üzvü olan ölkələrinin ərazisinə müdaxilə etsə, bu qurumun kollektiv cavabı ilə üzləşməlidir. Bu isə müharibə deməkdir. 

Bununla belə ekspert Rusiyanın Şərqi Ukraynaya qoşun yeritməsini mümkün hesab edir. Belə olan halda Moskva daha sərt sanksiyalara hazır olmalıdır. Eyni zamanda ABŞ-ın Şərqi Avropada hərbi qüvvələrinin sayı çox kəskin sürətdə artırıla bilər. Bu isə hərbi qarşıdurmanın başlanqıcı ola bilər: «Rusiyanın Krımla kifayətlənəcəyinə inanmıram. Çünki Rusiya Ukraynanın dağılmasını, federallaşmasını istəyir. Rusiyanın buna nail olmaq üçün imkanları da var. Ukraynanın cənub, şərq hissəsində əhaliin əksəriyyəti ruslardan ibarətdir və onlar Moskvadan idarə olunurlar. Ona görə Rusiyanın imkanları var ki, Ukraynanın Amerikanın, NATO-nun təsiri altına düşməməsi üçün orda stabilliyi tamamilə pozsun».

Ekspert bunun qarşılığından Qərbin hazırkı sanksiyalarının gülünc olduğunu da qeyd etdi. Daha sərt sanksiyalar üçün Avropa öz rahat həyatından, ilk növbədə Rusiya qazından imtina etməlidir: «Rusiya qazına alternativ tapana qədər Avropa gərək kəmərini möhkəm çəkib gözləsin və Rusiyaya dirəniş göstərsin. Qərbin indiki sanksiyaları daha çox Putinə mesajdır. Yəni əgər Ukrayna ilə işin olmasa, Krımın anneksiyası ilə barışa bilərik. Putin isə bunu belə başa düşə bilər ki, kim Krımın anneksiyası ilə barışıbsa, Ukraynanın parçalanması ilə də barışacaq. Ona görə də Putinin Ukraynaya qoşun yeridib onu parçalaması reallıqdır».

Fizzə