AXCP fəalının məhkəməsində gözlənilməz addım

2 aprel mitinqilə bağlı istintaqa çağırılanların sayı niyə artır?

2 aprel mitinqilə əlaqədar inzibati qaydada sutkalıq həbs cəzası alan AXCP fəalı Inqilab Kərimovun işilə apellyasiya şikayətinə baxılıb. Bu barədə “Azadlıq”a məlumat verən I.Kərimovun vəkili Elçin Namazovun sözlərinə görə, hakim Rizvan Səfərovun sədrliyilə keçirilən məhkəmə prosesində gözlənilməz bir hadisə baş verib. I.Kərimova verilən cəzada heç bir dəyişiklik olmasa da, ona qarşı irəli sürülən ittihamlardan biri ləğv edilib: “Azərbaycanda məhkəmələrin necə işlədiyi hamımıza yaxşı bəlli olduğundan məhkəmənin maddələrdən birinə xitam verməsi bizim üçün gözlənilməz oldu”.

Qeyd edək ki, I.Kərimov Inzibati Xətalar Məcəlləsinin 298-ci (yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin, nümayişlərin və piketlərin təşkili və keçirilməsi qaydalarını pozma) və 310-cu (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə tabe olmama) maddələrilə günahlandırılırdı. Məhkəmə 298-ci maddəyə xitam verib. Bununla belə, vəkil apellyasiya instansiyasının da qərarından şikayət vermək niyyətindədir.

Elçin Namazov müvəkkilinin 2 aprel aksiyası ilə bağlı cinayət işi üzrə istintaqda dindirilməsi məsələsinə də aydınlıq gətirib. I.Kərimovun şahid qismində dindirildiyini deyən vəkilin sözlərinə görə, əslində, istintaqın məqsədi sözügedən cinayət işi üzrə həbs olunan müxalifət funksionerlərinə qarşı ifadə almaqdır: “Bizdə olan məlumata görə, hətta elə adamlar olub ki, onları çağırıb dindiriblər, görəndə ki, işlərinə yarayacaq heç nə demədi, ifadəni cırıb atıblar. Məqsəd odur ki, bəlkə kiminsə ağzından barəsində cinayət işi qaldırılmış müxalifət funksionerlərinə qarşı onlara lazım olan ifadə çıxdı…”

Aytən