Türkel Azərtürk həbsinin detalları, polis rəisinin üzə durmaq təklifi barədə «Azadlıq»a danışdı
Qondarma ittihamla inzibati həbs cəzası alan cəbhəçilərdən daha biri – AXCP Gənclər Komitəsi Idarə Heyətinin üzvü Türkel Əlisoy da dünən azadlığa buraxıldı.
Türkel Əlisoya polisə müqavimət adı altında saxta ittihamla 20 sutka həbs cəzası verilmişdi. Dünən Binəqədidəki inzibati həbs cəzası çəkənlər üçün nəzərdə tutulmuş təcridxanadan buraxılan Türkel “Azadlıq”a maraqlı açıqlamalar verib. O bildirib ki, martın 5-də axşam saatlarında Fəvvarələr meydanı ərazisində gəzərkən tanımadığı bir xanım ona zəng edib: “Bildirdi ki, Bəhruz Həsənlinin dostudur və ona sovqat göndərmək istəyir, bir saat sonra şəhərin mərkəzində görüşməyimizi istədi. Mən də razılıq verdim. Bir saatdan sonra təkrar zəng edib dedi ki, ”Malakan bağı” tərəfdədir. Ora gedəndə “Xaqani” Ticarət Mərkəzinin yanında 4 nəfər mülki geyimli şəxs qolumu buraraq, Fransa səfirliyinin qarşısında saxladıqları maşına mindirdilər. Yolda öyrəndim ki, məni saxlayanlardan biri Xətai rayonunun Cinayət-Axtarış şöbəsinin rəisi, Xalid adlı şəxsdir. O birisi Xətai Rayon Polis Idarəsinin əməliyyat müvəkkili, Emin adlı polis leytenantıdır. Digər iki nəfər də Cinayət-Axtarış şöbəsinin işçiləri idi”.
Türkel Əlisoyu Xətai Rayon Polis Idarəsinə aparıblar: “Otağa girən kimi rəis müavini məni təhqir etməyə başladı. Onu tərbiyəli olmağa çağırdım. O isə cavabında mənə fiziki təzyiq göstərməyə başladı. Daha sonra rəis müavini cibindən 26 fevralda Əli Kərimlinin yanında çəkilmiş fotomu çıxartdı. Mənə dedi ki, tərbiyəsizlik Xocalı şəhidlərini anarkən şüar qışqırmaqdır. Halbuki, biz orada ”Xocalıya ədalət!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndirmişdik. Mən də səmimi etiraf etdim ki, “Xocalıya ədalət!” şüarının təhqir olduğunu bilmirdim. Daha sonra təkid etdi ki, Xətai ərazisində, çayxanalarda, küçədə hakimiyyət əleyhinə danışanlar barədə polisə xəbər verim. Təbii ki, qəbul etmədim”.
Türkelin sözlərinə görə, daha sonra onu Xətai rayonu, 35-ci polis bölməsinə aparıblar: “Otağa girən kimi bölmənin rəisi Cavid Usubov məni təhqir etməyə, fiziki zor tətbiq etməyə başladı. Sonradan işçilərə göstəriş verdi ki, axşam saat 8-dən səhər saat 10-a qədər əllərimi və ayaqlarımı stula bağlasınlar. Yemək, su, siqaret verməsinlər, vəkillə, evlə əlaqə saxlamağa şərait yaratmasınlar. Səhərə kimi əllərim və ayaqlarım bağlı formada qaldım. Səhər gəlib dedilər ki, Elnur Məcidli Xətaidə yaşayır, mən onun üzünə durmalıyam və onun həbs olunmasında polislərə kömək etməliyəm. Təbii ki, razılaşmadım. Ondan sonra polis cibindən balaca bir bağlama çıxartdı. Dedi ki, ya narkotik yazacağıq, ya da ki, polisə müqaviməti özün yaz. Ikisinə də qol çəkməyəcəyimi bildirdim. Cavid Usubovu çağırdılar. Cavid Usubov göstəriş verdi ki, polisə müqavimət yazsınlar. Elə də yazdılar. Daha sonra özünü ”Ayan” qəzetinin baş redaktoru kimi təqdim edən Əfzələddin adlı şəxs və Aqşin adlı bir nəfər rəisdən 10 manat alıb üzümə durdular ki, guya, mən polisə müqavimət göstərərkən onlar görüblər. Daha sonra məhkəmədə 20 sutka həbs cəzası verdilər”.
Türkel Əlisoy onu da əlavə etdi ki, siyasi mübarizəyə qoşulandan bəri dəfələrlə həbs olunub. Amma bu həbslər onu haqq-ədalət uğrunda mübarizədən çəkindirə bilməz: “Anlamırlar ki, heç nə bizi mübarizədən çəkindirə bilməz. Qanunvericiliyimiz də buna imkan verir ki, hakimiyyətə qarşı mübarizəmizi davam etdirək”.

Bəyim Həsənli


