Boris Akunin: “Krımlılar Ukraynadan ayrıldıqlarına görə peşman olacaqlar”
Aleksandr Nevzorov: “Krım çoxlu qan itirən, yaralı, hərəkətsiz qalan ölkədən alınıb. Buna talançılıq deyilir”
Rusiyalı publisist Aleksandr Nevzorov və yazıçı Boris Akunin Rusiyanın Krıma müdaxiləsini pisləyən məqalə ilə çıxış ediblər.
“Rusiyanın gələcəyi qaranlıqdır”
Boris Akuninin fikrincə, Ukrayna öz qanı və cəsarəti ilə sübut etdi ki, ölkədir: “Ukrayna öz yolunu seçdi. Düşünürəm ki, hətta Krımsız da işi yaxşı gedəcək. Məni indi daha çox öz ölkəmin – Rusiyanın gələcəyi narahat edir. Bu gələcək isə qaranlıq görünür”.
Akunin Facebook-dakı postunda qeyd edir ki, Qərbin köməkliyi ilə Ukrayna tezliklə əsl demokratik dövlətə çevriləcək. Krımlılar isə Ukraynadan ayrıldıqlarına görə peşman olacaqlar.
Yazıçının fikrincə, başqa ölkənin ərazisinə qoşun yeridilməsinə (Putin həyasızcasına bunu təkzib etsə də), Krımın Rusiyaya birləşdirilməsinə sevinən çoxluq bilmir ki, “bu hərbi qənimət” ölkəyə necə baha başa gələcək.
Rusiya əvvəlcə siyasi, daha sonra iqtisadi cəhətdən təcrid olunacaq, kapital ölkədən çıxarılacaq, Rusiyaya sərmayə qoyan olmayacaq, Qərb isə rus neftinə əvəz tapacaq. Beləliklə də neftdən gələn yüksək gəlirlər dövrü bitəcək.
Akunin düşünür ki, hərbi xərclərin artması iqtisadiyyatın zəifləməsi, rublun dəyərdən düşməsi ilə nəticələnəcək.
Xaricdən gətirilən mallar bahalaşacaq. Valyuta ehtiyatları elə də uzun müddət üçün bəs etməyəcək. Maaş və pensiyaları vermək üçün dövlət pul çap edən maşını işə salacaq.
Bu da inflyasiyaya, qiymət artımına səbəb olacaq.
Beləcə, ölkə müflis olacaq, artan narazılığı yatırtmaq üçün dövlət sərt addımlara əl atacaq. Mətbuat və İnternetdə senzura tətbiq ediləcək.
Siyasi məhbusların sayı artacaq, hətta siyasətdən uzaq narazı adamları da həbsxanaya atacaqlar.
Yazıçı düşünür ki, bəli, Krım avantürası ilə Putin ömürlük hakimiyyətini təmin etdi.
Daha doğrusu özünü buna məhkum etdi. İndi o, sadəcə, istefaya gedə bilməyəcək.
Amma Akunin düşünmür ki, Putin ömrünün sonuna qədər hakimiyyətdə qala biləcək. Hakimiyyətin qanuni yolla dəyişdirilməsi mexanizmi olmayanda inqilabi mexanizmlər işə düşür.
Sonda Akunin Krımın anneksiyasına “sevinən kasıb çoxluğu” təbrik edir.
“Kremldə ağılsız yoxdu – onlar praqmatikdir”
Aleksandr Nevzorov isə hesab edir ki, əgər Krımı güclü, varlı, cəsur ölkədən alsaydılar, bu nəcib və təmiz qələbə olardı. Ancaq o, çoxlu qan itirən, yaralı, hərəkətsiz qalan ölkədən alınıb. Buna talançılıq deyilir.
“Mən moralist deyiləm. Talançılıqda pis heç nə görmürəm, çünki ölüyə, yaxud ölüm ayağında olana lazım olmayan bir çox şeylər dirilərə lazım olur. Problem ondadır ki, yaralılar bəzən sağalır və hüşsuz vəziyyətdə olduqları vaxt onlardan talananları geri istəyir.
Ayağından çəkməsi oğurlanan yaralı sağalanda “hanı mənim çəkməm” deyib onu geri almağa gedir. Ən maraqlısı da onda başlayır. Tarix başa çatmayana qədər biz Krımın Rusiyaya, yaxud Ukraynaya məxsus olduğunu deyə bilərik. Tarix isə başa çatmayıb. Hər şey inqilabla əldən düşmüş Ukraynanın nə dərəcədə tez özünə gəlməsindən asılıdır.
Rusiyanın əsl vətənpərvərləri anlamalıdır ki, situasiya nəinki başa çatmayıb, əksinə, heç hələ başlamayıb da. Sevinmək tezdir və tamamilə yersizdir. Ancaq rusiyalılar sevinir, çünki reallığı görmək istəmirlər. Vətənpərvərliyin istənilən forması – reallığın dəyişdirilməsidir.
Vətənpərvərliyin hərbidən başqa heç bir tətbiqi yoxdur.
Bu, avtomatın darağına bənzəyir, onu başqa heç nə üçün istifadə etmək olmaz. Vətənpərvərlik olan yerdə mütləq bir-iki ildən sonra hansısa böyük, ya kiçik müharibə olacaq. Çünki vətənpərvərliyə çıxış imkanı vermək lazımdır.
Vətənpərvərlik, şovinizm, imperializmdən ibarət kokteyl hansısa müddətdə ruslara zəruri qida məhsullarını əvəz edə bilər. Necə ki, alkoqoliklər üçün arağı diş pastası daxil olmaqla bir çox şey əvəz edir.
Ancaq bunun günahı hakimiyyətdə deyil. Hakimiyyət bu xalq maşınını həqiqətlə, hüquqla, ədalətlə, düzgünlüklə, qanunlarla doldurur… Ancaq o yerindən tərpənmir!
90-cı illər azadlıq illəri idi, hətta 2000-ci ildə Rusiya üçün yabançı olan hər şeyə – mətbuat azadlığı, manifest azadlığı, insan haqları və hörmətə bənzər nəsə var idi.
Ancaq benzin bakına şovinizm, cəhalətpərəslik, imperiyapərəstlik, qəzəb tökən kimi – hər şey öz qaydasında getdi! Əlbəttə, maşın nə ilə gedirsə, hakimiyyət onu həmin şeylə dolduracaq. Kremldə axmaq yoxdu – onlar praqmatikdir.
Rusiyanın yalnız bir dəfə çarla bəxti gətirib. Onun əməllərini sadalayım. O, Rusiyanın sərhədlərini açdı, universitetlər yaratmaq qərarına gəldi, Rusiyada xarici valyutanın dövriyyəsinə imkan verdi, teatr tamaşalarına qoyulan qadağanı ləğv etdi, dövlət quruluşunun təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atdı. Bilirsiniz bu kim olub? I Yalançı Dmitri. Mənfi personaj. Onun işləri əla idi. Ancaq onu belə qəzəb və nifrətlə yada salırlar!
Rusiya hər zaman qamçısını tapır. Stalin – Marsdan gələn desant deyil. O bizim xalqın diktator, özbaşına, paranoik rəhbərə meylini təcəssüm edir. Rusiya beləsini sevir. Neçə il o İvan Qroznıya – kütləvi qətllərdən başqa heç bir əyləncəsi olmayan adama dözüb…
Belədə mənim üçün heç fərqi də yoxdur – lap Zimbabveni birləşdirsinlər”.
Fizzə


