Rusiyanı fəlakət gözləyir

Ölkədən  3 ayda 70 mlrd dollar çıxarılıb 

 

Natiq Cəfərli: «1998-ci ilin defoltuna bənzər bir defolt gözlənilir»

Rusiyanın Krımın işğalı ilə barışmayan beynəlxalq aləm bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə başlayır. Bu da artıq ölkədəki iqtisadi duruma ciddi təsir göstərməkdədir.  

Bloomberg nəşrinin yazdığına görə, Rusiya iqtisadiyyatı 2009-cu ilin resessiyasından sonra artımın ciddi azalması ilə üzləşib. Ekspertlərin dediyinə görə, 2014-cü ilin ilk yarım ilində Rusiya resessiyaya yaxın olacaq. 

Son aylar Rusiyadan kapital axını artmaqdadır. Əgər 2012-ci ildə Rusiyadan kapital axını 54,6 mlrd dollar, ötən il 62,7 mlrd dollar olmuşdusa, bu ilin birinci rübdə axın 73-75 mlrd dollara çatıb. Bunun isə Rusiyanı resessiyaya sürükləyəcəyi ilə bağlı real risk var,  hərçənd ki, bu 2014-cü il üçün yekun məbləğ kimi göstərilirdi. 

Fevralda Rusiyada istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 0,04 % düşüb, tələbat 1,9% azalıb. İlin ilk 2 ayında istehsal indeksi 1,8% azalıb. 2014-cü ilin əvvəlindən tələbat 1,5% azalıb. 

Rusiya fond bazarı ilin əvvəlindən bəri təxminən 20% azalıb, rublun kursu aşağı düşüb, şirkətlərin kapitallaşması 75 milyard dollar həcmində azalmaya məruz qalıb və bu, Rusiyaya tətbiq olunan sanksiyaların nəticəsidir.  

Bu arada “Böyük yeddilik” (G7) ölkələri Rusiya iqtisadiyyatının hansı sektorlarına sanksiyalar tətbiq edilə biləcəyini müəyyənləşdiriblər. Rusiya mətbuatının yazdığına görə, yeni sanksiyalar enerji, maliyyə və hərbi sahələri əhatə edəcək. 

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama da Rusiya Federasiyası ilə maliyyə əməliyyatlarının dondurulması haqda sərəncam verib. Buraya “Bank Rossiya” və ABŞ ərazisində fəaliyyət göstərən Rusiya mənşəli banklar daxildir. Obama eyni zamanda, “Böyük Yeddilər”ə müraciət edərək, onlardan da analoji addımların atılmasını istəyib. Hazırda ABŞ-ın və Avropanın banklarında Rusiyaya məxsus olan 500 milyard dollar cəmlənib və onlar dondurulub. 

Rusiyanın üzləşdiyi və bundan sonra üzləşəcəyi sanksiyalar yaxın zamanlarda bu ölkəyə yaxşı heç nə vəd etmir.

İqtisadçı-ekspert Natiq Cəfərli kapitalın Rusiyadan axınının bundan sonra da davam edəcəyini və ilkin hesablamalara görə, il ərzində 100 min mlrd dolları keçəcəyini deyir. Əgər ölkədən çıxarılan kapitan 100 mlrd dolları keçsə, Rusiyanın iqtisadi artım tempi sıfra enəcək və resessiya başlayacaq, ÜDM-in azalması tendensiyası olacaq. Bunu artıq Rusiya rəsmiləri də bəyan edir. 

Ekspertin sözlərinə görə, Rusiya cəmiyyəti son 10 ildə, neftin hasilat tempi yüksək olduğu bir dövrdə hər il gəlirlərinin artdığı hiss edirdilər. Bu il isə nəinki gəlirlərin artması, hətta azalması ilə yadda qalacaq. Bu isə sosial gərginlik üçün ciddi əsas yaradır. Çünki əhalinin avtoritar bir rejimə dözməsinin əsas səbəblərindən biri gəlir səviyyələrinin ildən ilə artması idi. Bu da müəyyən dərəcədə digər problemlərinin üstündən keçməsinə, yaxud da əhalinin göz yummasına şərait yaradırdı. İndi belə bir şəraitin yaranması Rusiyanın bank sisteminə ciddi təsir göstərəcək. Hətta 1998-ci ilin defoltuna bənzər bir defolt gözlənilir: «Rusiyanın böyük həcmdə vəsaiti  xarici banklarda və xarici qiymətli kağızlarda yatırılıb. Onların dondurulması, yaxud da heç bir əmədiyyatın aparılmaması ilə bağlı Rusiyaya qarşı sanksiyalar güclənsə, çox yaxın zamanlarda belə bir defoltun təkrarlanması təhlükəsi var. Artıq hökumət yetkililəri də bu barədə danışır. Müstəqil ekspertlər sanksiya söhbəti başlayarkən bu barədə xəbərdarlıq edirdi. Amma görünən odur ki, Rusiya rəhbərliyi ciddi xəbərdarlığa baxxmayaraq öz aqressiv siyasətini davam etdirməyi düşünür. Bu da yaxın gələcəkdə, bir neçə ay ərzində Rusiya iqtisadiyyatında ciddi tənəzzüllə nəticələnəcək».     

Fizzə