Baş nazirin sabiq müavininin açıqlaması müxtəlif mülahizələrə yol açıb
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasov “Milyarderlər Ittifaqı”nın yaranması və qurumla bağlı baş verənlərdən danışarkən bu məsələyə görə ölümlə hədələndiyini bildirib. O, virtualaz.org saytına müsahibəsində deyib ki, bu qurumun yaradılmasında məqsəd Rusiya ilə Azərbaycan rəhbərliyi arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi idi.
Abbas Abbasov bununla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə sənədlər paketi də təqdim etdiyini deyib. Lakin ideya bəyənilməyib: “Başa düşəndə ki ideya Bakıda bəyənilmədi, sənədləri rəfə qoydum və söhbət bitdi.
Bəs bundan sonra nə baş verdi? Hər cür yollarla məni və ailəmi ölümlə hədələməyə başladılar. Mesajlar göndərməyə başladılar ki, məni, oğullarımı, qohumlarımı, bütün ailəmi öldürəcəklər. Mənimlə quldur dilində danışmağa başladılar”.
Abbas Abbasov hədələnməsi barədə danışarkən konkret ad çəkməyib. Lakin bu hədələrin hakimiyyət tərəfindən gəldiyi açıq-aydın görünür. Abbas Abbasov vəd edib ki, məsələ barədə təfərrüatı ilə danışacaq. Baş nazirin sabiq birinci müavini danışana qədər müəyyən mülahizələr yürütmək olar. Əvvəlcə, gəlin yada salaq ki, hakimiyyət düşərgəsində “Milyarderlər Ittifaqı”na qarşı ən sərt mövqedə duranlar kimlər, hansı qüvvələr idi. Bu sırada ilk göz önünə gələn Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev və onun komandası gəlir. Məhz PA rəhbərinin nəzarətində olan iqtidaryönlü qəzetlər Abbas Abbasova qarşı kampaniyada fəallıq göstərirdi. Yeni Azərbaycan Partiyasında da Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən şəxslər baş nazirin sabiq müavinini hədəfə almışdılar. Bu sırada xüsusilə Siyavuş Novruzovu göstərmək olar. Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun da Abbas Abbasova hücumlarını unutmayaq. Komitə sədrinin Ramiz Mehdiyevin komandasına daxil olduğu barədə məlumatlar var. Ehtimal etmək olar ki, Abbas Abbasov bu açıqlamanı verərkən Mehdiyev qruplaşmasına işarə vurur. Lakin mümkündür ki, Abbas Abbasov onunla ziddiyyətləri olan və vəziyyətdən istifadə edib onunla hesab çəkmək niyyətinə düşən hakimiyyətdəki başqa qüvvələri nəzərdə tutur.


