Bayramı necə keçirdiniz?

2014-cü ilin Yeni ili qədər soyuq, mənasız və boz bayram görməmişdim. Heç Azərbaycanda müharibə gedən illərdə də o cür əhval-ruhiyyədən yoxsul bayramla rastlaşmamışdım. O zaman müşahidəmi dostlarla bölüşmüşdüm, onlar da təsdiqləmişdi.

Səbəb?

Yoldaşların arayışı belə idi ki, yeni ilə iki ağır dini hadisə düşdüyündən adamlarımız bayramdan uzaq durmağı lazım biliblər. Razıyam ki, Yeni il əleyhinə, xüsusən internetdə güclü dini basqı yaranmışdı. Hətta iş o yerə çatmışdı ki, Namiq Qaraçuxurlu da Yeni ili qeyd etməyəcəyini bəyan etmişdi.

Din faktoruna görə bayramdan üz döndərməyə qarşı tutarlı əks arqumentim olmadığından deyilənlərlə yarıxoş da olsa, razılaşmışdım.

Özlüyümdə onu da fikirləşirdim ki, bayrama 2 gün qalmış Qarabağ qazisi Zaur Həsənovun nümayişkəranə formada özünü yandırıb həlak olması da yəqin, ovqatları korlayıb.

Ancaq Novruz bayramının da nəzərəçarpmayacaq qaydada sovuşması bu məsələ üzərində yenidən düşünməyimə səbəb oldu.

Azərbaycana baharın gəlməyini “facebook”dan izləyirdim. “Facebook” həmin anlarda qan ağlayırdı desəm, çox şişirtmiş olmaram. Formal “Bayramınız mübarək!”ləri çıxsaq, hamı ağlaşma qurmuşdu. Pessimizm, qoz-fındığa, keçəl-kosaya, papaq atdıya nifrinin biri bir qəpik idi. Anti-bayram statusları dozasını o qədər aşdı ki, bir neçə ziyalı çıxıb izahat xarakterli qeydlər paylaşdı. Yazdı ki, qardaşlar, başa düşürük vəziyyətiniz yaxşı deyil, amma əsrlərdir xalqın sevərək əzizlədiyi bir bayramı bu qədər acılamağa dəyməz…

Məni qınamayın, hətta mən öyrəncəli olduğumuz bayramqabağı çərəz bahalaşmasını da müşahidə etmədim. Gümanım belədir, yəqin, çərəzə tələbat o qədər aşağı olub ki, satıcılar fürsətcilliyi real saymayıblar.

Yenə də sağ olsun, Ilham Əliyev bayram günü xalqın dodağına təbəssüm bəxş edə bildi; onun keçəl və kosa üzərində artıq ənənəyə çevrilən müzəffər qələbəsi bu il yenə təkrarlandı və bu hadisə insanlara müsbət enerji verdi. Ilham Əliyevin keçəl və kosanın yumurtasını qıra bilməsi müxtəlif məzmunda lətifələrin yaranmasına səbəb oldu, bizim kimi binəsiblər də  onları oxuyub, niskillərin azaltdı.

“Bəlkə ”facebook” məni aldadır, bəlkə bura da mənim kimi guşənişinlər doluşub, əsl bayram ovqatlı həyatsevər insanlar isə küçələrdə, parklardadır” deyib, bayramın səhəri şəhəri dolaşdım.

Yox, qardaş, yox. Əhval-ruhiyyə yerin dibi ilə sürünürdü.

Mən yenə subyektiv görünməkdən qorxaraq xahiş edirəm, yanılıramsa, məktub yazaraq əsl vəziyyəti izah edəsiniz, məni və oxucuları başa salasınız. Gördüklərimsə budur ki, sanki bayram günlərində insanlarımız adi vaxtdakından da betər kefsiz olur. Sizə deyim ki, bu heç də maddi imkansızlıqla bağlı deyil. Insanlarımızın həyat eşqi öldürülüb, ciddi və boğucu ovqatsızlıq hökmrandır. 

Siz buraxın milli telekanallardan evlərə soxulan şit zarafatları, dəngiş-düngüşləri, onların heç biri insanlarımıza sevinc bəxş edə bilmir. Reallığı biz özümüz yaşayırıq və görürük, fakt budur ki, kədər bizi basıb. Bütün bunların hamısı sabaha inamsızlıqdandır.

Indı yazacam ki, bunlara bais Ilham Əliyevdir, deyəcəksiniz, bu qədər də yox də. Deyin. Ancaq bu heç nəyi dəyişməyəcək. 

Onun kəraməti nəticəsində biz bu günlərə qalmışıq. 20 ilə yaxındır ki, o və atasıdır bu ölkəyə dizayn verən. 20 il az deyil. 20 ildə Azərbaycan kimi balaca cəmiyyətin psixologiyasını 20 dəfə dəyişmək olar. Onu da bunlar dəyişib.

Külli miqdarda dövlət vəsaiti israf edilsə də, qondarma “Gül” və “Qurtuluş” bayramları bayram atmosferi yarada bilmir.

Yazım çox praqmatik maraqlar üzərində qurulmuş kimi görünəcək, fəqət, bunu yazmaqdan özümü saxlaya bilmirəm: Əliyevlərin dəyişməsi təkcə hakimiyyətin xalqa qaytarılması deyil, əsrlərdir bizə müsbət hisslər bəxş edən günlərin xilasıdır.