İsa Sadıqov Krımdan xəbər verir

Polkovnik Kiyevdə mühüm görüşlər keçirib və Ukrayna hadisələri ilə bağlı çox nikbinliklə söhbət edir

“Çeçenpress” azərbaycanlı mühacir polkovnik İsa Sadıqovdan Ukrayna təəssüratları ilə bağlı müsahibə alıb. Məsələ burasındadır ki, İsa Sadıqov bugünlərdə Kiyevdə olub, bir sıra görüşlər keçirib.

Müsahibəni təqdim ediriki: 

***

Polkovnik İsa Sadıqov peşəkar hərbçi, keçmiş korpus komandiri, Qarabağ döyüşlərində iştirak etmiş, 1993-95-ci illərdə Azərbaycan Müdafiə nazirinin müavini olmuşdur. Sonradan Ehtiyatda olan Zabitlər Birliyinə rəhbərlik edib. İsa Sadıqovun kredosu Qarabağın erməni işğalçılarından azad edilməsidir. 2004-cü ildə Norveçə mühacirət edib və indi də orada yaşayır. 

“Rusiyanın bir sıra regionları Ukraynaya birləşməklə bağlı qərar verə bilərlər”

– İsa bəy, bəlli oldu ki, siz Kiyevə getmişdiniz. Krıma gedə bildinizmi? Oradakı durum barədə məlumat verə bilərsinizmi? Belə hesab edirsinizmi ki, Krım Ukrayna üçün itirilmişdir?

– Bəli, Kiyevə getmişdim və orada Ukrayna rəsmilərilə görüşlərdən sonra Krıma baş çəkmək niyyətim də var idi. Amma məlumdur ki, martın əvvəllərindən başlayaraq Krım Rusiya silahlılarının tam nəzarəti altına keçmişdi. Qısa müddət ərzində Krıma Rusiya silahlı qüvvələrinin olduqca böyük kontingenti yeridildi. Aşkar görünür ki, yarımadanı ələ keçirmək üçün plan əvvəlcədən hazırlanıb. Bunun üçün hərbi hazırlıq bir yana, hətta kütləvi təbliğat tezisləri də qabaqcadan hazır edilib. Iyrənc və alçaq təbliğatın tezisləri bunun üzərində qurulub ki, guya ukraynalı nasistlər təkcə Ukraynadakı rusdillilər üçün deyil, eyni zamanda Rusiya üçün də ciddi təhlükədir. Bu təbliğat isə, əlbəttə, rus auditoriyası üçün nəzərdə tutulub.

Əlbəttə, bu gün Krımın işğal edildiyini söyləmək olar, lakin mən onun Ukrayna üçün itirildiyini söyləməzdim. Amma Ukraynanın Rusiya üçün birdəfəlik itirildiyini qətiyyətlə söyləmək olar. Mən inanıram ki, Krım Ukraynanın ərazisi olaraq qalacaq, hətta yalnız Krım deyil, Rusiyanın bir sıra qərb regionları da uzaq olmayan gələcəkdə Ukraynaya birləşməklə bağlı öz qərarlarını verəcəklər. Bu presedenti Rusiya özü yaradıb. Yaxın gələcəkdə isə Rusiya siyasi və iqtisadi sanksiyaların ağırlığını daşıya bilməyəcək. SSRI-ni dağıdan 90-cı illərin hadisələrinin təkrarlanacağını istisna etmirəm və bu dəfə həmin proses Rusiyanın özünün dağılması ilə nəticələnəcək. Mən sadəcə olaraq ona təəəssüf edirəm ki, əgər 2008-ci ildə Gürcüstana müdaxilə zamanı Rusiyanı cəzalandırsaydılar, indiki hadisələr baş verməzdi.

– Krım referendumunu necə şərh edərdiniz?

– Yəqin sizə bəllidir ki, bu referendumu əvvəlcə martın sonuna təyin etmişdilər, sonradan isə tezləşdirərək 16-na keçirdilər. Aydındır ki, cəmi 10 gün ərzində Krım kimi böyük ərazidə referendumu hazırlamaq və təşkil etmək mümkün deyil. Ona görə ki, hər şeydən əvvəl, referendumun keçirilməsi üçün heç bir şərait təmin edilməmişdi. Yarımada bütünlüklə Rusiya silahlı qüvvələri ilə mühasirəyə alınmışdı. Orada xaos hökm sürürdü, beynəlxalq təşkilatlardan olan müşahidəçilər yarımadaya buraxılmadılar. Bu qondarma referendumda yarımadanın ukraynalı və tatar əhalisi iştirak etmədi. Referendum günü səsvermədə Krım sakinlərindən daha çox rusların oraya gətirdikləri insanlar – kazaklar, “könüllülər”, eləcə də çoxlu sayda cinayətkar elementlər iştirak edirdilər. Məsələn, Sevastopolda səsverməyə gələnlərin göstəricisi 123 faizə qalxdı! Bu cür referendum təbii ki, legitim ola bilməz.

“Rusiya hakimiyyətinin özü də öz ordusuna güvənə bilmir”

– Ukrayna rəhbərliyi ilə və ya Krımdakı icmaların rəhbərləri ilə görüşləriniz oldumu?

– Doğrudur, mən yarımadaya məlum səbəblər üzündən gedə bilmədim, amma iki həftə ərzində oradakı situasiya barədə tam məlumatlı olan insanlarla bir yerdə oldum. Bir sıra mühüm görüşlər barədə isə yeri gəldikcə məlumat vermək niyyətindəyəm.

– Oradakı Rusiya ordusunun durumu ilə bağlı nələri deyə bilərsiniz? Deyilənə görə, orada kazaklar, Serbiyadan, Ermənistandan muzdlular var. Onlar nə iş görürlər?

– Biz ki Rus ordusunu bilirik, həm də şayiələrə görə deyil. Biz bu “şücaətli” ordunu Çeçenistandan, Gürcüstandan və başqa qaynar nöqtələrdən tanıyırıq. Əgər bu ordu həqiqətən də dırnaq işarəsi olmadan şücaətlidirsə, o halda onların muzdlu serblərə, ermənilərə və ya başqa bandalara nə ehtiyacları var ki? Görünür, Rusiya hakimiyyətinin özü də öz ordusuna güvənə bilmir. Hərçənd, indi rus ordusu dünyanı da narahat etmir. Indi dünyanı narahat edən Rusiya prezidentinin barmağının atındakı atom düyməsidir, vəssalam. Orada çeçenlər arasından da Rusiyanın əlaltılarının seçilib bir Kadırov batalyonu yaratdıqlarını söyləyirlər. Bu barədə bizə də məlumdur, amma açığı bizə o da bəllidir ki, o insanları oraya zorla, hətta ölüm təhdidi ilə yollayırlar. “Vostok” adlanan bu batalyonla bağlı mənim öz təəssüratlarım var. Kadırova qarşı heç bir simpatiyam olmasa da, o batalyonun bu prosesdəki iştirakına birmənalı olaraq neqativ yanaşmaq fikrində deyiləm. Mən indi də inanıram ki, əgər orada tatar əhaliyə qarşı hansısa provoksiyalar olsa, çeçen batalyonu bu əməliyyatlarda tatarların müdafiəçisi kimi iştirak edəcəklər. Ona görə ki, çeçenlər də Krım tatarları ilə eyni taleyi yaşayan və eyni aqibəti bölüşəcək millətdir.

“Rusiya bütün dünyanı özünə qarşı qaldırdı”

– Tutaq ki, Rusiya Krımı ilhaq etdi. Amma digər tərəfdən də Ukrayna ilə viza rejimi əldə edir, Avropa və ABŞ-ın çoxsaylı sanksiyaları ilə üzləşir, 8-likdən çıxarılır, rubl dəyərdən düşür, hətta Qərbdə bir çox kafe və restoranlarda “rusların girməsi qadağandır” lövhəsi asılır… Sizin fikrinizcə, bunların hansı daha böyük itkidir və ya qazancdır?

– Əlavə edə bilərəm. Artıq bir çox keçmiş SSRI respublikaları da Rusiyaya qorxu ilə baxırlar. Rusiya bütün dünyanı özünə qarşı qaldırdı. Bilirsiniz ki, Rusiyanın bu hərəkətini yalnız Şimali Koreya və Suriya dəstəklədi. Ola bilsin ki, bəzi təşkilatlar və ya hansısa 10-cu dərəcəli ölkələr də bundan sonra dəstək verə bilərlər. Mühüm faktdır ki, dünya ilk növbədə məhz Putini və onun yaxın çevrəsini cəzalandırmaq qərarı verib. Aydındır ki, bu sanksiyalar sadə ruslara da toxunacaq. Amma Rusiya vətəndaşları da özləri qərar verməli olacaqlar ki, Putin rejimi ilə yaşayıb bu məhrumiyyətləri onunla bölüşsünlər, ya onlardan imtina etsinlər.

Indi Ukrayna yaxşı vəziyyətdə deyil. Ölkədə işsizlik, korrupsiya, məmur özbaşınalığı, ümumxalq sərvətinin talanı tüğyan edirdi. Ukraynada yaşayan bütün xalqlar bu dibsizliyə qarşı mübarizəyə birgə başlayıblar. Burada nə rusdilli, nə də hər hansı başqa kateqoriyalı əhaliyə heç bir təhlükə yox idi. Bunu Lavrov Kerri ilə, Putin isə Mustafa Cəmilovla telefon söhbətində də etiraf edib. Mustafa Cəmilovla telefon söhbətində Putin deyib ki, Ukrayna SSRI-dən qanunsuz yolla çıxıb və rusdilli əhaliyə təhlükə barədə bir kəlmə də işlətməyib.

Bu cür əsassız iddialarla çıxış edərək dünyaya meydan oxumaq Rusiyaya yaxşı heç nə vəd etməyəcək.

– Ukraynanın gələcəyi ilə bağlı proqnozlarınız nədən ibarətdir? Qərb Ukraynanı və özünü müdafiə etmək üçün hansısa daha ciddi addımlar atacaqmı?

– Məncə, bu tədbirlər aparılır və aparılacaq da. Eyni zamanda inanıram ki, NATO da öz sərhədlərini güzəştə getməyəcək və NATO-nun hüdudlarına istənilən müdaxilə Rusiya üçün çox ağır nəticələr yaradacaq. Əlbəttə, Ukraynanın da bu blok və birliklərə qoşulmadan mövcudluğunu mən təsəvvür etmirəm. Buna görə də yalnız AB və NATO Ukraynada sabitliyin və onun təhlükəsizliyinin qarantı ola bilər. Ruslara isə göründüyü kimi, qətiyyən güvənmək olmaz.

P.S. Isa Sadıqovun bu müsahibəsinə yazılan kommentlərdən birini “Azadlıq”ın oxucularına təqdim edirik.

“İsa Sadıqov! Mən Krasnodar sakiniyəm. Anam kazak, atam isə adıgeydir. Hərbi komissarların gəncləri Krıma gedərək Rusiyaya birləşmək haqqında referendumda iştirak etmək dəvətləri haqda danışmaq istəyirəm. Bizi gecə ilə avtobuslarla Krıma gətirdilər və orada zabitlərə təhvil verdilər. Zabitlər isə Rostov və Krasnodar sakinlərini sektorlar üzrə daşıdılar və biz orada Krımın Rusiyaya birləşdirilməsi üçün səs verdik. Rostovdan və Krasnodardan gətirilənlər, mənim təqribi hesablamama görə, 35 avtobus idi. Bizim qrupda olan hər bir adama adambaşına 5 min rubl verdilər”.