
Türkiyədə bələdiyyə seçkisi (30 mart) astanasında hakim AKP ötən gün İstanbulda gövdə göstərisi etdi. İstanbulun “Yeni qapı” parkında düzənlənən “Yenidən Milli İradə Mitinqi”ndə insan sayı dünya üzrə nadir hallardan idi. Ərdoğana yaxın medianın məlumatına görə, iştirakçıların sayı 2 milyonu ötüb. AKP-nin əsas tənqidçilərindən “Hürriyet” qəzeti iştirakçı sayını 1 milyon 200 min göstərib. Mitinq ciddi təhlükəsizlik tədbirləri altında keçirilib. Bu qədər insan 50-ə yaxın xüsusi yoxlayıcı qapıdan meydana daxil olub. Meydanı uca yerlərdən snayperçilər nəzarətdə saxlayıb.
***
İstanbulluları salamlayan Ərdoğan bu mitinqdə dünyanın gözü olduğunu bildirib və bir çox müsəlman diyarını salamlayıb: “Buradan İslamabad, Bakını salamlayıram. Mosulu, Kərkükü, Şamı, Beyrutu salamlayıram. Qəzzanı, Fələstini salamlayıram. Ey İstanbullular, Şamda üzərlərinə bombalar yağan analar, Qarabağda torpaqları işğal olunmuş qardaşlarımız sizi izləyirlər”.
***
12 illik iqtidarı zamanı gördükləri işləri sadalayan baş nazir CHP-ni geriçilikdə tənqid edib. O, deyib ki, insanlara modern İstambul yaratdıqları halda, CHP “əski İstambul” vəd edir. Əski İstanbulda isə bir yığın problem var; yol, ekologiya, işsizlik, gigiyena və s. Ərdoğan deyib ki, başladıqları istənilən xeyirli işə CHP-dən “xeyr” cavabı eşidiblər.
***
Baş nazir Fətullah Güləni də ağır formada tənqid edib. O, Gülənin adını çəlməsə də, onu Pensilvaniyada oturub ölkəni qarışdırmaqda, insanların məhrəmlərinə burun soxmaqda günahlandırıb. Onun sözlərinə görə, Gülən Pensilvaniyada xüsusi qəsd quraraq, səs dinləməsi, montajlar işini aparır. Gülənin ABŞ-da yerləşməsində də baş nazir şübhəli məqamlar axtarıb. Onun saxta sənədlə ABŞ-a getdiyini söyləyib. Daha sonra o, Gülənin “sərvət adına bir bir şeyim yoxdur” deməsini yalanlayıb və “Sənin Türkiyədə olan villalarını mən bilirəm” deyib.
***
“Twitter”in Türkiyədə qadağan olunması barədə danışan Ərdoğan deyib ki, burda onun ölkəsinə qarşı açıq qərəz var. Çünki Türkiyədə məhkəmə “Twitter”də şəxsi həyata müdaxilə faktına görə qərar çıxarıb. Qərarda həmin “twit”lərin silinməsi tələb olunub. Lakin buna əməl edilməyib. Halbuki ABŞ, İngiltərə, Hindstan, Çin və başqalarına qarşı “Twitter” eyni şeyi etmir. Dünyaya meydan oxuyan Ərdoğan “Türkiyə banan dövləti deyil” deyərək vətəndaşını qorumaq üçün hər şeyi etməkdən çəkinməyəcəyini dilə gətirib.









azadliq.info


