Nədən cəbhə?

Kamil Vəli Nərimanoğlu

Mən özümə görə bir mücadilə yolu keçmiş və bu yolu keçməkdə olan yaşlı bir ziyalıyam. Azərbaycanın müstəqilliyini görmüşəm və bu böyük mücadilədə zərrə qədər də olsa iştirak etmişəm. Ən böyük arzum bütöv, demokratik, hüquqlu, sosial dövlət ola biləcək Azərbaycanı görmək, orada ailəmlə birlikdə yaşamaq, Vətənimin, müəllimlərimin, məni yetişdirənlərin borcundan çıxmaqdır. Ən çox borclu olduğum və sevdiyim insanlar da Azərbaycandadır.

Türkiyədə yaşasam da, buranı da özümə Vətən bilsəm də mənim mənəvi, maddi, vicdani borcum Azərbaycandadır, Məmməd Əmin Rəsulzadənin, Mirzə Cəlilin, Sabirin, Cavidin, Elçibəyin, Xudu Məmmədovun ruhunadır. Mənə dərs deyən və deməyən bütün müəllimlərlə bərabər, yeni yetişmiş gəncliyə özümü çox borclu bilirəm.

Bu yaxınlarda köhnə cəbhəçi dostum Həsən Kərimovla görüşdüm. Doğrusu, Həsən bəy bu dünyada yeganə adamdır ki, onu görəndə xəcalət çəkirəm, utanıram. Ona görə yox ki, nə isə xəcalətli iş görmüşəm. Çox şükür Allaha. Hər kəsin qarşısında başımı dik tuturam və tutacağam da. Həsən bəy bu Vətənin azadlığı, haqqı üçün iki oğlunu qurban verib. Gözünün ağını, qarasını qurban verib ki, Azərbaycan bu zülümdən xilas olsun. Hərəkat başlanandan tanıdığım Həsən bəy saçını bu mücadilə yolunda  ağardıb, həyatını, dünyada ən əziz olanlarını bu yolda qurban verib. Oksfordda, Harvardda oxumaq, Vətəninin nemətlərindən yararlanmaq, ziyalı atasının, anasının arzularını gerçəyə çevirmək o övladların da ən təbii haqqı idi. Şəhid yalnız savaşda ölən deyil. Şəhid haqq üçün, ədalət üçün özünü qurban verənlərdir. Zərrə-zərrə öldürülənlərdir. Biz Həsən bəylə 3-4 saat söhbət etdik. Göz yaşlarımı içimə axıdaraq bu iki şəhid atasını, mücadilə adamını, təmizlik-saflıq rəmzini dinləyirdim. O bir kəlmə də olsun dərdindən danışmırdı. Mən Həsən bəy haqqında yazı yazmaq istəsəm də, yaza bilməmişəm. Doğrudan da, dünyada elə şeylər var ki, onları yazmaq olmaz.

Sözün götürə bilmədiyi elə dərdlər, kədərlər var ki, onları ifadə etməkdə söz acizdir. Ən dəhşətlisi də odur ki, söz o müqəddəsliyi ucuzlaşdıra, bayağılaşdıra bilir. Hayqırmaq, susmaq o sözə gəlməyən möhnətin bəlkə də ən doğru ifadəsidir. Bu cəhətdən insan o biri canlılara daha çox bənzəyir və o yerdə təhlilə, təfərrüata, incələməyə ehtiyac yoxdur.

Azərbaycandakı bu ağır durumu, Türkiyə-Azərbaycan münasibətlərini təhlil edə-edə sabahı, xoşbəxt Azərbaycanı düşünürəm. Bu yorğun savaşçının əzmi, iradəsi qarşısında çox böyük bir qürur duyurdum. Bu iradə, böyüklük önündə bu dünyada hər şeyin, o cümlədən zülmün, ədalətsizliyin də keçici olduğuna inanırdım. Həsən bəyin ən çox adını çəkdiyi şəxsiyyətlər onun mücadilə dostları və indi mücadilənin önündə gedən gənclər idi. Sözünü Elçibəylə başlayıb Əli Kərimli ilə, indi məhbəsdə yatan gənclərlə bitirirdi. Həsən bəy onları yaxından tanıyır və öz döstu, övladı kimi sevdiyi açıq-aydındır. Dimdik ayaqda olan gənclərlə başlayıb haqqın rəhmətinə qovuşan Cəbhə dostlarıyla – Şamillə bitirirdi. Anlayıram ki, Cəbhədəki hər gənci öz övladı bilməsəydi Həsən bəy bu ağır dərdlərə, məşəqqətlərə dözə bilməzdi. Kələkidə Elçibəylə sabaha qədər söhbət etdiyimiz o uzun gecədə Elçibəyin bir sözünü unuda bilmirəm. “Mən Azərbaycanın gələcəyinə tam əminəm. Bu əminlik olmasa bir gün, bir saat belə yaşaya bilmərəm. Bu gənclik Azərbaycanın şimalında da, cənubunda da öz sözünü deyəcək. Mənim gözümün qabağında yetişən gəncliyin böyük imtahanları var. Bu imtahandan ən layiqlilər çıxacaq. Daha sonra gələn gənclik daha qətiyyətli olacaq. Millətin sabahını millətin gəncləri qazanacaq…”.

O söhbətdə Elçibəy ad da çəkdi, təhlillər apardı və sabaha inamını aydın məntiqlə isbat etdi. Onun tarixdən, dindən, dünyadan gətirdiyi örnəklər Azərbaycanın dünəninə, bugününə və sabahına inamın ifadəsi idi. Bütün bu düşüncələr içində Həsən bəydən soruşdum: “Həsən bəy, Məhəmməd Əminin atasının qəbri üstə o qarlı-şaxtalı soyuq yanvar sabahında gəncləri oraya yığan qüvvə nədir?”.

Həsən bəy bir anlıq fikrə getdi və mənə bilmədiyim bəzi həqiqətləri anlatmağa çalışdı: “Bilirsinizmi, mən 30 ilə yaxındır bu ağır mücadilənin içindəyəm. Ancaq ən yaxşı tanıdığım, müşahidə etdiyim  Azərbaycan Xalq Cəbhəsidir. Rəhmətlik bəy həmişə deyirdi ki, Cəbhə Azərbaycanın mübarizə tarixinin və dünyadakı demokratiya mücadiləsinin fenomenidir. Tarix bəyin dediyini təsdiq etdi. Nə ölüm, nə məhbəs, nə məcburiyyət Cəbhənin əzmini, iradəsini məhv edə bildi. Hökumətin hər zərbəsi, hər amansızlığının Cəbhəyə yeni güç, yeni qüvvət verdiyini mən yalnız mənəvi olaraq deyil, fiziki-bioloji şəkildə hiss edirəm. Əqidəyə sahib olmaq insana elə bir dəyər qazandırır ki, bu dəyəri dərk etmək həm çox asandır, həm də çox çətin. Diqqət edin, bir tərəfdə hər cür maddi zənginlik, var-dövlət, şəhvət, kef içində pırsımış gənclik var. Bu gəncliyin ömrü atalarının ələ keçirdiyi milyonlar, milyardlardır. Bu milyonlar, milyardlar özünü yandıranların, ac-susuz yaşayanların, evsiz-eşiksizlərin, haqqı yeyilənlərin qanıdır. Bu qanı əmənlər elə quduzlaşmışlar ki, onların tək düşməni haqq-ədalət, hüquq istəyənlərdir. Bu harın gənclik üçün Qarabağ adlı dərd yoxdur. Çağdaş dünyanı pulla, sərvətlə aldatmağı həqiqət bilən bu gənclik üçün öz ataları, ailələri daxil heç bir müqəddəs şey yoxdur və ola da bilməz. Bu gənclərin əlinə silah alıb Vətən torpağını azad etməsi xülyadır. Amma Allah bu dünyanı yalnız zalımlardan, qaniçənlərdən yaratmayıb. Azərbaycan bu siyasi, mənəvi, hərbi böhran içində əzilə-əzilə özünün sabahını da yetişdirib. Sabahı yaradacaq o gənclərin gözünü qırmaq, qorxutmaq, əzmək, məhv etmək mümkün deyil. Bu gəncliyin gücü həm yerdədir, həm göydə. Həm tarixdədir, həm də gələcəkdə…”.

Həsən bəyi dinlədikcə öz-özümə düşünürəm: indiki rejim təzyiqi artırdıqca, daha çox yolunu-irzini azdıqca, quduzlaşdıqca güclənən Məmməd Əminin, Elçibəyin düşüncələri ətrafında birləşənlər milli haqları və dünya demokratik dəyərlərini həyati kriterə çevirdikcə nələr olacaq? Vətən bu səfalətdən, bölünmüşlükdən qurtara biləcəkmi? Bu suala cavab vermək üçün Həsən bəyin sözlərinin işığında yaşadığımız günlərə, yaxın keçmişə dönmək istəyirəm.

Bəli, Heydər Əliyev aldığını aldı, satdığını satdı, öldürdüyünü öldürdü, tutduğunu tutdu, aldatdığını aldatdı. Və hakimiyyəti bir relsin üstündə oğlu Ilham Əliyevə verdi. Qarşıya qoyulan məqsəd Azərbaycan tarixini təhrif etmək, korrupsiya dövləti qurmaq, hüquq adlı bir şeyin olmadığı idarəçilik sistemi qurmaq, yaltaqlıqla, əxlaqsızlıqla şərtlənən bir məmləkət yaratmaq. Rusiyaya da, Qərbə də istədiyini vermək, Qarabağ adlı məsələni yaddaşlarda çürütmək, azad fikri, demokratik düşüncəni, milli məfkurəni məhv etmək, daşını daş üstə qoymamaq. Allaha deyil, şeytana ibadət edən bu hökumət yer üzünün ən murdar şeylərini Azərbaycana gətirib bu millətin sağlam damarlarını kəsməyi, bu əcayib dövləti kef padşahlığı kimi saxlamağı özünə amal etdi.

Öz-özümə düşünürəm: ”Nədən Cəbhə?”. Şübhəsiz, mən bu sualı qarşıma qoyanda Azərbaycanın digər demokratik qüvvələrini kənarda qoymaq kimi yanlış düşüncədən tamamilə uzağam. Cəbhə mənə doğma olduğu üçün də onu mərkəzdə qoymaq istəmirəm. Sadəcə, son 10 ildə yaşananları təhlil edərkən bu fisqü-fücurun, oyunların mərkəz hədəfi olaraq Cəbhəyə qarşı törədilənləri araşdırmaqla bərabər, gözlənilənləri də yazmağı özümə borc bilirəm. 5 dəfə Cəbhəni iqamətgahdan çıxardılar, son biabırçılıq – iqamətgahının partladılması terror aktından başqa şey deyil. Ört-basdır etmək üçün tələm-tələsik binanı yerli-dibli sökmələri, təxribat üçün əllərindən gələn hər şeyi etmələri bunun hakimiyyətin planı olduğunu həm ölkə vətəndaşlarına, həm də beynəlxalq aləmə yetərincə anlatdı.

Cəbhəyə gənclərin axını, Əli Kərimli ətrafında birləşən yeni gənclik qüvvəsi hökuməti rahatsız edən ən başlıca faktora çevrildi. Bu prosesin artan xətlə davam etməsinin hökuməti olduqca narahat etməsi təbiidir. Əli Kərimlinin qaynının həbsi, özünə xarici pasport verilməməsi, gündəlik təqib və ardıcıl qarayaxmalar, böhtanlar və hər cür alçaqlıq tədbirləri gəncliyi Cəbhə ətrafında birləşməyə yönləndirdi. Həbslər, qorxutma, aldatma kampaniyaları əks-tədbir effekti yaratdı. Mən bunu sosial həqiqətin qanunauyğun ifadəsi hesab edirəm.

Cəbhə haqqında, xüsusilə vətənsevər, cəsarətli, milli ruhlu, demokratik düşüncəli Cəbhə gəncliyi haqqında ürək sözlərimi yazarkən mən başqa müxalif siyasi partiyaları, “Real” hərəkatını, əqidəli müstəqil gənclərimizi əsla unutmaram. Azərbaycanda haqq-ədalət uğrunda savaşanların qələbəsinə əminliyimi də ifadə etmək istəyirəm. Azərbaycanı bu gün yaşadığı faciələrdən qurtaracaq insanları bağrıma basıb, can sağlığı diləyirəm. “Haqqın bükülməz qolu”nun zülmə, zalimə qalib gələcəyi gün uzaqda deyil. Bu prosesi yubadan imperial xülyalar yaşayan Rusiya və mənfəətpərəst “neftsoran” Qərb dairələridir.

Qarabağda, Suriyada, Ukraynada, Krımda, o cümlədən Gürcüstanda baş verən faciələrin, kataklizm və oyunların səbəbkarının birinci növbədə Rusiya olduğu şübhəsizdir. Rusiyayla bərabər, Çinin, İranın və bəzi Avropa-Amerika siyasi dairələrinin olması insanlığa utanc olan rəzalətin səbəbkarlarıdır.

Mən sözümə, düşüncəmə ara verəndə yenə Həsən dostumu, qardaşımı xatırladım. Onun dərdini ovudan, ona güc, qüvvət verən Azərbaycan Xalq Cəbhəsinə, onun qurucularına, əsgərlərinə, komandirinə və ən başlıcası mübariz, mətin gənclərinə təşəkkürümü bildirməyi özümə borc bilirəm. Bunu bir Azərbaycan vətəndaşının, həyatını türklüyə həsr etmiş türkün, bir cəbhəçinin və ən başlıcası bir atanın ürəyinin ən əziz yerindən gələn təşəkkür, minnətdarlıq və ümid sözü kimi də qəbul edə bilərsiniz. Yaxşı ki, varsınız…
Tanrı sizi qorusun!