Vəkil müstəntiqdən çağırış gözlədiklərini deyir
Dünən vəkil Əlayıf Həsənov 2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənli ilə görüşüb. Vəkilin sözlərinə görə, Ş.Həsənlinin saxlanma şəraitindən və səhhətindən şikayəti olmayıb: “Bu müddət ərzində Şahin bəy fiziki təzyiqlə, zorla kiminsə əleyhinə ifadə almaq cəhdi ilə üzləşməyib. Yeganə şikayəti özünə qarşı kobud rəftardan oldu”.
Ə.Həsənov Ş.Həsənli ilə polislər arasında üzləşdirmə olacağını da bildirib: “Şahin bəy ona qarşı irəli sürülən ittihamın absurd və qondarma olduğunu bildirir, ona görə də polislərlə üzləşdirilməsini tələb edir. Biz də bunu onların diqqətinə çatdırdıq. Indi müstəntiqin çağırışını gözləyirik. Böyük ehtimalla üzləşdirmə prosesi ilə bağlı Şahin Həsənlini Şəmkir polisinə aparacaqlar”.
Xatırladaq ki, Ş.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilən Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Həmin gün günorta dostugilə dincəlməyə gələn Ş.Həsənlini bir-iki saatlıq yuxu tutub. Gözünü açanda isə dörd nəfər mülki geyimli şəxsin başı üzərində dayandığını görüb. Vəkilin sözlərinə görə, Ş.Həsənlinin həmin gün gəldiyi evin giriş qapısı açıq saxlanılıbmış. Saat 17.30-da həbs olunan Ş.Həsənli bölməyə aparılarkən orada gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb.
Gəncə Apelyasiya Məhkəməsi həbs-qətimkan tədbirindən verilən şikayəti təmin etməyərək birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Gültəkin