İlham Əliyevin “yunan odu”

Və ya böhrandan çıxa bilməyən ölkəyə sərmayə qoymağın «incəlikləri» barədə…

 

Yunanıstan prezidenti Azərbaycana səfərini yekunlaşdıran gün dünyadan xəbərlər gəldi. Avropa Komissiyası, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı birgə yaydıqları sənəddə qeyd etdilər ki, Yunanıstan hələ uzun müddət dirçəlməyəcək. Ilham Əliyev isə bu ölkənin prezidentilə sazişə girdi və Azərbaycan qazını Yunanıstana satmağa qərar verdi.
Hələ bir neçə il bundan əvvəl Mixail Qutseriev adlı Rusiya oliqarxı ilə Azərbaycan rəsmiləri sazişə girdikləri gün Rusiyanın vergi polisi Qutserievin ofisini bağlamışdı. Başqa bir analoji addım isə, Tacikistana infrastruktur yatırımlarının qoyulması idi. Hərçənd, bütün bunların hamısı keçmişdə olub, amma sadalamaqda fayda var.
Azərbaycan hökuməti yaxşı təcrübələri sonraya saxladığı üçün indi ancaq batan gəmilərə sərmayə qoyur. Söhbət o Yunanıstandan gedir ki, Avropa Birliyinin nüfuzlu ölkələri bu dövlətə bir manat da yardım etmək istəmirlər. Niyəsi də çox açıqdır. Yunanıstan başdan ayağa korrupsiyaya batıb va bu ölkəni xilas etmək mümkün deyil. Hətta Almaniya kansleri Angela Merkelin Yunanıstanın borc istəyinə sərt təpkisi belə olmuşdu ki, rəsmi Afina adalarını satmalı və vəziyyətdən özü çıxmalıdır.
Yunanıstanla olan müqavilənin diqqət çəkən başqa bir məqamı da var. Bu da təbii ki, qaz məsələsidir.

 

Türkiyəyə “yox”, Yunanıstana “hə”?

“WikiLeaks” saytı Ilham Əliyevin ABŞ diplomatına dediklərinə istinadən belə bir məlumat yaymışdı ki, Azərbaycan Türkiyənin regionda enerji mərkəzinə çevrilməsini istəmir. Buna görə də qazı Rusiya və digər ölkələrə satır. Bu məlumat bir daha təsdiqini tapmış oldu. Dünyadakı iqtisadi böhrandan örnək üstünlüklərlə çıxan Türkiyəyə qaz satmayıb da, borcları ucbatından torpaqlarını satan Yunanıstanla biznesə girişmək nədən qaynaqlana bilər? Görünür, rəsmi Bakı Ankaraya olan münasibətini gizlətmək fikrindən uzaqdır. Türkiyənin iddiası olan sahələrdə biznesi Türkiyənin birbaşa rəqiblərilə qurmaq o deməkdir ki, Azərbaycan rəhbərliyi dövlətin iqtisadi, hətta mənəvi siyasi maraqlarını deyil, öz şəxsi gəlir-çıxarlarını önə çəkir. Bu isə Ilham Əliyevlə Ərdoğanın münasibətlərinin kəskin şəkildə gərginləşməsini sübut edir.

Bu da bir korrupsiyadır

Əlbəttə, mən iddia etmirəm ki, Yunanıstanda Azərbaycan rəhbərliyindən daha istedadlı korrupsionerlər var. Amma biz necə Asiyanın lideriyiksə, onlar da eləcə, Avropanın qabaqdagedənidilər. Ortaq qabiliyyət isə büdcəni talamaq, dövləti dünyada səfil gününə qoymaq, dövlətin torpaqlarını satışa çıxarmaqdır. Düzdür, bizdə məsələ hələ torpaqlara qədər dərinləşməyib. Yəqin bu da ona görədir ki, ölkə cavandır və korrupsiyanın bütün incəliklərinə yiyələnmək mümkün olmayıb.
Bütün bunlar bir daha göstərir ki, Yunanıstanla iqtisadi münasibətlərə girmək batan gəmiyə bilet almaqdır. Ilham Əliyevin belə bir addım atmasının yalnız bir səbəbi ola bilər: dünya ilə münasibətlərin korlandığı bir vaxtda, böyük çirkli pulları yalnız ehtiyacı olan və maliyyənin mənbəyini açıqlamağı tələb etməyən ölkələr vasitəsilə yumaq istəyi… Görünür ki, bu sevda baş tutub və Azərbaycanın daha neçə milyard pulu şəxsi məqsədlər üçün fəda edildi – bunu sonralar biləcəyik.

Seymur Həzi