Ukraynanın “maidanua.org” (Maydan) saytı Milli Şuranın Krım məsələsində Kiyevə dəstək bəyanatını dərc edib. Xatırladaq ki, martın 13-də Demokratik Qüvvələrin Milli Şurası Ukraynada baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilirdi:
“Bu ilin fevral ayında Ukrayna inqilabı qələbə çaldı. Dünya sözün tam mənasında Maydan hadisələrinin təsiri altındadır. Ölkənin paytaxtı Kiyev şəhərində 3 aya yaxın davam edən ölüm-dirim savaşı Ukrayna xalqının qələbəsi ilə başa çatdı. Kiyev Maydanında əldə edilmiş tarixi qələbə bir ölkə olaraq Ukraynanı dünya səhnəsinə çıxardı. Ukrayna xalqı Avropanı seçdi, Avropa dəyərlərini seçdi, öz mübarizəsi ilə gələcək yolunu və gələcək taleyini müəyyən etdi. Sovetlərin çöküşü zamanı əldə edilmiş müstəqillik azadlıq və demokratiyanın təntənəsi ilə tamamlandı. Ukrayna Ali Radası xalqın iradəsinə uyğun olaraq ölkədə prezident seçkiləri təyin edib və yəqin ki, bu seçkilər ölkənin həyatında yeni eranın başlanmasının hüquqi əsaslarını qoyacaq.
Lakin Maydan inqilabının qələbəsindən sonra Ukrayna ətrafında dramatik hadisələr cərəyan edir. Öz taleyini müəyyən etmiş müstəqil bir respublika Rusiya Federasiyası tərəfindən təhdidlərə məruz qalır. Ölkənin ərazi bütövlüyü üçün ciddi təhlükə yaranıb. Ukraynanın bir hissəsi olan Krımın ondan qopardılması üçün Rusiya bütün leqal və gizli təzyiq üsullarından istifadə edir. Rusların və yayğın bir ifadə olan rus dilli əhalinin təhlükəsizliyinin qorunması adı altında Moskvanın Krıma hərbi kontingent göndərməsi, beynəlxalq hüququn universal prinsiplərinə tamamilə ziddir və suveren bir ölkəyə qarşı təcavüz cəhdidir. Biz Demokratik Qüvvələrin Milli Şurası olaraq beynəlxalq birlik tərəfindən Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində bütün gərəkli addımların atılması, onun siyasi, diplomatik, iqtisadi və ilk növbədə mənəvi baxımdan müdafiə edilməsini zəruri hesab edirik. Ukrayna xalqının apardığı mübarizə haqq işidir və dünya bu qarşıdurmada Ukrayna xalqının yanında olmalıdır. Bu gün Ukrayna ətrafında cərəyan edən hadisələr Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsinin daha geniş miqyasda təkrarıdır. Açığını demək lazımdır ki, həmin vaxt təcavüzə məruz qalmış Gürcüstan dünya birliyi tərəfindən lazımı dəstəyi almadı və post sovet məkanına münasibətdə Rusiya güclü çəkindirici imkanlar əldə etdi. Ümid edirik ki, Ukraynaya münasibətdə bu səhv təkrar olunmayacaq, referendum adı altında yarımadada həyata keçirilən anti-konstitusiyon, BMT prinsiplərinə və Helsinki Yekun Aktına zidd olan addımlar hansısa bir hüquqi nəticələr doğurmayacaqdır.
Bu hadisələrin Krımın muxtariyyəti, yarımadanın demoqrafik mənzərəsi fonunda baş verməsi bir sıra suallar doğurur. Artıq üç əsrə yaxındır ki, Krımın qanuni sahibləri olan tatar əhalisinin doğma yurdunun qəsb edilməsi prosesi baş verir. Krım xanlığının Rusiya imperiyası tərəfindən işğalı ərəfəsində onun hüdudlarında 7 milyona yaxın türk-müsəlman əhalisi yaşayırdı. Rus işğalları dövründə yeli əhalinin sayı kəskin şəkildə azalıb milyon yarıma endi. 1897-ci ildə Rusiyada keçirilən əhali sayına görə Krımda tatarların sayının 186 min nəfərə endiyi məlum oldu. Sovetləşmənin ilk illərində, 1921-ci il statistikasına görə isə Krım Muxtar Sovet Sosialist Respublikasında cəmisi 186 715 nəfər tatar əhalisi yaşayırdı. Sovetləşmənin ilk illərində Krıma Muxtar respublika statusu, məhz yarımadanın qanuni sahibləri olan tatarlara görə verilmişdi və bu status SSRİ-nin 1936-cı il Konstitusiyasında təsbit olunmuşdu. Lakin Krım tatarlarının taleyində ən fəlakətli hadisə İkinci dünya müharibəsinin gedişində baş verdi. 1944-cü ilin may ayında SSRİ Müdafiə Komitəsinin qərarı ilə heç bir hərbi zərurət olmadan 225 min əhali Krımdan sürgün edildi ki, bunun da 183 mindən çoxu tatar əhalisi idi. Krım tatarlarının öz doğma yurd-yuvalarından deportasiya edilməsi həmin dövrdə Qara dəniz sahillərinin Türkiyə ilə etnik qohumluğu olan xalqlardan təmizlənməsi istiqamətində həyata keçirilən sovet siyasətinin tərkib hissəsi idi. 1944-cü ildə Krımdan deportasiya edilən tatarların 151 604 nəfəri Özbəkistan, 31 551 nəfəri isə Rusiya Federasiyasının müxtəlif ərazilərində yerləşdirildi. Artıq Krımda muxtariyyətin subyekti olan tatar əhalisi orada qalmadığı üçün 1945-ci ilin iyun ayının 30-da ÜİK(b)P MK-nin Siyasi Bürosu Krımın muxtariyyətini ləğv edib onu Rusiya Federasiyasının tərkibində vilayətə çevirdi. Ərazi baxımından Krım yarımadasının Ukrayna sovet respublikasına yaxınlığını nəzərə alaraq SSRİ Ali Sovetinin qərarı ilə 1954-cü ildə Krım Ukraynaya verildi.
Stalinin ölümündən sonra 1956-cı ildə deportasiya edilmiş xalqlar, o cümlədən Krım tatarları bəraət aldılar. Lakin digər deportasiya edilmiş xalqlardan fərqli olaraq Krım tatarlarının öz doğma yurdlarına qayıdış haqqı tanınmadı. Sovet gizli sənədlərində bunun səbəbi Krım yarımadasının Qara dəniz bölgəsində Türkiyə ilə sərhəddə yerləşməsi və Krım tatarlarının türklərlə etnik qohumluğu və dini inanc eyniliyi ilə izah edilirdi. Ötən əsrin 50-80-ci illərində Krım tatarları öz doğma yurdlarına qayıtmaq üçün ağır bir mübarizə dövrü keçmişlər bu gün yarımadada məskunlaşmış 300 min tatar əhalisi məhz bu mübarizənin nəticəsi olaraq Krıma dönə bilmişdir. SSRİ dağılandan sonra Ukraynanın tərkibində Krım muxtariyyətinin bərpası tatarların tarixi haqqının tanınması kimi həyata keçirildi. Bu muxtariyyətə istinadən Rusiyanın Krım kartından Ukraynaya qarşı istifadə etməsi, yarımadadakı rus əhalisinin müdafiəsi adı altında Ukraynanın ərazi bütövlüyünə qəsd etməsi çağdaş dünya düzəni baxımından yolverilməzdir. Yaranmış vəziyyətdə Krım tatarlarının tarixi haqqı bərpa edilməli, onların Ukrayna daxilində dövlətyaradıcı millət olduqları tanınmalı və harada yaşamalarından asılı olmayaraq bir vaxtlar yarımadadan deportasiya edilmiş Krım tatarlarının varislərinə Ukrayna respublikası tərəfindən ikili vətəndaşlıq verilməlidir. Məhz, bu addımlar həm Ukraynanın ərazi bütövlüyünə, həm də tatarların öz doğma yurdlarına dönmələri üçün etibarlı təminat olardı.
Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, Rusiya öz hərbi qüvvələrini Krımdan çıxarmalı, Krım ətrafında baş verən hadisələr dinc yolla nizama salınmalı, problemin həllində beynəlxalq hüququn və beynəlxalq münasibətlərin universal prinsiplərinin rəhbər tutulmalı, Ukraynanın ərazi bütövlüyü əsas götürülməlidir”.
azadlıq.info


