Rejimin sıralarında nurçular varmış. Sizi bilmirəm, amma mən bu söhbətə inanmıram.
Bunlardan nurçu olmaz.
Bir vaxtlar solçu, indi sağçı olmadıqları kimi.
Dünənəcən alovlu ateizm təbliğçiləri ikən birdən-birə hacıya, Islam aşiqinə çevrilmədilərmi?
Dünənəcən kommunizm ideallarının carçıları ikən bu gün liberal dəyərləri dillərində əzbərə çevirən bunlar deyilmi?
Boş verin sağçı, solçu, nurçu, millətçi, daha nə bilim, nəçi olmalarını.
Bunlardan hətta və hətta səmimi, qəlbi ilə, beyni ilə, ruhu ilə yapçı belə olmaz!
Vəzifələri əlindən çıxınca, bizneslərini qapazlayıb əllərindən alınca YAP-a sırt çevirib, ən ağır ittihamları elə özləri dilə gətirmirlərmi?
“Simasız Quldurlar Partiyası” ifadəsini siyasi leksikonumuza daşıyan kim idi?
Bəs hansısa cinayətkarı ümummilli liderin göstərişi ilə azad etdiyini deyib kürsüsünü qorumağa çalışan?
Ya da bir zamanlar ən iyrənc ifadələrlə təhqir etdiyi, aşağıladığı müxalif liderlərə, jurnalistlərə həbsxana divarları ardından üzrxahlıq mesajları göndərən kim idi?
Indiyədək azmı gördük ağzı isti yerdə ikən, yağ-bal içində üzərkən YAP-a toz qondurmayan…
Dahi rəhbərin və oğlunun əlini, ətəyini öpən, amma vəzifəsini, pulunu itirdimi, rejimə qənim kəsilən, onun ünvanına ən stajlı müxalifətçidən belə qat-qat ağır tənqidlər, ittihamlar yağdıranları…
Azmı gördük illərcə tərifini yerə-göyə sığışdırmadıqları hakim gücə yalnız mədəsi, cibi ilə bağlı olanları…
“Bağda ərik var idi, salaməleyk var idi, bağda ərik qurtardı, salaməleyk qurtardı” – onların hər birinin həyat fəlsəfəsidir bu, həyat tərzidir.
Görəcəksiniz, bu rejimin bitişi ilə YAP bir günün içində necə bitəcək. YAP biletlərindən necə tonqallar çatılacaq.
Aralarından nə qədəri çıxıb, “biz sistemi içəridən dağıtmaq üçün hakimiyyətdə təmsil olunurduq” deyəcək, onu da görəcəksiniz.
Kimi hansısa müsahibəsini, kimi hansısa şeirini, kimi hansısa məqaləsini çıxarıb gözümüzə soxa-soxa bizi inandırmağa çalışacaqlar ki, o müsahibədəki filan cümlədə, o şeirdəki filan misrada rejimi sətiraltı ifadələrlə yıxıb-sürüyübmüş.
Və ən dəhşətlisi odur ki, buna inananlar, bunu alqışlayanlar olacaq. Onlar yenə “qəhrəman”a, “dissident”ə, kütlənin gözünün işığına çevriləcəklər.
Biz bu filmi artıq bir dəfə – 25 il öncə seyr etmişik.
Kommunist Partiyasının biletini qəlbinin başında gəzdirənlərin, and yerinə çevirənlərin bir gecənin içində necə kommunizm düşməninə, “müstəqillik aşiqi”nə, “xalq qəhrəmanı”na çevrildiklərini görmüşük.
O filmin yeni versiyasını izləməyimizə də çox qalmayıb.
Yazının əvvəlinə qayıdıram.
Bəli, bütün varlığımla inanıram, tam səmimiyyətimlə əminəm ki, bunlardan heç bir …çı olmaz, -çi, -çu, – çü olmaz.
Nurçu da olmaz.
Bunlar olsa-olsa, pulçudurlar, vəzifəçidirlər.
Bunlar kim haqlıdırsa onun deyil, güc kimdədirsə, onun yanına olmağı…
Ixtiyar sahibi kimdirsə, onun səfində yer almağı…
Karyera, komfort, lüks həyat imkanı hardadırsa ora doğru yürüməyi özlərinə həyat tərzi seçmişlərdir.
Bunlar rüzgar bir az tərs əsdimi, səf dəyişdirməyə…
Bağda ərik qurtardımı, bağı daşlamağə mahirdirlər.
Odur ki, nə hansısa ideolojinin daşıyıcısı, nə də hansısa məzhəbin qulluqçusu olduqlarına inanmaq mümkün deyil.
Siz inanırsınızsa, inanın.
Yəqin bu ağılla sabah, biri gün hakimiyyət dəyişəndə, “bağda ərik qurtaranda” onların həqiqətən sistemi içəridən dağıtmaq üçün bu rejimin sıralarında dayandıqlarına da inanarsınız.
“Qəhrəman” deyə alqışlayarsınız da hətta.
Biz buyuq çünki, bizdən hər şey gözləmək olar.