Yanılmıramsa, bu, Əliyevlərin 21-ci Novruzudur. 21 Novruzdur onlar xalqa Qarabağ yalanı danışırlar. Qabağlar bu yalanlara inananlar vardı, indi kimsə inanmır. Indi bu ölkədə hamı “prezident” adlanan kimsənin Qarabağla bağlı yalan danışdığını bilir. Indi bu ölkədə Əliyevlərin Qarabağı qaytarmaq istəyində olmadığını bilməyən yoxdur. “Çox söz yalansız, çox mal haramsız olmaz”,- deyirlər. Bunlar çox sözlə çox mal yiyəsidirlər. 21 ildə Azərbaycandan, Rusiyadan, uzaq Panamayadək milyardlarla pul, mal-mülk yiyəsi olublar – Xalqa Qarabağ yalanları danışa-danışa.
Qabağkı illərin Novruzqabağı Qarabağ ritorikası unudulmamış olar. O ritorikalar toparlama belə idi: “Qarabağ bizimdir, bizim olacaq”. I.Əliyevin indiki 19 mart çıxışında biz Putinin bir gün qabaq Kremldə etdiyi bəlli çıxışın bir sıra notlarını görürük. I.Əliyev bircə gündə dəyişib ürəklənərək Putin kimi danışmağa başlayıb: “Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycan öz suverenliyini bərpa edəcək, biz azərbaycanlılar Dağlıq Qarabağa, digər işğal edilmiş topaqlarımıza qayıdacağıq…” Bunları demirəm, bunlar, demək olar, 21 illik bəlli ritorika görsənişləridir. Putinsayağı yenilik sonuncu frazadadır: “Biz bütün tarixi torpaqlarımıza qayıdacağıq”. Çox ilginc bir görsəniş: indiyədək Rusiyanın qorxusundan Dağlıq Qarabağın adını qorxa-qorxa çəkən adam birdən… “bütün tarixi torpaqlarımıza qayıtmaq” istəyindən danışır. Nə baş verib? Bəlkə, aldadıb ələ almaq üçün Mustafa Krımoğluna tarixi torpaqlarında suverenlik boyun olan Putin I.Əliyevə də buna bənzər boyunolmada bulunub. Yoxsa, I.Əliyev keçmiş ritorikaların daha işə yaramadığını, xalqın ona inanmadığını düşünərək, eləcə də “tarixi torpaq” anlayışının etkili-effektli olduğunu görərək belə danışı?!
Görəsən o, düşünürmü Azərbaycanla bağlı “tarixi torpaq” anlayışının arxasında nələr yatır. Gəlin bunu ən azı özümüz üçün açıqlayaq. Azərbaycanla bağlı TARIXI TORPAQ anlayışının arxasında Rusiya saldırısından sonra əlimizdən çıxmış Dərbənd, Borçalı, Göyçə-Zəngəzur (bütövlükdə: Batı Azərbaycan), bütün bunlardan sonra Qarabağ, ayrıca olaraq Dağlıq Qarabağ durur. I.Əliyev “tarixi torpaqlarımız” kod adı altında bunları düşünürsə, bu, açıq deyilməlidir – hamının nədən danışıldığını bilməsi üçün. Lap üstüörtülü də deyilə bilər, ancaq… Putin Krımı Rusiyaya qaytarmaq üçün bir çoxlarının düşündüyü kimi, günlər, həftələrlə deyil, illərlə çalışmalarda bulundu. Bugünlər televiziya ekranlarından biz bunu aydın görürük. Putin bir sıra sferalarda Rusiyanı gücləndirə, ölkədə böyük çoxluğu gərəkirkən bir yumruğa döndərə bilib.
Bizdə necədir? Əliyevlər əldə qalan 80 min kv. metrlik Azərbaycanı çoxillik hakimiyətləri boyunca içəridən min yerə bölüb parçalayıblar. I.Əliyev müxalifəti “ermənidən betər düşmən” gözündə görür, ortaya bir dənə də fakt qoymadan “xain”, “satqın” adlandırır. Rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirən rejim satılmayan müxalifət partiyasının qərərgahını partladıb dağıdır, satılmayan müxalifət qəzetini qapatmaq üçün bütün administartiv resurslara əl atır, NIDAçılar başda olmaqla satılmayan gəncliyi şərləyib tutdurur, bütövlükdə yurddaşları satılan-satılmayan kateqoriyasına bölərək birincilərlə bağlı KÖKƏ, ikincilərlə bağlı KÖTƏK siyasəti yürüdür.
1870-ci ildə Prussiyanın Fransanı yenməsindən sonra kansler Bismarkdan savaşı kimin udduğunu soruşmuşdular. Onlar “Mən!” deyiləcəyini gözləyirkən Bismark demişdi: “Prussiya müəllimi”. O çağlar Bismark Prussiyada bütün Avropadakından üstün TƏHSIL SISTEMI yaratmışdı. Rüşvətə bürünmüş əliyevçi təhsil sistemi nə yetişdirir: yolsuzluq yolçuları, Azərbaycana yad təriqət adamları! Əlində olanı yetərincə yönətə bilməyənin “tarixi torpaq” istəyində bulunması Novruzqabağı da olsa, acınacaqlıdır…