Müsəlman və türk qənimləri

Ölkə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda camaatın özünün tikdiyi məscidlərin qapısı qıfıllanır, üstəlik, icra hakimiyyətinin möhürü ilə qapadılma rəsmiləşdirilir, eyni vaxtda Ilham Əliyevin xeyir-duası, yep-yekə məmurların iştirakı ilə yeni inşa edilən sinaqoqun açılış mərasimi keçirilir.

Sinaqoq da Allah ocağı, inşasında, açılışında bir qəbahət yox, əksinə, inam və iman var. Amma Allah ocağına sayğıdanmı sinaqoq tikilir? Ölkədə hər yəhudiyə az qala bir sinaqoq tikildiyi halda müsəlmanların ibadət yeri niyə qapadılmalıdır? Allaha azacıq inamı və imanı olan kimsə məscidləri müsəlmanların üzünə bağlayıb, səsini çıxardan din adamlarını türməyə doldurarmı?

Ola bilər – ərəb inqilablarından dəhşətli dərəcədə qorxan Əliyev rejimi demokratik zəlzələnin Islama çatdığından xoflanıb, elə güman edir ki, ölkənin 95 faizini təşkil edən müsəlmanları türməyə doldurmaqla azadlığın qarşısını almaq mümkündür.

Təfəkkürləri, dünyagörüşləri bu boydadı; olsun və inqilabın qarşısını almaq üçün neft pullarını indi də “müasir standartlara uyğun” türmələrin sayını artırmağa yönəltsinlər. Bəs, Yunanıstan prezidentinin Azərbaycanda rəsmi səfərdə olduğu bir vaxtda Quzey Kıprıs Türk Cümhuriyyətindən olan 2 qeyri-rəsmi şəxsin Xankəndinə səfərinə görə Türkiyə XIN-ə etiraz məktubunun adı nədir? Azərbaycanda kürd qruplaşmasına meydan tanıyıb, onları vəzifəyə daşıyıb, Türkiyəni bölmək üçün illərdi mülki vətəndaşları qətlə yetirən PKK-ya ölkədəki kürd qruplaşmasının maliyyə dəstəyi göstərməsinə şərait yaratmağın soyadı nədir?

Adam, sən Türkiyə ilə “bir millət, iki dövlət”sən, yoxsa, 80 milyonluq Türkiyəni barmağına dolamaq istəyirsən? Azərbaycanın dövlət maraqlarına Yunanıstan cavab verirsə, Türkiyə də Avropa Birliyi siyasətinə uyğun Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlıdır. Necə olur, Osmanlı dövlətini işğal etməkdə israrlı olan, bunu bacarmadıqda isə Türkiyə Cümhuriyyətinə qarşı iqtisadi-siyasi təzyiqlərini davam etdirən Yunanıstanla “strateji müttəfiqlik” yolları aramaq, yunan iş adamlarını ölkəyə çağırmaq, ticari dövriyyəni artırmaq üçün müqavilələr imzalamaq, neft vermək normal sayılır, amma 2 türkün Xankəndinə səfəri anormal? Ölkənin taleyini Rusiya, Yunanıstan kimi ölkələrlə müəyyənləşdirməkdə, Türkiyə ilə əlaqələri baltalamaqda məqsəd, məram nədir?

Təbii ki, bu hakimiyyəti Ilham Əliyevə Rusiya verib. Xatırlayırsınızsa, Saakaşvili müsahibəsində Rusiyanın onun legitimliyini tanıması üçün 2 şərt irəli sürdüyünü demişdi: Daxili Işlər və Milli Təhlükəsizlik nazirləri Moskvanın istədiyi adamlar olmalıdır. Saakaşvili imtina etmişdi.

Ilham Əliyevin 2003-cü ildə prezident seçkilərində xalqın qanı üstündən hakimiyyətə gələndən sonra ilk verdiyi sərəncam Namiq Abbasovun istefaya göndərilməsi oldu. N.Abbasovdan sonra MTN-in hansı səviyyəyə gəlməsindən isə bu ölkədə hamının xəbəri var!

Bu siyasət davam etdirilir: ölkənin strateji maraqları bir ailənin hakimiyyət ehtiraslarına qurban verilir, ağaların istəyi ilə Azərbaycan müstəmləkəyə çevrilir. Nəticə isə göz qabağındadır: müsəlman və türk ölkəsində hakimiyyət müsəlmanlara və türklərə qənim kəsilib.

Rejim rüsvayçılığı davam etdirir

Əli Kərimlinin evi qarşısında 3 gün dalbadal “etiraz aksiyası” təşkil etdirən hakimiyyətin “icazəsiz” piketçiləri seyr etməsi və efirdə göstərməsinin primitiv təfəkkürün bəhrəsi olduğunu deməyə ehtiyac yoxdur. Hamı bilir ki, bu gülünc şou çox uğursuz qurulub – axı, Əli Kərimliyə dəstək aksiyasını dərhal dağıdıb 4 nəfəri həbs etmək qarşısında “etiraz edənlərin” efirdən düşməməsinin məntiqi cavabı axtarılır?!

Dərd bu deyil. Bu qədər savadsız, bəsit, gülünc şounun müəllifinin bu “aksiyalar”la hakimiyyəti biabır etməsini anlamaması da dərd deyil – anlasaydı, Müsavat Partiyasının qarşısında növbəti belə bir şounu düzənləyərdimi?

Dərd odur ki, Azərbaycanı görün hansı siyasət sahibləri, hansı ağıl yiyələri, hansı təfəkkür mənsubları idarə edir!