Azərbaycanın Məzahir Pənahovunun cümlə ölənlərinə Allah rəhmət eləsin.
Qazaxıstanın Məzahir Pənahovunun aprelin 3-də Nursultan Nazarbayevə 95,55% səs yazmasından sonra bu qənaətə gəldim.
Göydən Allah baxır, Məzahir müəllimin başı riyaziyyatdan yaxşı çıxır.
Mütləq 100-dən bir az aralı dayanır.
Bu zalım oğlu deyəsən, ya zootexnikdir, ya da başında dəbəliyi (qrijası) var.
Adam sözün əsl anlamında ayı xidməti göstərib.
20 ildən artıq Qazaxıstanın padşahı olan Nursultan Nazarbayevə qazax xalqının elliklə məhəbbətinin 100 faizə yaxınlaşdığını bəyan edib.
O Nursultan Nazarbayevə ki, şəxsən özü və üç qızı – Dinarə, Aliyə və Dariqa Qazaxıstanın sərvətləri sayəsində dünyanın ən zəngin adamları sırasında dayanırlar.
Qızı Dinarənin əri Timur Kulibaev “KAZTRANSQAZ” kompaniyasının başında dayanır.
Və bu kompaniyanın nə demək olduğunu neft və qaz ölkəsi olan Azərbaycanda hər kəs yaxşı başa düşür.
Dinarə və əri Timur Qazaxstanın ən varlı ailələrindən biridir.
Təbii ki, Nazarbayevin böyük qızı Dariqa var-dövlət məsələsində bacısından öndədir.
3 uşaq anası olan Dariqa ərindən boşanıb.
Əri Rahat Əliyev indi Avropa ölkələrinin birində siyasi mühacir həyatı yaşayır və bir vaxtlar Nursultan Nazarbayevin ən yaxın adamı kimi Qazaxıstan təhlükəsizlik orqanlarına rəhbərlik edirdi.
Aralarında nə baş verdisə, kürəkən başını götürüb ölkədən qaçdı və mühacirətdə “Xaç qayınatası” adlı bir kitab yazdı.
Bu kitabda Rahat Əliyev Nazarbayevin elə cinayətlərindən söhbət açır ki, ağlı başında olan adam dəhşətə gəlir.
Qayınatanı kürəkəndən yaxşı kim tanıyar ki?
Yəni demək istəyirəm ki, Rahat Əliyevin yazdıqlarına şəxsən mən inanıram.
Kitabı oxumayanlar tapıb oxusunlar və əminəm ki, Rahat Əliyevin yazdıqlarına şəkk etməzlər.
Əri xaricə qaçdıqdan sonra Dariqa Nazarbayeva Qazaxıstanın 1 saylı adamına çevrilib.
Ölkədə demək olar ki, bütün işlər onun vasitəsi ilə həllini tapır və hətta bir çox ekspertlər gələcəkdə Dariqanın Nursultan Nazarbayevi əvəzləyəcəyini əminliklə yazırlar.
Kiçik qızı Aliyəni neçə il əvvəl Qırğızıstanın sabiq prezidenti Əsgər Akayevin oğluna vermişdi Nazarbayev.
Izdivacları çox çəkmədi.
Məlum oldu ki, Aliyə narkotik aludəçisiymiş və talağını verib dədəsinin üstünə qaytardılar.
“Qazaxbaşı”nın ailə məsələsində problemləri çoxdur.
Iki qızının ailəsi dağılıb.
Özünün də arvadı Sara ilə boşanması barədə ötən ilin yayında keçmiş kürəkəni Rahat Əliyev mətbuata açıqlama verdi.
Bunları nədən yazdım?
Yazdım ki, belə bir ailə başçısına qazax xalqının məhəbbətinin haradan qaynaqlanmasını götür-qoy edəsiniz.
Adamın əxlaqı bir yana, ailə üzvləri ilə bərabər Qazaxıstan dövlətini çökdürür.
Və aprelin 3-də keçirilən növbədənkənar prezident seçkilərində Qazaxıstanın Məzahir Pənahovu “SULTAN”ın 95,55% səs topladığını açıqlayır.
Əcaba, qazax xalqı bu qədər qanmazdır ki, onu it günündə yaşadanı, ölkəni çapıb-talayanı, mənəviyyatsız bir ailə başçısını yekdilliklə özünə başçı seçir?
Təbii ki, belə deyil.
Işin içində hansı mətləblər dayandığınıı anlamaq o qədər də çətin deyil.
Tanış mənzərədir.
Sadəcə, “Sultan”ın şirinlik dozasını çox artırıblar.
Şirinliyin də ki, dozası çox oldu mütləq partlayacaq.
Qarpızın, yemişin, balqabağın şirinliyindən partlamasını yadınıza salın.
Baxarsınız, Nazarbayevə nəzər dəyəcək.
Ilk nəzər ATƏT-dən dəydi.
Sonrasını gözləyin.

Nazarbayevə nəzər dəyəcək
•