Əli Kərimlidən qazilər haqda açıq söhbət

AXCP sədri Əli Kərimli Qarabağ qazilərinin taleyinə cəmiyyətin yetərincə həssaslıq göstərməməsini qınayan yazı yazıb. AXCP sədrinin Facebook səhifəsində paylaşdığı həmin yazını təqdim edirik:

Yazmaya bilmədiyim yazı

Nə baş verir dostlar? Qarabağ qazilərinə lazımınca duyarlı ola bilməməyin səbəbi nədir? Hökumət bütövlükdə Qarabağı, o cümlədən Qarabağ uğrunda vuruşanları unutdurmaq siyasətində bu qədərmi uğur qazanıb? Yoxsa, hakimiyyət Qarabağ və vətənpərvərlik mövzusunu o qədər istismar, sui-istifadə edib ki, bütövlükdə mövzu gözünüzdən düşüb? Bəlkə bəzi Qarabağ qazilərinin problemlərini həll etmək üçün hökumətlə dil tapmaq, əməkdaşlıq etmək istəkləri xoşunuza gəlmədiyindən qazilərə küsmüsünüz?

İlk dəfə bu haqda sosial çətinliklərə, rastlaşdığı hüquqsuzluğa dözməyib intihar etmiş, 5 azyaşlı övladı yetim qalmış Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasimində cəmi bir neçə yüz nəfər insan iştirak edəndə yazmaq istədim. Növbəti məyusluğu Sumqayıtda Qarabağ qazisi Malik Məcidovun intiharından sonra yaşadım. Yerli hakimiyyət Malik bəyin problemlərini həll etmək əvəzinə onu psixi xəstəxanaya salmağa cəhd etmişdi. Qəzetlər yazdı, bizlər etiraz etdik, amma baş verən dəhşətli hadisəyə toplumdan, o cümlədən daha enerjili və mütərəqqi olan sosial şəbəkə fəallarından adekvat reaksiya olmadı. İndi də 22 dəfə əməliyyat olunmağa məcbur olmuş, bu səbəbdən banklara 40 min manat borcu yaranmış Qarabağ qazisi Şünasi Babayevlə bağlı oxşar biganəliyi müşahidə edirəm və ona görə də bu mövzuda açıq yazmaq qərarına gəldim.

Biz çalışırıq ki, ölkədə hüququ pozulan, köməyə ehtiyacı olan bütün təbəqələrə imkan daxilində dəstək verək. Evi sökülənlərə də, obyekti dağıdılan ticarətçiyə də, haqq istədiyi üçün həbs edilənlərə də, şərlənib həbs edilmiş dindarlara da, dəyişiklik istəyən tələbələrə, gənclərə də imkanımız daxilində mənəvi, siyasi, informasiya dəstəyi veririk. Amma belə bir paradoksu görmək çox üzücüdür ki, bütün bu təbəqələr arasından sosial şəbəkə fəalları Qarabağ qazilərinə daha az dəstək verir.

Səbəbi nə olursa olsun, bu biganəliyi haqsız sayıram. Əvvəla, ona görə ki, bu insanlar vətənimizi qorumaq üçün dünyanın ən gözəl neməti olan can sağlığını itiriblər və bununla bizim hamımızı özlərinə borclu ediblər. Onların sinələri ilə qoruduğu bu vətən hamımızın deyilmi? İkincisi, sizi əmin edirəm ki, Qarabağ qazilərinin böyük əksəriyyəti həm də orduya könüllü getmiş əsl vətənpərvərlərdir. Millət yalnız belə mərd oğulların çiynində öz şax qamətini qoruyub saxlayır.

Qarabağ qaziləri vaxtilə rejimin haqsızlıqlarına qarşı mübarizənin də önündə olublar. Sizin çoxunuz o zaman uşaq idiniz. 2000-2001-ci illərdə öz sosial hüquqları uğrunda ardıcıl mübarizə aparan Qarabağ Qazilər Birliyinin yüzlərlə fəalına hökumət divan tutdu. Biz toplum olaraq o zaman onları qoruya bilmədik. Qarabağ qaziləri təkləndi, hökumətimizdə də elə o vaxtdan insaf yoxdur.

Dostlar, biz ölkənin bütün problemlərinin həllini eyni adamlardan tələb etməli deyilik. Onlar gücləri çatanı bu vətən üçün artıq ediblər. Biz onlardan daha heç nə istəməli deyilik, təki canları sağ olsun. Amma onların haraylarına dərhal və hamılıqla reaksiya verməliyik. Çünki onlara borcluyuq. Borcumuzu unutmayaq!