Ramin Baxışı niyə döyürdülər?

Gənc arxadaşlara repressiya polisi ilə davranış gərəkcəsi

Bizim getdiyimiz Yol – Ulu, Qutsal Yol! Ölkəmizi, Millətimizə, Dövlətimizə Özgürlük, Demokratiya qazandıracaq bir Yol! Biz bu Yolun yolçuluğuna yüklənmişlərik! Bizi kimsə bu yola gətirmədiyindən, bizi kimsə bu Yoldan ayıra bilməz!

Biz ölkəmizin içindəyik, ölkəmizin dışında deyilik. Biz Ölkəmizin içində Ölkəmizi istəyirik! Biz millətimizin içində Millətimizi istəyirik! Biz milli sınırlarımız içində Dövlətimizi istəyirik! Biz Ölkəmizi, Millətimizi, Dövlətimizi əliyevçi antimilli, antidemokratik rejim IŞĞALINDAN qurtarmaq istəyirik! Biz Ölkəmizi, Millətimizi, Dövlətimizi gerilikçi feodal rejimindən qurtarıb çağdaş DEMOKRATIYA QALAKTIKASINA qatmaq istəyirik! Bizim istəyimiz yalnız budur – özgə nəsə istəmirik!

Özlərinin yaxın-uzaq minlərlə muzdlularını, ağır-çevik polis alaylarını 2 Apreldə Bakı küçələrinə çıxaran rejim başçıları müxalifətin ortaya vur-tut 350 adam çıxara bildiyi ilə bağlı yalanlar tirajlayırlar. Bunların “müxalifət yoxdur” deyə-deyə müxalifətdən qorxmalarına bax!- mitinqə beş-altı gün qalmış müxalifət aktivlərini tutmağa başlayıblar. Beləliklə, mitinq günündən xeyli qabaq repressiyalara girişiblər. Mitinqə neçə gün qalmış korrupsioner rejim televiziyalarını bütünlüklə işə salaraq antimüxalifət kampaniyası aparıblar. Ən başlıcası, indiyədək xalqı saymayan, xalqa yaxınlaşmağı belə özünə sığışdırmayan Ilham Əliyev ardıcıl olaraq xalqla görüşlər keçirib; indiyədək yolları asfaltlamaq işini Ziya Məmmədova tapşırırdı, özü indi yolların asfaltlanması işinə başçılıq eləməyə başlayıb; xalqın ötən yüzildən qalma supulu borcunu silib; aksiyaların effektini, aksiyaçıların sayını azaltmaq üçün gurultulu bir yığıncaq keçirərək… YUMURTANI ucuzlaşdırıb; əliyevçi rejimin uzun illərdən bəri keçirdiyi antidemokratik seçkilərdə olduğu kimi, indi də bütün administrativ resurslar işə salınmaqla müxalifətçilərin rayonlardan mitinqə gəlməsinin qarşısı alınıb!

Ramin Baxışı niyə döyürdülər?

Polislər tutulanlardan yuxarının göstərişinə uyğun “izahat” almağa çalışırlar. Bundan ötrü onlar ən çox gəncləri incidirlər – onları mənəvi baxımdan yenmək, sındırmaq, yoldaşlarının yanında gözükölgəli eləmək üçün!

Ramindən “izahat” almağa çalışan polis (bəxtiyarlığını əliyevçi repressiya poilisində tapan bu adamın adı Bəxtiyar idi) istədiyini ala bilmədiyindən Ramini sürəkli olaraq söyür, döyürdü. “Polis” adı daşıyan bu adam Ramini Ginnesin Rekordlar kitabına düşəcək söyüşlərlə söyürdü – bizim xalqda olmayan söyüşlərlə! Bizdən olan bir polis bizdən olmayan polis çoxluğunun dözülməz söyüşlərinə dözməyib dillənməli oldu!

Repressiv polis Bəxtiyarı çox söyüb-döysə də, Ramini dediyindən döndərə bilmədi. Raminin dözümü, qorxmazlığı, qoçaqlığı qarşısında yalnız baş əymək olar. Ancaq, bilmək gərəkdir: qanunçuluqdan uzaq repressiv polislə başqa bir davranış variantı da var. Müxalifətçilər, başlıcası da gənclər uzun yolun yolçuları olaraq, sağlamlıqlarını qorumaq baxımından, indi bildirəcəyim davranış variantına üstünlük verməlidirlər.

Birinci, aksiyada tutulmamağa çalışın; ikinci, tutulandan sonra poilislə konfliktə girməyin; üçüncü, polis idarəsində (bölməsində) sizə istəmədiyiniz “izahat” yazdırılırsa, aşırı dirəniş göstərməyin. Aksiyada tutulmusunuzsa, başlıca olaraq sağlamlığınızı düşünməklə tutuqluqdan tezliklə qurtulmağa çalışmalısız. Istədiklərini əldə etmək üçün sizi söyüş-təhqirlə, döyməklə özünüzdən çıxarmağa çalışırlarsa… yolunda çarpışma apardığımız, uğrunda baş qoyacağımız on səsli sevimli bir sözü dönə-dönə ürəyinizdən keçirin, öz-özünüzə pıçıldayın: A-z-ə-r-b-a-y-c-a-n! Dönə-dönə, dönə-dönə…

Tutulanda unutmayın: sağlamlığınızı qorumaqla siz yenidən Özgür, Demokratik Azərbaycan uğrunda savaş meydanına çıxmalısız!