“Qanuna”a dəstəyimdir!

“Qanun” nəşriyyatının ətrafında baş verənlər hər kəsə məlumudur. 

Zamanında hər nə qədər nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu ilə bir polemika yaşamış olsaq belə, bu gün vicdanım “Qanun”a qarşı yaşananları sakitcə, laqeydcəsinə izləməyə imkan vermir. 

Nəşriyyata kəsilən “ölüm hökmü” – 150 min manatlıq vergi cəzası səbəbi nə olursa olsun, Azərbaycanda kitaba, mədəniyyətə, elmə, bilgiyə, təhsilə elan edilmiş total müharibənin, ölkəni kitabsızlaşdırma, mədəniyyətsizləşdirmə siyasətinin, məmləkəti cinçıxaranların, ələmuçuranların ümidinə buraxmaq meyllərinin bir parçasıdır.

Əks halda, offşor şirkətlərə “yaşıl işıq” yandırıb bir nəşriyyatı bu şəkildə çökdürməəyə, yox etməyə çalışmaq heç nə ilə izah edilə bilməz. Ölkədə kitab işini yenidən diriltmək, canlandırmaq adına birilərinin fədakarlığının, cəfakeşliyinin cavabı və bədəli budursa, “Yazıqlar olsun!” deməkdən başqa söz tapmaq çətindir.

Çünki deyilməli nə varsa, 100 il öncə Üzeyir Hacıbəyov bir felyetonunda yazıb. Gəlin birlikdə oxuyaq.

***

Üzeyir bəy yazırdı:

“…Müsəlmana deyirsən ki, balam, gəl bir nəşriyyat cəmiyyəti quraq; həm özümüz pul qazanaq, həm özgəyə pul qazandıraq və həm də camaatımızın arasında savad artıraq.

Müsəlman bir qədər fikir eləyir və bir balaca gülümsünür və sonra deyir:

– Axı pulum yoxdur.

Sən bu sözə inanmırsan, çünki bilirsən ki müsəlmanın cibində elə bu saatın özündə bir əlli manat var ki, üzvlük payı üçün bəsdir və özü də elə yerlərə əlli manat xərcləyir min il çalışsa, o yerdən əlli qəpiklik də mənfəət görməz. Bunu deyirsən, yenə bir az fikir eləyir və deyir:

– Axı sən bilmirsən ki, əlli manatın əlli min dərdi var…

Bu sözün qabağına heç bir söz deyə bilmirsən. Doğrudan da, əlli manatın əlli min dərdi var. Ancaq başlayırsan qandırmağa ki, bu əlli manat itmir. Bəlkə iki-üç onu kimi əlli manat götürülüb yüz min şeyin dərdinə dərman olur. Müsəlman inanmaq istəmir və soruşur: 

– Yəni nə təhər?

Deyirsən ki, məsələn, birisi bir kitab yazır və istəyir ki, o kitabı çap etdirsin, amma pulu olmur. Gəlir nəşriyyat cəmiyyətinin yanına və kitabını o cəmiyyətə satır. Cəmiyyət kitabı alıb çap etdirib, satmağa başlayır. Satıb qurtarandan sonra görür ki, filan qədər mənfəət eləyibdir və mənfəəti də üzvlərinin arasında paylayır.

Müsəlman bu sözlərə qulaq asır və deyir:

– Bəlkə kitablar satılmadı?

Onda deyirsən ki, yaxşı, bəs onda sən heç dükana corab alıb qoyma. Deyir: “Nə üçün?” Deyirsən ki, bəlkə corablar satılmadı. Müsəlman gülür və deyir:

– Axı, corabla kitab bir deyildir! Corabı yenə ayağa geyirlər, kitabı nə eləsinlər?

Iş bu məqama gəldikdə sən özgə bir fikrə gedirsən və baxıb görürsən ki, bu cürə üzvlərdən nəşriyyat cəmiyyəti düzəltmək ona oxşar ki, palçıqdan iki mərtəbə ev tikəsən ki, sonra da uçub töküləndə altında qalan sən olasan. Ayağa durub, xudahafiz deyib gedirsən…”

***

Dediyim odur ki, bir halda özünüzün başınız sadəcə, sərvət toplamağa…

Var-dövlət yığmağa…

Offşor şirkətlərə…

Canım sizə desin, dünyanın dörd bir yanında dürlü-dürlü mülklər almağa qarışıbsa, barı kitab adına, bilgi adına, ədəbiyyat adına, kültür adına əlini daşın altına qoyub çətin, ağır çətin şərtlər altında bu ölkədə elmin, mədəniyyətin çırağının biryolluq sönməməsi üçün nələrsə etməyə çalışanların önünü kəsməyin. Azərbaycana edilən ən böyük pislik, yamanlıq elə bu olardı.  

Və bir də bunu yaddaşınızın bir yerinə yaxşı-yaxşı yazın: nə kitabsız bir toplumun axırı var, nə də kitaba qarşı savaşmağın.

Hər ikisinin sonunda amansız bir məğlubiyyətdən başqa heç nə yoxdur.