“Hakimiyyət müxalifətlə əməkdaşlığa hazır deyil”

Müxalifət yetkililəri partiyalararası əməkdaşlıq məsələsində hakimiyyətin səmimiyyətinə inanmır

 “Hakimiyyətin müxalifətlə hər hansı bir əməkdaşlığının şahidi olmamışıq. Mən inanmıram ki, hər hansı təklif olsun. Dəfələrlə demişik ki, müxalifət partiyası, müxalif mövqedə olmağımıza baxmayaraq, ölkənin taleyüklü problemlərilə bağlı həmişə Azərbaycan hakimiyyətilə müzakirələr apara bilərik” – bunu AXCP sədrinin müavini Gözəl Bayramlı Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun martın 17-də YAP-ın beynəlxalq əlaqələr komissiyasının ilk iclasında çıxışına münasibət bildirərkən deyib.

Gözəl Bayramlı yada salır ki, Novruz Məmmədov kimi, Əli Həsənov da dəfələrlə bu cür açıqlamalar verib: “Bu da növbəti dəfə cəmiyyəti aldatmağa yönəlib. Azərbaycan hakimiyyəti müxalifətlə əməkdaşlığa gedə bilməz. Indiyə qədər də belə bir hal olmayıb”.

Milli Şuranın sədri Cəmil Həsənli “publika.az”a açıqlamasında bildirib ki, hakimiyyət müxalifət partiyaları ilə əməkdaşlığa hazır deyil: “Dəfələrlə əməkdaşlıq istiqamətində anons verilib. Amma bu əməkdaşlıq özünü doğrultmayıb. Çünki hakimiyyət əməkdaşlığa hazır deyil və müxalifət partiyaları ilə əməkdaşlıq etmək fikrində deyil”.

Xatırladaq ki, Novruz Məmmədov çıxışında partiyalararası əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, bu, beynəlxalq münasibətlərin inkişafına və normal səviyyəyə çatmasına da öz töhfəsini vermiş olar: “Bu gün dünyada və Ukraynada baş verən proseslərə nəzər salmaq kifayətdir ki, partiyalararası münasibətlərin gücləndirilməsinin hansı əhəmiyyət kəsb etdiyini görəsən”.

Ramin