ABŞ-dan Əliyevlərə növbəti “sillə” (YENİLƏNİB)

Dövlət Departamenti hakimiyyətin işgəncələrdən tutmuş seçki saxtakarlığına qədər bütün naqisliklərini ifşa etdi

 

ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı illik hesabatını ixtisarla təqdim edirik.
Hesabatın ümumi məzmunu ondan ibarətdir ki, rəsmi Vaşinqton Azərbaycanda insan haqlarının vəziyyətinin getdikcə daha da pisləşdiyi qənaətindir. Söz və sərbəst toplaşmaq azadlıqları, siyasi partiyaların fəaliyyəti və vətəndaşların dinc yolla hakimiyyəti dəyişmək hüquqlarının məhdudlaşdırıldığı bildirilib.

Media və siyasi fəaliyyətə sərt məhdudiyyət

Hökumətin siyasi opponent hesab etdiyi şəxslərin məhkəməsiz həbs olunması halları davam edib. Ədliyyə və hüquq-mühafizə orqanlarında korrupsiya qalmaqdadır. Media və siyasi fəaliyyətlərə məhdudiyyətlər daha da sərtləşdirilib. Hökumət bəzi hallarda dini azadlıqları məhdudlaşdırıb. İnsan alveri ölkədə çox ciddi problem olaraq qalır.

Məhbuslarla qeyri-insani münasibət

Hesabatın işgəncə, qeyri-humanist rəftar və təhqir hallarına dair bölməsində deyilir ki, insan hüquqları müdafiəçiləri 169 şəxsin həbsdə olan müddətdə təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qaldığını qeydə alıb. Bunun nəticəsində 7 nəfər dünyasını dəyişib. 2009-cu ildə Azərbaycanın İnsan Hüquqları Mərkəzinin BMT-nin İşgəncə Komitəsinə təqdim etdiyi hesabatda göstərilir ki, rəsmilər onlarla pis rəftar edildiyini deyən məhbusların müstəqil tibbi ekspertizadan keçməsinə de-fakto qadağa qoyaraq, vəkillə görüşlərini gecikdirmişlər. Həbsxanada dözülməz ağır şərait hökm sürür. Hətta bəzi hallarda isə həyat üçün təhlükə yaranır. Əsas problemlər kimi qida çatışmazlığı, istilik və havalandırma sisteminin olmaması, məhbusların tibbi müayinə ala bilməməsi göstərilir. İfadə almaq üçün adətən, zirzəmilərdə tək kameralarda saxlanan məhbusların qida alması və yatmasına imkan verilmədiyi bildirilir.

Həbsxanalarda ölüm halları artıb

Həbsxanalarda ağır şərait nəticəsində bir neçə məhbusun öldüyü qeyd edilir. Ədliyyə nazirliyi keçən il həbsdə olarkən 106 nəfərin öldüyünü bildirir. Bu, rəqəm 2009-cu illə müqayisədə 19 faiz artıqdır. Ədliyyə Nazirliyi ölüm hallarına bir neçə xəstəliyin səbəb olduğunu və vərəm nəticəsində ölüm hallarının azaldığını göstərsə də, məhbusların çoxu vərəmdən ölüb.

Hökumət qanunlara əməl etmir

Qanunla ordersiz həbslər qadağan olsa da, hökumət bu qadağalara əsas etibarilə əməl etmir. Cəsazıslıq problem olaraq qalır. Təhlükəsizlik qüvvələrinin cəzasızlıq mühitində işləməsinə baxmayaraq, hökumət insan hüquqlarının pozulması ilə bağlı 174 şikayət əsasında Daxili İşlər Nazirliyinin 276 əməkdaşının cəzalandırıldığını bildirir. Hökumət cinayət işinin qaldırılması haqda məlumat verməyib, lakin Daxili İşlər Nazirliyinin polis qüvvələrinin 20 zabitinin işdən çıxarıldığını bildirib.

Saxta ittihamlarla həbslər ciddi problemə çevrilib

Həbs prosedurları və həbsdə olan müddətdə rəftarla əlaqədar hissədə deyilir ki, qanunla saxlanmış, həbs edilmiş, ya da cinayət törətmiş şəxslərə onların hüquqları və həbsin səbəbləri izah edilməli olsa da, hökumət bu müddəalara riayət etməyib. Çox vaxt polisə müqavimət göstərmək kimi saxta ittihamlarla qanunsuz həbslər  il boyu problem olaraq qalıb.

Hakimlərin qeyri-müstəqil fəaliyyəti və ədliyyə sisteminin korrupsiyalaşması

İl ərzində polisin dinc siyasi nümayişlər keçirmək cəhdlərinə görə müxalifət nümayəndələrini saxladığı halları qeydə alınıb. Məhkəmədən öncə şəxslərin 18 aya qədər saxlanması da ciddi problemə çevrilib. Hakimlərin müstəqil fəaliyyət göstərə bilməməsi ədliyyə sisteminin korrupsiyalaşmış və qeyri-effektiv olduğunu göstərir.
Beynəlxalq müşahidəçilər bir sıra hallarda hakimlərin müttəhimlərə hüquqlarını və onlara qarşı irəli sürülmüş ittihamı izah etmədiklərini bildirir. Təqsirsizlik prezumpsiyasının pozulmadığı hallarda belə, müttəhimlərin metal qəfəsdə qandallanmış vəziyyətdə məhkəməyə gətirilməsi halları buna dəlalət edir.

Hakim-polis işbirliyi

Qanunsuz yollarla ifadə almağın qadağan edilməsinə və bəzi müttəhimlərin ifadələrin işgəncə, ya da pis rəftar nəticəsində alındığını bildirməsinə baxmayaraq, bu hallar araşdırılmayıb və iddiaları təsdiq etmək üçün müstəqilə tibbi ekspertiza keçirilməyib. Hakimlər çox vaxt polisin pis rəftarına dair iddialara əhəmiyyətsiz hallar kimi yanaşır.

Siyasi məhbusların sayı durmadan artır

Yerli qeyri-hökumət təşkilatları ölkədə siyasi məhbusların olduğunu bildirir, lakin fərqli rəqəmlər göstərir. İl ərzində hökumət 6 jurnalist və 3 blogger daxil olmaqla, siyasi məhbus hesab edilən 11-14 arası şəxsi azad edib. QHT-lər ilin sonu üçün hökumətin 20-46 arasında siyasi məhbusu saxladığını bildirib. Siyasi məhbusların dəqiq sayı müəyyən deyil. Siyasi məhbusların çoxu 10 və 15 il azadlıqdan məhrum edilib. Son illər ölkədə siyasi məhbusların sayı durmadan artır. Hökumət siyasi məhbusların  əsas etibarilə Beynəlxalq Qırmızı Xaç və BMT kimi beynəlxalq təşkilatların nümayəndələri ilə görüşünə məhdud imkan verir.

Hakimiyyət söz azadlığına hörmət etmir

Hökumət əksər hallarda mətbuat və söz azadlığına hörmət etməyib. İl ərzində hökumət 6 jurnalist və 2 bloggeri azad edib, lakin mətbuat azadlığı problem olaraq qalıb.    Azərbaycan hökuməti “Amerikanın səsi”, “Azadlıq” və “BBC” radiostansiyalarının yerli FM dalğasında və milli televiziyada yayımına qadağa qoyub. Bu beynəlxalq yayım şirkətləri olmadan, ictimaiyyətin qərəzsiz informasiya almaq imkanları məhduddur. ATƏT-in Demokratiya və İnsan Hüquqları ofisinin müşahidəçilərinin gəldiyi nəticəyə görə, ölkədə televiziya kanallarının proqramlarının böyük hissəsi dövlət rəsmiləri və onların fəaliyyətinə həsr edilib.Hökumət tərəfdarı namizədlər rəsmi seçki kampaniyası dövrü televiziyada çox vaxt alaraq, öz rəqibləri ilə müqayisədə üstünlüyə malik olular.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid ölkə başçısının əvfindən sonra martın 17-də azadlığa buraxılıb. Beynəlxalq müşahidəçilər onun həbsini siyasi motivlərlə izah edirlər. İyul ayında jurnalist Eynulla Fətullayev heroin saxlamaq ittihamı ilə 2 il 6 ay həbs cəzası aldı. Hökm çıxarılan zaman Eynulla Fətullayev terrorizm, etnik zəmində nifrət yaymaq və verigən yayınmaq ittihamları ilə səkkiz il yarım həbs cəzasını çəkirdi. Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azad edilməsinə və ona kompensasiya ödənilməsinə çağırıb.

Jurnalistlərə qarşı təzyiq və təhdidlər

Hökuməti tənqid edən bir çox jurnalist vəzifələrini yerinə yetirərkən təhqir, hədələr və fiziki təzyiqə məruz qalıb. Sərhədsiz Reportyorlar Təşkilatının hesabatına əsasən, müstəqil və müxalifətçi jurnalistlər öz işinə görə daim təzyiq altındadır. Media monitorinqini aparan QHT-lər 2009-cu ildə 51 halla müqayisədə keçən il ərzində jurnalistlərin təhqir edilib, fiziki təzyiqə məruz qaldığı 106 insidenti qeyd edib.

Elmar Huseynovun qatilləri hələ də cəzalandırlmayıb

2005-ci ildə Elmar Hüseynovun qatillərinin cəzalandırılmaması ilə bağlı narahatlıqlar qalmaqdadır. Media və insan hüquqları fəalları hökuməti işlə bağlı ətraflı təhqiqat aparmağa çağırır.

Media nümayəndələrinə qarşı “şou-məhkəmə”lər

Jurnalistləri qorxutmaq məqsədi ilə şübhəli məhkəmə prosesləri açılıb. İl ərzində mətbuata qarşı 40 iş açılmışdır. Bu işlər Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev, Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev, deputatlar Cəlal Əliyev və Novruzəli Aslanov, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov və başqaları tərəfindən qaldırılıb.

“Azadlıq” hakimiyyətin hədəfində

Avqustun 1-də gündəlik nəşr olunan müxalifət qəzeti “Azadlıq” nəşriyyata borcunun olması səbəbindən nəşrini 2 günlük dayandırıb. Qəzetin baş redaktoru Qənimət Zahid bu hadisəni hakimiyyətin “Azadlıq”a qarşı hücumu və basqısı kimi dəyələndirib.

Müxalif mediaya qarşı embarqolar

Hökumət bəzi kitabxanaların müxalifət qəzetlərinə abunə olmasına, dövlətə bağlı biznes şirkətlərinin müxalifət qəzetlərində reklam yerləşdirməsinə qadağa qoyaraq, özəl şirkətlərin də bunu etməməsi üçün təzyiq göstərir. Hökumət internetə çıxış imkanlarına məhdudiyyətlər qoymasa da, internet xidmətləri provayderlərinin lisenziya alması və Kommunkasiya və İnformasiya Texnologiyları Nazirliyi ilə müqavilə bağlamasını istəyir. Nazirliyin verdiyi məlumata görə, əhalinin 45 faizi internetdən istifadə edir, ölkədə 100 nəfərə 14 komputer düşür. Hökumətin xarici biznes şirkətləri və müxalifət liderlərinin internet trafikinə nəzarət etdiyinə inanılsa da, bunu təsdiq etmək üçün dəlil yoxdur. Rəsmilər gənc fəallar və bloggerlər Adnan Hacızadə və Emin Millini zəmanətlə azadlığa buraxıb. Hökumət müxalifət, QHT-lər, din azadlığı fəallarının mitinqlər keçirməsinə icazə verməyib, sanksiyalaşdırılmamış piket və nümayişləri dağıtmağa davam edib.

Sərbəst toplaşmaq azadlığına kobud müdaxilə

Ötən ilin əvəllərində və ortalarında “Azadlıq Bloku”nun və Müsavat partiyasının Bakının müxtəlif yerlərində keçirdiyi icazəsiz aksiyalar polis tərəfindən dağıdılıb. Müxalifət tərəfdarları həbs olunub. Hakimiyyət vətədnaşların sərbəst toplaşmaq azadlıqlarını kobud şəkildə məhdudlaşdırıb.

Beynəlxalq standartlara cavab verməyən seçkilər

2010-cu il noyabrın 7-də keçirilən parlament seçkiləri demokratik seçki haqda beynəlxalq standartlara cavab verməyib. İqtidarda olan Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominantlıq edir. Müxalifət üzvləri başqa vətəndaşlara nisbətən rəsmilər tərəfindən təhqir və qanunsuz həbslərlə daha çox qarşılaşıb.

Müxalifət və müstəqil namizədlərin təbliğat kampaniyasının aparmasına zəruri şərait yaradılmayıb. Namizdələrin qeydə alınması prosesində ciddi pozuntular qeydə alınıb. Səsvermə və səslərin sayılması zamanı da total saxtakarlıq halları müşahidə olunub. 7 noyabr seçkilərini izləyən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasi proses boyu baş verən neqativ və pozitiv halların qeydiyyatını aparıb. ATƏT/DTİHB-in hər üç hesabatında həm seçki öncəsi, həm seçki prosesi zamanı və seçkidən sonra baş verənlərin beynəlxalq standartlara cavab vermədiyi öz əksini tapıb.

Siyasət şöbəsi