Krımda qan töküldü

Ukrayna, Polşa və Litva Rusiyanın təcavüzünə qarşı birgə hərbi briqada yaradır

Con Kerri: «Putin reallıq hissini itirib, bunun nəticəsi ağır olacaq»

Rusiya Konstitusiya Məhkəməsi Krımın Rusiyaya birləşdirilməsi haqda sazişi qanuni sayıb. Dinləmələr  qapalı şəraitdə keçirilib. Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkin bildirib ki, müvafiq sazişin Konstitusiyaya uyğun olmamasına etiraz edən tərəf olmayıb.

Duma Krımı bu həftə tanıyacaq

Federasiya Şurası martın 21-də Krımın Rusiyaya birləşdirilməsinə dair lazım olan sənədlərin ratifikasiyası məsələsinə baxılması üçün növbədənkənar iclas keçirəcək. Bu barədə Rusiya parlamentinin yuxarı palatasının spikeri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, iclasdan əvvəl həmin günÿməsələ ilə bağlı parlamentin profilli komitələr toplantı keçirəcəklər.
Rusiya Dövlət Duması isə bu həftə keçiriləcək toplantısında Krımın Rusiya ərazisi kimi tanınmasıyla bağlı qanunu qəbul edə bilər. Bu qərarın qəbulu Dumanın növbədənkənar toplantısında nəzərdə tutulub.

Qazaxıstan Krımdakı referendumu dəstəklədi

Qazaxıstan Krımda martın 16-da keçirilmiş referendumu əhalinin öz iradəsini sərbəst ifadə etməsi kimi qiymətləndirib və Rusiyanın qərarına anlayışla yanaşdığını açıqlayıb. Bu barədə Qazaxıstan XIN-in bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Qazaxıstan BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq hüquq prinsiplərinə bağlılığını bir daha qeyd edir: “Biz Ukraynada böhranın dinc yolla həlli üçün BMT və digər beynəlxalq təşkilatların himayəsi altında danışıqlar aparılmasını məqbul sayırıq”.

İvanişvili: “Rusiya Krımdan geri çəkilməyəcək”

“Qərbin təzyiqi Rusiyaya ciddi təsir edəcək, lakin Rusiya öz qərarından geri çəkilməyəcək”. Bu sözləri Gürcüstanın keçmiş baş naziri Bidzina Ivanişvili “Imedi” telekanalında çıxışı zamanı deyib. O bildirib ki, Ukraynanın ərazi bütövlüyü saxlanılmalıdır: “Hesab edirəm ki, Ukraynanın ərazi bütövlüyü saxlanılmalı və problem sülh yolu ilə olmalıdır. Lakin Rusiya Krım məsələsində bir addım da geri çəkilməyəcək və Qərbin təzyiqinə cavab olaraq özünün bütün resurslarından istifadə edəcək”. Ivanişvili Qərbin Rusiyanın Krımdakı hərəkətlərinə cavabının mötədil olacağını söyləyib: “Bu cavab 2008-ci ildə Gürcüstandakı duruma münasibətdən kəskin olacaq, lakin Rusiyanın geri çəkiləcəyi səviyyədə yox”.

AB Kremlin qərarını tanımır

Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu birgə bəyanatında bildirilir ki, Avropa Birliyi Krımın Rusiyaya birləşdirilməsini tanımır. Bəyanatda Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasının vacibliyi vurğulanıb. “Avropa Birliyi Krımdakı referendumun nə legitimliyini, nə də onun nəticələrini tanımır. Avropa Birliyi Krımın və Sevastopolun Rusiya tərəfindən anneksiya olunmasını tanımayacaq”, deyə bəyanatda vurğulanır. ÿ ÿÿ

NATO baş katibi etiraz edir

NATO-nun baş katibi Anders Foq Rasmussen Krımın Rusiyaya birləşdirilməsini pisləyib. Rasmussen qeyd edib ki, Rusiya tərəfi beynəlxalq hüquqa uyğun addım atmaq kimi çağırışlara məhəl qoymayaraq, çox təhlükəli yolla gedir. Onun sözlərinə görə, Rusiyanın bu yolda atılacaq sonrakı addımları onun beynəlxalq miqyasda təcrid olunmasını gücləndirəcək. Qeyd edək ki, bundan əvvəl Rasmussen Krımda keçirilmiş referendumu qeyri legitim sayıb.

Dövlət Departamenti bəyanat yaydı

ABŞ Krımda keçirilən referendumun nəticələrini və Krımın Rusiyaya qanunsuz birləşdirilməsini tanımır. Bu barədə brifinqdə qurumun mətbuat katibi Cen Psaki bildirib. Dövlət Departamentinin sözçüsü deyib ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Obama və Merkel Krımı müzakirə etdi

ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Krımdakı vəziyyəti müzakirə ediblər. Bu  barədə Ağ evin bəyanatında bildirilir. Iki ölkənin liderləri Ukraynadakı vəziyyətlə bağlı ümumi mövqeni əlaqələndirməyi davam etdirməyə dair razılığa gəliblər. ÿ

Klinton: “Rusiyanın təcavüzü digər dövlətlərə də yayıla bilər”

Rusiyanın təcavüzü digər dövlətlərə də yayıla bilər. Belə bir bəyanatla ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton çıxış edib. Monrealda keçirilən tədbirdə çıxışı zamanı H.Klinton qeyd edib ki, Rusiya prezidenti Putinin Krıma qoşun yeritmək üçün arqumenti Ukraynanın digər hissələrində, habelə Estoniya, Latviya və Litvada istifadə oluna bilər. “Putinin etdikləri qeyri-qanunidir. Bu, beynəlxalq hüquqa ziddir”. Klinton qeyd edib ki, ABŞ Avropanın enerji müstəqilliyi üçün daha çox işlər görməlidir.

BMT baş katibi bu gün Rusiyaya gedir

BMT baş katibi Pan Gi Mun bu gün Rusiyaya səfər edəcək. Bu barədə “Interfaks”a BMT-dəki mənbə məlumat verib. Mənbə BMT baş katibinin səfərinin detallarını açıqlamayıb.
Avstraliya Rusiyanın və Ukraynanın 12 vətəndaşına qarşı sanksiya tətbiq edib. Avstraliya XIN-dən verilən məlumata görə, bu addım Ukraynanın ərazi bütövlüyünə dəstəkdir. Avstraliyanın xarici işlər naziri Culi Bişop bildirib ki, sanksiyalar Rusiyanın Ukraynaya qarşı aqressiyasında mühüm rol oynayan şəxslərə qarşı tətbiq olunub. Həmin şəxslərin ölkəyə giriş qadağan edilib: “Bu bizim Ukraynanın müstəqiliyinə və ərazi bütövlüyünə dəstəyimizdir”.

Rusiya və Ukrayna hərbçiləri arasında atışma

Rusiya xüsusi təyinatlıları Simferopolda yerləşən Ukrayna Silahlı Qüvvələrinin fotoqrammetriya mərkəzinə hücum ediblər. Bu barədə “Informasiya müqaviməti” qrupunun təşkilatçısı Dmitri Timçuk bildirib. Onun sözlərinə görə, Rusiya xüsusi təyinatlılarına döyüş dəstəyi “özünümüdafiə” dəstəsi adlandırılan qruplaşmanın üzvləri tərəfindən göstərilib. Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznevin sözlərinə görə, hücum nəticəsində fotoqrammetriya mərkəzinin bir əməkdaşı həlak olub. Həlak olan hərbçi hərbi hissə ərazisində növbə çəkirmiş. Timçukun sözlərinə görə, atəş “özünümüdafiə” dəstəsi tərəfindən açılıb. Yaralı hərbçi xəstəxanada keçinib.ÿ
“LB.ua” isə məlumat yayıb ki, Rusiya xüsusi təyinatlılarının Simferopolda yerləşən Ukrayna Silahlı Qüvvələrininÿ fotoqrammetriya mərkəzinə həyata keçirdikləri hücum nəticəsində Ukrayna ordusunun giziri S.V.Kakurin ölüb. Insident nəticəsində həmçinin kapitan Fedunun və daha bir hərbçininÿyaralandığı bildirilir. Məlumatda hərbi obyektin zəbt olunduğu da bildirilir. Obyektdə olan Ukrayna hərbçilərinin tərksilah olunaraq meydançaya düzüldüyü bildirilir. Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrininÿ fotoqrammetriya mərkəzininin Krım “özünümüdafiə” dəstəsi deyil, Rusiya xüsusi təyinatlıları tərəfindən zəbt olunub. Ukrayna Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Məlumata görə, hücum edən şəxslər Rusiya Silahlı Qüvvələrinin fərqlənmə nişanı olmayan hərbi geyimdə olublar, avtomat və snayper tüfəngi ilə silahlanıblar.

Ukrayna hərbçilərinə silahdan istifadəyə icazə verildi

Ukrayna Müdafiə Nazirliyi Krımda hərbçinin həlak olması ilə əlaqədar, yarımadada yerləşən bütün hərbi hissələrə silahdan istifadəyə icazə verildiyini bəyan edib: “Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının səlahiyyətlərini və Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən rəsminin qərarına, həmçinin Baş Qərargah rəisi – UkraynaÿSilahlı Qüvvələrinin Baş Komandanının əmrinə əsasən, Krım Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrə silahdan istifadə etməyə icazə verilib”.

Yatsenyuk təcili komissiya tələb edir

Ukraynanın baş naziri Arseni Yatsenyuk Rusiya hərbçilərinin Krımda Ukrayna hərbçilərinə qarşı həyata keçirdikləri güc tədbirləri ilə bağlı məsələnin təcili həll olması üçün Ukrayna, ABŞ, Böyük Britaniya və Rusiyanın müdafiə nazirlərinin iştirakı ilə dərhal komissiyanın çağırılmasını tələb edir. Bu barədə Ukraynanın baş naziri dünən Müdafiə Nazirliyində çıxışı zamanı deyib. “Rusiya hərbçiləri Ukrayna hərbçilərinə atəş açmağa başlayıb, bu isə artıq hərbiÿ cinayətdir. Bu səbəbdən Budapeşt memorandumunun iştirakçıları olan Ukrayna, ABŞ, Böyük Britaniya və Rusiyanın Müdafiə Nazirlikləri səviyyəsində dərhal birgə komissiya çağırılmalıdır. Hərbi münaqişənin dərinləşdirilməsinə yol verilməməsi məsələsini həll etmək və Ukrayna dövlətinin hüquqlarının bərpasına və Rusiya tərəfindən beynəlxalq hüquq normalarının pozulmasının dayandırılmasına dair siyasi dialoqa başlamaq gərəkdir”.

Kiyevə hərbi dəstək

Polşanın Müdafiə Nazirliyi Litva və Ukrayna ilə birlikdə hərbi briqada yaratmaq planını açıqlayıb. Bu barədə “The Telegraph” məlumat yayıb. Məlumatda deyilir ki, Ukraynadakı mövcud böhran bu briqadanın yaradılması üçün yeni impuls oldu. “Keçən həftə Ukrayna müdafiə nazirinin müavini Brüsseldə NATO-nun qərargahında olub və Polşa-Litva-Ukrayna hərbi briqadasının yaradılması ideyası ilə çıxış edib. Indi nəinki bu ideyanı yeniləməyin, hətta onu həyata keçirməyin zamanı gəlib”, – deyə Avropa parlamentinin Polşadan olan üzvü Pavel Koval bildirib.
Litvanın Müdafiə Nazirliyi də bəyan edib ki, adları çəkilən üç ölkənin müştərək hərbi briqadasını yaratmaq prioritet məsələdir.

Ukrayna MDB-də sədrlikdən imtina etdi

Ukrayna Müstəqil Dövlət Birliyində (MDB) sədrlikdən imtina etmək qərarına gəlib. Bunu Ukrayna XIN-in Informasiya departamentinin direktoru Yevgeni Perebiynıs deyib. O bildirib ki, Ukrayna MDB-də bundan sonra qalıb-qalmamaq barədə qərar qəbul etmək hüququnu da özündə saxlayır.ÿY.Perebiynıs qeyd edib ki, Ukrayna MDB-nin bu qurumun ayrı-ayrı üzvlərinin, xüsusən Rusiyanın maraqlarının qorumaqla məşğul olan bir orqana çevrilməsindən təəssüflənir.

Baş komandan girov götürüldü

Ukrayna HDQ-nin baş komandanı Sergey Qayduk dünən bir qrup zabitlə birgə Sevastopolda öz mənzil-qərargahında saxlanılıb. Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, baş komandan naməlum şəxslər tərəfindən naməlum istiqamətdə aparılıb. Mətbuat xidmətindən həmçinin qeyd ediblər ki, Ukrayna hərbi hissələrinin demək olar ki, hamısı mühasirəyə alınıb, onların bir hissəsi ələ keçirilib. “Krıminform”un yaydığı məlumata görə, Qayduk müvəqqəti saxlanılıb.   
Ukrayna baş naziri Arseniy Yatsenuk birinci müavini Vitali Yaremaya və müdafiə naziri Iqor Tenyuxa münaqişədə gərginliyin aradan qaldırılmasına şərait yaratmaq üçün təcili Krıma getməyi tapşırıb. Lakin Krım separatçılarının lideri Sergey Aksyonov bildirib ki, Kiyev nümayəndələri yarımadaya buraxılmayacaq. “Onları heç kim Krıma buraxmayacaq, geri göndərəcəklər”, deyə o bildirib. Hər iki şəxs baş nazirin göstərişi ilə Krıma yollansa da, onları  yarımadaya buraxmayıblar.

Ukrayna Rusiyaya viza rejimi tətbiq edir

Ukrayna Rusiyaya viza rejimi tətbiq edəcək. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andery Parubiy məlumat verib. Artıq Xarici Işlər Nazirliyinə Rusiya Federasiyası ilə viza rejiminin tətbiq edilməsi tapşırılıb. Bu gündən etibarən Rusiya vətəndaşları Ukrayna ərazisinə yalnız viza aldıqdan sonra keçə biləcək.

“Kosovo Krım üçün nümunə ola bilməz”

ABŞ dövlət katibi Con Kerri bildirib ki, bir neçə il əvvəl Serbiyadan ayrılan və özünü müstəqil dövlət elan edən Kosovo Ukraynanın Rusiya tərəfindən anneksiya edilmiş Krım bölgəsi üçün presedent ola bilməz: “Kosovo məsələsində BMT qətnamə qəbul etmişdi, o məsələ milli azlığın hüquqlarının qorunması prinsipi əsasında, beynəlxalq qanunlara istinadla həll edilmişdi. Krımda heç kimin belə bir müdafiəyə ehtiyacı yox idi. Özü də elə bir vaxtda ki, Rusiya qoşunları oraya daxil olmuşdu. Yəqin ki, köməyə ehtiyacı olanlar – yalnız təslim olmaları üçün silahla qorxudulan Ukrayna əsgərləri idi”.
Kerri yada salıb ki, vaxtilə – 1968-ci ildə SSRI də Çexoslovakiyaya insanları müdafiə etmək adıyla qoşun yeritmişdi. O, sovet qoşunlarının yerləşdiyi Polşada insanların necə “müdafiə olunduğunu” gedib polyaklardan soruşmağı məsləhət görüb. ABŞ dövlət katibi deyib ki, indi Rusiyada iqtisadi sahədə ciddi problemlər var. Belə məyusluq milli qürur kimi məsələlərlə neytrallaşdırılır. Halbuki normalda həmin məyusluq, qəzəb tamam başqa səmtə yönələ bilər: “Əlbəttə, prezident Putinin reytinqi kəskin yüksəlib. 70 faizə-filana qalxıb. Hamı əzələ nümayişindən, bu ”nailiyyətdən” məmnundur. Amma məncə, sonda bunun nəticəsi ağır olacaq”.
Kerri qeyd edib ki, Rusiya prezidenti Krımla bağlı tarixi özünə sərf edən şəkildə təqdim edir. Amma əslində bu, reallıq hissinin itirilməsidir.