Rus kəşfiyyatı Bakıda əcnəbi diplomatı dinləyirmiş

Litvanın Bakıdakı səfirinin telefon danışıqlarının dinlənilməsi əməliyyatını Rusiya kəşfiyyatı həyata keçirib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Litvanın Dövlət Təhlükəsizliyi Departamentinin hesabatında bildirilir.

Litvanın Azərbaycandakı və Macarıstandakı səfirlərinin telefon danışıqları ötən ilin avqustunda internetdə yayılmışdı. Həmin telefon danışıqlarında Litva diplomatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın haqlı olduğuna dair ifadələr işlətmişdi. Telefon danışıqlarının yayılmasından sonra hər iki diplomat geri çağrıldı.

Litva Dövlət Təhlükəsizlik Departamenti bu məsələ ilə bağlı apardığı araşdırmanı tamamlayıb və nəticələrini açıqlayıb. Bildirilir ki, Rusiya kəşfiyyatının məqsədi Avropa Şurasına sədrlik edən və Şərq Tərəfdaşlığı sammitinə ev sahibliyi etməyə hazırlaşan Litvanı nüfuzdan salmaq, daxili siyasi gərginlik yaratmaq olub.

Hesabatda bildirilir ki, Rusiya kəşfiyyatının Litvaya və Litvadan edilən beynəlxalq telefon danışıqlarını dinləmək üçün bütün texniki imkanları var. Çünki bu telefon danışıqları Rusiyanın telekommunikasiya şəbəkəsi vasitəsilə ötürülür.