Putin presedenti

Krımda MDB ölkələri üçün xarakterik seçki sonucu: 98,5 faizlik uduş. Televiziya ekranlarından göründüyü kimi, yalnız rus Krımı deyil, bütün Rusiya eyforiya içindədir: Krım Rusiyaya qatıldı – Rusiya daha da böyüdü, genişləndi. Saya ruslar bir yana, biz bugünlər S.Mironov başda olmaqla, Rusiyanın siyasi liderlərinin Krımla bağlı necə sevinib-şadlandığını görürük. Istər-istəməz düşünməli olursan: bütün Rusiya ağlını itirərək erməni xəstəliyinə tutulub – ruslar bir ucunda gün doğan, bir ucunda gün batan Rusiyanın – bu yarımdünya ölkənin daha da böyüyüb genişlənməsini istəyirlər, özü də nə yolla olur olsun. Bu isə açıq-aydın patoloji görsənişdir. Başqa cür desək, anormallıq.

Anormallıq nədədir? Əlində olanı gərəyincə, yetərincə yönətə bilməyən bir dövlət daha çox böyüyüb-genişlənməyə çalışır. Bu isə o dövləti qaçılmaz olaraq dağılmağa aparır. Rusiya statistikasına görə, son 20 ildə Rusiyada 20 min kənd ölüb (özləri belə yazırlar: “ölüb”). SSRI-nin dağılmasından sonra 20 ildən çox keçib, Rusiya hələ də sosial-siyasi dağıntı prosesləri içindədir. Azərbaycan kimi Rusiya da bütün qanunların mafiya qanunlarından asılı olduğu oliqarxiyanın caynağındadır. Azərbaycan kimi… Azərbaycanın özü də daha çox Rusiyanın əlilə indiki anormal durumla üzləşməli olub. Rusiya özü demokratiya, qanunçuluq yolundan uzaq olduğu kimi, Rusiyadan ayrılmış qonşu ölkələrin də demokratiya, qanunçuluq yoluna çıxmasını var gücüylə əngəlləyir. Rusiya demokratiya, qanunçuluq yolu tutmaqla, sözsüz, qonşu ölkələr üçün çox çəkici bir ölkə olardı. Belədə, ola bilsin, Rusiyaya könüllü qatılmalar da olardı. Könüllü qatılmalar olmasa belə, qanunçu, demokratik Rusiya çevrə ölkələrdə də qanunçu, demokratik rejimlər qurulmasına çalışmaqla çox böyük uğurlar qazana bilərdi. Rusiya buna çalışmaq yerinə, özündə olduğu kimi, qonşu ölkələrdə də kriminal rejimlər qurulmasına çalışmaqla, çevrə ölkələrin xalqlarını özünə düşmən etdi.

Qarabağ, Güney Osetiya – Abxaziya, Dnestryanı kimi bölücülük-separatizm faktları ilə indiyədək Azərbaycana, Gürcüstana, Moldovaya problemlər yaradan Rusiya Krım faktı ilə özünə problem yaratdı. Özü də çox böyük, dağıdıcı bir problem! Bu bir presedentdir, epidemiya-presedent. Bunun ardınca ermənilər, başqaları ortaya atılacaqlar: referendum keçiririk! Bu isə domino effekti verəcək görsənişlərdəndir. Rusiya 1877-ci ildə tutub ələ keçirdiyi, sonra əlindən çıxmış Krımı öz torpağı sayır. Rusiya 1828-ci ildə Quzey Azərbaycanı ələ keçirib, sonra əldən verib. Indi necə olmalıdır? Sözsüz, Rusiya istəsə, günü bu gün Azərbaycanda da Krımda keçirdiyi referendumdan keçirə bilər. Rusiya bunu indiki kriminal rejimin özünün əli ilə edə bilər. Xalqın da Əliyevlər rejiminin zülmündən cana doymuş böyk bir kəsimi Rusiyaya qatılmağa səs verə bilər…

Rusiya televiziyalarından, qəzetlərindən bilindiyi kimi, Krımda indiki referendum sonuclarının ortaya çıxması üçün Putin başçılığında çox böyük, effektli kampaniya aparıldı. Kampaniyaya uyğun da uduş əldə edildi – bizim necə dəyərləndirməyimizdən asılı olmayaraq. Bunun qarşılığında ABŞ, Avropa Birliyi faktiki olaraq Maydandan uzağa getmədi. Bununla da onlar istər-istəməz Putinin region üçün qorxulu bir presedent – Krım presedenti yaratmasına yol açdılar. Onların haralardasa yubanan, haralardasa yarımçıq addımları qarşısında Putin inamlı yürüşdə bulundu. Ilkin qərara görə, Krımda referendum mayın 25-də, prezident seçkisilə bir gündə olmalı idi. Sonra martın 30-a çəkildi, sonra da martın 16-na. Bu isə Putindən qaynaqlanan qabaqlama idi. Qabaqlamaqla udma. ABŞ, Avropa Birliyi, Qaynarcalı Türkiyə sözə güc verirkən Putin işə güc verdi. Beləcə, birinci raundu Putin uddu. Yalnız birinci raundu. Sonrakı raundları, sözsüz, Rrusiyaya qarşı qaçılmaz olaraq formalaşacaq KOALISIYA gücləri udacaq…