Yanukoviç Leyla Əliyeva ilə qonşu imiş FOTO

Keçmiş prezident Rusiyanın ən zəngin qəsəbəsindən 52 milyonluq mülk alıb

Ukrayna mətbuatı devrilmiş prezident Viktor Yanukoviçin  yeni evi ilə bağlı maraqlı məlumatlar dərc edib. «Korrespondent.net»in yazdığına görə, hazırda Yanukoviç Moskva ətrafında – Rusiya prezidenti Vladimir Putinin rezidensiyasının yaxınlığında yaşayır. Belə ki, fevralın 25-də Rusiyaya gələn keçmiş Ukrayna prezidenti əvvəlcə Putinin yaxın adamlarına məxsus olan «Radisson Royal» mehmanxanasında yerləşib. Bir neçə saat sonra oranı tərk edərək Rusiya Prezidentinin İşlər İdarəsinin nəzarətində olan «Barvixa» sanatoriyasına gedib və orada bir sutkaya yaxın qalıb. 
Yanukoviçin fevralın 26-da köçdüyü yeni evinə gəlincə, bu təmtəraqlı mülk Putinin  rezidensiyasının bir kilometrliyində yerləşir.  «Mayendorf» kimi tanınan bu ərazidəki rezidensiyasında Putin öz əcnəbi qonaqlarını qəbul edir.

«Yanukoviç özünü evindəki kimi hiss edir»

Məlumatlara görə, Yanukoviç yeni mülkünü 52 milyon dollara alıb. Keçmiş prezidentin axşamlar yaxınlıqdakı çəmənlikdə gəzişdiyi, özünü evində kimi hiss etdiyi bildirilir. Onun rəfiqəsini isə tez-tez ərazidəki (Rublevo-Uspenski şosesi) «Dream House» ticarət mərkəzində görürlər.
Üç mərtəbədən ibarət olan yeni mülk ingilis üslubunda tikilib.  Evin olduqca gözəl dizayna malik olduğu və ingilis mebeli ilə təchiz edildiyi bildirilir. Evin ətrafında 3 min kv.m-ə yaxın meydança, 2 hektarlıq  meşə ilə əhatə olunmuş torpaq sahəsi var. «Mayendorf bağları» adlanan kotteclər qəsəbəsindəki bu mülklər ən yüksək standartlara cavab verir.

«Qəsəbənin sakinləri ancaq multimilyarderlərdir» 

Diqqət çəkən məqamlardan biri də məqalədə Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın adının çəkilməsidir. Müəllif yazır ki, «Mayendorf bağları»nın sakinləri ancaq multimilyarderlərdir:  «Məsələn, onlardan biri də Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevadır. Onun da bu ərazidə əmlakı var. Bura, Rusiyanın ən bahalı və qapalı qəsəbələrindən biridir. Qəsəbədə mühafizəni peşəkar komanda həyata keçirir. Onlar sakinlərin  təhlükəsizliyinə və gizli həyat sürməsinə maksimum riayət edirlər».

azadlıq.info