«Qara siyahıya» düşən rus məmurların Avropaya səfərlərinə qadağa qoyuldu və aktivləri donduruldu
Putin Krımın müstəqilliyi haqda sərəncam imzaladı
Martın 16-da Krımda keçirilən referendumun nəticələri elan olundu. Nəticələrə görə, Krım əhalisinin 96,6 faizi muxtar respublikanın Rusiya Federasiyasına birləşməsinə səs verib. Bunu Krım Ali Şurasının referendumun təşkili üzrə komissiyanın rəhbəri Mixail Malışev bəyan edib. Artıq protokolların 100 faizinin hesablandığı bildirilir. Krım Ali Şurası isə dünən muxtar respublikanın müstəqilliyi haqda qərar qəbul edib. Qərara 85 deputat səs verib. Krım parlamenti həmçinin Krımın Rusiya Federasiyasına qəbulu haqda Moskvaya müraciət qəbul edib. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin martın 18-də Krımın Rusiyaya birləşdirilməsi məsələsi ilə bağlı Federasiya Şurasına müraciətlə çıxış edəcək. Tədbir yerli vaxtla saat 15.00-da Kremlin Georgiyev zalında keçiriləcək. Həmin gün Dövlət Dumasının Krımla bağlı bəyanatı qəbul olunacaq.
Qərbdən ilk təpki
Krım referendumunun legitimliyini bundan əvvəl də tanımayan ABŞ-dan operativ və kəskin reaksiya gəlib. Ağ evin mətbuat katibi Cey Karni bildirib ki, beynəlxalq hüquq normalarını pozmaq Rusiyaya ciddi itkilərə başa gələcək. Karninin sözlərinə görə, dünya birliyinin əlini əlinin üstünə qoyub oturduğu və bir ölkənin digərinin ərazisini necə zorla işğal etdiyini müşahidə etdiyi günlər arxada qalıb.
Ağ evin məlumatına görə, martın 17-nə keçən gecə ABŞ prezidenti Barak Obama Vladimir Putinə zəng edib və Krım referendumunun nəticələrini tanımayacağını bəyan edib: “Prezident Obama qeyd edib ki, Rusiyanın hərəkətləri Ukraynanın suverenliyini pozmaqdır. Həmçinin bildirib ki, ABŞ və onun müttəfiqləri Rusiyanın hərəkətləri ilə bağlı sanksiya tətbiq etməyə hazırdır. Prezident əlavə edib ki, münaqişənin diplomatik həlli imkanları qalır. Lakin bunun üçün Krıma silahlı qüvvələrin müdaxiləsinə son qoyulması mühüm şərtdir”.
Respublikaçı senator Con Makkeyn isə ABŞ hakimiyyətini Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq etməyə, ölkənin neft ixracına zərbə vurmağa çağırıb.
Fransanın xarici işlər naziri Loran Fabius Rusiyanı Ukraynada gərginliyin yatırılması üçün tədbirlər görməyə çağırıb və Krım referendumunu qanunsuz adlandırıb: “Rusiya Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanımalıdır. Krımda referendum legitim deyil və Ukrayna Konstitusiyasına ziddir”.
Böyük Britaniya XIN rəhbəri Uilyam Heyq də oxşar bəyanatla çıxış edib: “Britaniya referendumu və onun nəticələrini tanımır”. Heyq Rusiyanı siyasi və iqtisadi sanksiyalarla hədələyib.
Avropa Birliyindən 21 nəfərə sanksiya
Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Rusiya və Ukraynanın 21 vətəndaşından ibarət siyahını razılaşdırıblar. Bu şəxslərin AB məkanına girişinə qadağa qoyulur və onların Avropadakı aktivləri dondurulur. Bu barədə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus məlumat verib: “Xarici işlər üzrə şura sanksiyaları razılaşdırdı – Ukrayna və Rusiyadan olan 21 şəxsin səfərlərinə qadağa qoyulur və aktivləri dondurulur. Bir neçə gün sonra Avropa Birliyi tərəfindən daha ciddi tədbirlər görüləcək”. Qərarda bildirilir ki, ötən həftənin hadisələri və hansısa irəliləyişin əldə edilməməsi nəticəsində Şura Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə törədilməsinə cavabdeh olan şəxslərə qarşı, onların səfərlərinə qadağa qoyulması və aktivlərinin dondurulması da daxil olmaqla, əlavə tədbirlərin görülməsinə dair qərar qəbul edib. Şura AB dövlət və hökumət başçılarının 6 mart 2014-cü il tarixli bəyanatını xatırladıb. Həmin bəyanatda deyilirdi ki, Ukrayna ilə Rusiya arasında çoxtərəfli mexanizmlər də daxil olmaqla, bir neçə gün ərzində danışıqlar başlamalı və qısa zamanda nəticə əldə olunmalıdır. Lakin Rusiya bu çağırışa əməl etməyib.
AB-nin siyahısında 8 krımlı məmur var
Sanksiyalara məruz qalacaq 21 nəfərdən 8-i Krım rəsmisidir:
1.Sergey Aksyonov – Krımın baş naziri;
2.Vladimir Konstantinov – Krım parlamentinin spikeri;
3.Rustam Temirqaliyev – Krım baş nazirinin müavini;
4.Denis Berezovskiy – Ukraynanın keçmiş komandanı;
5.Aleksey Çalıy – Sevastopol meri;
6.Pyotr Zima – Krım Təhlükəsizlik Xidmətinin rəisi;
7.Yuriy Jerebtsov – Krım parlamenti spikerinin köməkçisi;
8.Serəey Tsekov – Krım parlamentinin vitse-spikeri.
AB-nin sanksiya qərarı bu gündən başlayaraq icra olunacaq.
Növbəti sanksiya qərarı ABŞ-dan gəldi
ABŞ hökuməti də Rusiyanın bir sıra yüksək vəzifəli şəxsləri və deputatlarına, eləcə də Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə sanksiyalar tətbiq edib. Sanksiyaya məruz qalan şəxslər arasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, baş nazirin müavini Dmitri Roqozin, prezident Putinin köməkçisi Vladislav Surkov, Putinin müşaviri Sergey Qlazyev, Dövlət Dumasının deputatları Leonid Slutski, Yelena Mizulina və Federasiya Şurasının üzvü Andrey Klişasın da adı çəkilir. Bu şəxslərin ABŞ-dakı aktivləri və əmlakı blok ediləcək. Onlar sülh, sabitlik, təhlükəsizlik və Ukraynanın ərazi bütövlüyünə təhlükə törətməkdə ittiham olunur.
Obama Ukraynayla bağlı mətbuat konfransı keçirdi
Krımın Ukraynadan ayrılaraq Rusiya Federasiyasının tərkibinə qatılmasını bəyan etməsindən sonra ABŞ prezidenti Barak Obama Ukraynaya dəstəyini ifadə edib. Dünən Ağ evdə çıxış edən Obama Ukrayna və Rusiya rəsmilərinə qarşı sanksiyaları açıqlayıb. O bildirib ki, ehtiyac yaranarsa və Rusiya regionda gərginliyi daha da artırmaq kursunu seçərsə, Vaşinqton sanksiyaları daha da sərtləşdirə bilər. Obamanın sözlərinə görə, vitse-prezident Co Bayden NATO liderləri ilə vəziyyəti müzakirə etmək üçün Avropaya yola düşür. Prezidentin özü isə oxşar səfəri gələn həftə həyata keçirməyi planlaşdırır. Ağ ev Krımın Ukraynadan ayrılaraq Rusiyaya birləşdirilməsi üçün siyasi təzyiq göstərən 11 rus rəsmisinin hesablarını dondurduğunu açıqlayıb.
NATO Krım referendumunu qanunsuz sayır
NATO baş katibi Anders Foq Rasmussen bildirib ki, Krımda keçirilən referendum legitim deyil. Baş katib bəyan edib ki, bu referendum Ukrayna Konstitusiyasına və beynəlxalq hüquqa ziddir. Rasmussenin NATO-dakı müttəfiqləri də bu referendumu tanımadıqlarını bildiriblər.
Ərdoğan: “Türkiyə nəticələri tanımır”
Türkiyə mətbuatı baş nazir Rəcəb Tayyib Ərdoğanın Krımda keçirilmiş referendumun nəticələrini tanımadığı barədə xəbər yayıb. Ərdoğan bu mövqeyini Izmir şəhərində Krım tatarlarının lideri Mustafa Cəmilovla görüşündə açıqlayıb.ÿBaş nazir əlavə edib ki, Türkiyə Qərblə birlikdə Ukraynanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək istəyini nəzərə çatdırıb. Ərdoğan NATO-nun verəcəyi qərarların icrasında iştirak edəcəklərini də bildirib. Krım tatarlarına hər hansı bir təzyiqin olacağı halda buna müşahidəçi olmayacaqlarını bəyan edib.
Rusiya şərtlərini açıqladı
Rusiya Xarici Işlər Nazirliyi Ukraynada yaranmış böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb. Rusiya XIN-dən bildirilib ki, Moskva xarici tərəfdaşlarla birlikdə Ukraynada böhranın həlli üçün çoxtərəfli dəstək mexanizminin formalaşdırılmasına başlamağa hazırdır. Rusiyanın təklifləri aşağıdakılardır:
– ABŞ və Avropa Birliyi ilə bir yerdə Ukraynanın bütün siyasi qüvvələri üçün məqbul olacaq Ukraynaya Dəstək Qrupunun formalaşdırılması;
– Ukraynanın neytral hərbi-siyasi statusunun BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə möhkəmləndirilməsi;
– Krım əhalisinin referendumun nəticələri əsasında öz taleyini müəyyənləşdirmə hüququnun tanınması;
– Ukrayna Ali Radası tərəfindən yeni federativ Konstitusiyanın hazırlanması üçün bütün bölgələrin təmsilçiliyi ilə təcili Konstitusiya yığıncağının çağırılması;
– Yeni Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılması və qəbul edilməsindən sonra ümumi seçkilərin keçirilməsi;
– Rus dilinə ikinci dövlət dili statusunun verilməsi.
Ukrayna Kremlin təkliflərini rədd etdi
Ukrayna Xarici Işlər Nazirliyi ölkədə böhrandan çıxış yolları ilə bağlı Rusiya XIN-in irəli sürdüyü təkliflərin qəbuledilməz olduğunu bildirib. Ukrayna XIN-in informasiya siyasəti departamentinin rəhbəri Yevgeni Perebiynıs deyib ki, Rusiyanın bu bəyanatı ultimatuma bənzəyir. Orada əks olunan mövqe Ukrayna tərəfindən qətiyyən qəbul edilə bilməz. Perebiynıs qeyd edib ki, Kiyev və Moskva arasında beynəlxalq vasitəçilərin iştirakı ilə aparılacaq istənilən danışıqlar yalnız Ukraynanın ərazi bütövlüyünə hörmət əsasında keçirilməlidir: “Bu o deməkdir ki, Rusiya tərəfi dərhal Ukrayna ərazisindəki təcavüzə və təxribatlara son qoymalı, özÿqoşunlarını ölkəmizdən çıxararaq daimi dislokasiya yerlərinə qaytarmalıdır”.
Ukraynada qismən səfərbərlik elan olundu
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb. Bunu Ali Radanın iclasında Turçinov özü açıqlayıb: “Krımdakı təcavüz və Ukraynaya birbaşa hərbi müdaxilə təhlükəsini nəzərə alaraq tərəfimdən qismən səfərbərlik haqqında fərman imzalanıb. Bu fərman parlamentin təsdiqindən sonra qüvvəyə minəcək”. Ölkənin müdafiə naziri Iqor Tenyux isə deyib ki, Ukrayna ordusu qüvvələrini yenidən qruplaşdırır. Tenyux bildirib ki, Ukrayna Silahlı Qüvvələri zəruri ehtiyatlarını bərpa edib və öz funksiyalarını yerinə yetirməyə hazırdır: “Ukrayna ordusu şimal istiqamətində qüvvələr nisbətini bərabərləşdirib, cənub istiqaməti gücləndirilib və hazırda şərq istiqamətinin gücləndirilməsi davam etdirilir. Bu gün silahlı qüvvələrimiz Rusiya tərəfinin yerdəyişmələrinə uyğun olaraq qərbdən cənuba qədər müəyyən rayonlarda yerləşdirilib. Şimal, cənub və şərqdə qısa müddət ərzində bütün lazımi resursları bərpa edərək qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırıq”.ÿTenyux Rusiyanın Ukrayna sərhədləri yaxınlığında 60 mindən çox canlı qüvvə cəmləşdirdiyini söyləyib.
Tyaqnibok: “Qoşunlarımız Krımdan getməyəcək”
Hazırda Krımda yerləşən Ukrayna Silahlı Qüvvələri yarımadanı tərk etməyəcək. Belə bir bəyanatla Ukrayna parlamentinin “Azadlıq” fraksiyasının lideri Oleq Tyaqnibok çıxış edib. Tyaqnibok Krımın Ukrayna ərazisi olduğunu bildirib. “Biz bu ərazini qoruyacağıq. Ukrayna ordusu Krımdan getməyəcək”. Tyaqnibok həmçinin Krımda keçirilən referendumdan danışıb. O, bu referendumun qanunsuz olduğunu bildirərək, onu yalançı sosioloji sorğu adlandırıb.
Rus məmurlara Ukraynaya giriş qadağası
Ukrayna Rusiyadakı səfirini geri çağırmağa qərar verib. Bu barədə Ukrayna Xarici Işlər nazirliyinin yaydığı məlumatda bildirilir: “Krım Muxtar Respublikası ətrafında yaranmış durumla əlaqədar, habelə bəzi beynəlxalq aspektlərin müzakirəsi üçün səfir Vladimir Yelçenko məsləhətləşmələr üçün geri çağırılır”. Ukrayna həmçinin Rusiya Federasiyasının yüksək rütbəli məmurlarına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Söhbət ölkəyə girişə məhdudiyyətin qoyulması və Ukraynada olan əmlaklarının müsadirə edilməsindən gedir. Bu məsələ parlamentin iclasında da müzakirəyə çıxarılıb.
Dünən axşam saatlarında məlum oldu ki, Putin Krımın müstəqilliyi haqda sərəncam imzalayıb. Sərəncamda deyilir ki, martın 16-da keçirilmiş referendumun nəticələrinə uyğun olaraq Krım müstəqil elan olunur və sənəd imzalandığı gündən qüvvəyə minir.


