Ərdoğan Putinə türkdilli dövlətlərlə təsir edir

Türkiyə Krım məsələsini Azərbaycan və Qazaxıstanla müzakirə edəcək

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krımla bağlı Azərbaycan və Qazaxıstanla siyasi məsləhətləşmələr aparacaq. Bunu Baş nazir özü bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi “Haber7” telekanalı xəbər yayıb. Ərdoğanın sözlərinə görə, Ankara Ukraynadakı hadisələr və Krımdakı referendumla bağlı Rusiya ilə danışıqları davam etdirəcək. Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın Rusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırdığını bəyan edib. Nazirin sözlərinə görə, Moskva regionda təkbaşına siyasət aparır. Martın 16-da Krımda keçirilən referenduma gəlincə, Davudoğlu deyib ki, regionda oxşar hadisələrin inkişafına imkan yaratmaq yolverilməzdir. Bəs problemin çözülməsinə Türkiyə tərəfindən sərgilənən yanaşma hadisələrin gedişatına təsir edə bilərmi?

Elxan Şahinoğlu: «Azərbaycan Rusiyanın qəsbkar siyasətinə qarşı özü dərhal Türkiyə ilə təmaslara başlamalıdır»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, əslində Türkiyə bu məsləylə bağlı ağır seçim qarşısındadır. Çünki Türkiyə Krım tatarlarının ona ünvanlanan müracəitinin olmasına baxmayaraq, Ankara bir tərəfdən Ukraynanın ərazi bütövlüyünün parçalanmasının əleyhinə çıxır. Digər bir tərəfdən isə Rusiya ilə münasibətləri pozmaq istəmir: «Türkiyə ilə Rusiya arasında geniş iqtisadi münasibətlər, enerji aslılığı var. Rusiya Türkiyədə 20 milyardlıq nüvə enerji stansiyası tikir, Rusiyalı turistlər Türkiyə büdcəsinə ciddi xeyir gətirirlər. Ona görə Türkiyə ciddi seçim qarşısındadır. Amma bütün bunlara baxmayaraq Ankara müəyyən addımlar da atmalıdır. Amma nəyə görə Krım tatarlarına görə bütün məsuliyyəti Türkiyə daşımalıdır? Krım tatarları bütün türk xalqlarına qohum millətdir. Ona görə Ərdoğan belə bir təşəbbüslə çıxış edərək birgə müzakirələrin aparılmasını istəyir».

E.Şahinoğlu hesab edir ki, əslində Ərdoğanın təşəbbüsü Rusiyaya qarşı yönəlməyib. Digər tərəfdən Rusiya gözəl bilir ki, Türkiyə ona qarşı ciddi addımlart atmayacaq. Buna həm Ərdoğanla Putin arasındakı dostluq münasibətləri, həm də bu cür toplantı Rusiyanın özünə də xeyirdir: «Çünki Rusiyanın qəsbkar siyasəti qonşu dövlətlər üçün ciddi təhlükə yaradır. 2008-ci ildə Rusiya Gürcüstanı aprçaladı. Bu gün Ukraynanı hədəfə alıb. İştahı artan Rusiya sabah digər dövlətlərə, Azərbaycana qarşı təcavüz edər. Hazırda Rusiyanın bəzi siyasətçiləri bəyan edir ki, Rusiya Qarabağı özünə birləşdirməlidir. Bu mənada Azərbaycan üçün də ciddi təhlükələr var. Ona görə Azərbaycan vaxt itirmədən Türkiyə ilə məsləhətləşmələrə başlamalıdır. Rusiyanın özünə də başa salınmalıdır ki, Kreml təhdidlər siyasəti ilə uzağa gedə bilməyəcək».

E.Şahinoğlu hesab edir ki, əslində Rusiya ilə Qərb arasında münasibətlərin korlanmasının fonunda Kremlin Ankaradan aslılığı arta bilər. «Nəticədə əgər Avropa Rusiya qazından imtina etsə Türkiyənin Azərbaycanın vasitəsilə Avropa bazarında mövqeləri möhkəmlənə bilər. Rusiyanın Türkiyədən aslılığı artdıqca Ankaranın Kremldən öz istəkləri ola bilər. İstəklər sırasında isə Krım məsələsi önəm daşıyacaq», deyə E.Şahinoğlu vurğuladı.

Xəyal