İcra başçısından faşistsayağı göstəriş

AXCP sədrinin müşaviri: «Gülağa İslamov müşavirədə bəyan edib ki, Şakir Abbasov və Hacı Əmrulla niyə hələ də burada yaşayırlar»

Gülağa İslamov

Hakimiyyətin AXCP funksionerlərinə qarşı təzyiq kampaniyası davam etməkdədir. İctimai Palatanın aprelin 2-dəki aksiyasından ciddi narahatçılıq keçirən iqtidar mitinqin fəallıq edən şəxsləri «nəzarətində» saxlamaqdadır. AXCP sədrinin müşaviri Şakir Abbasova qarşı istər aksiyadan əvvəl, istərsə də aksiyadan sonra göstərilən təzyiqləri də bu qəbildən saymaq olar. Ş.Abbasov qəzetimizə açıqlamasında bildirdi ki, hələ aksiya başlamamış martın 30-da Xəzər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin gün idarənin rəisi Musa Musayevin onu qəbul edib və ona xəbərdarlıq edib ki, aprelin 2-dəki aksiyaya qatılmasın: «Mən rəisin bu açıqlamasına cavab olaraq bildirdim ki, hər bir vətəndaşın sərbəst toplaşmaq hüququ var və bu hüquqdan aprelin 2-də istifadə etmək niyyətindəyəm. Bu zaman rəis açıq şəkildə bildirdi ki, əgər mən mitinqdə iştirak edəcəmsə, o zaman Xəzər rayonunu tərk etməliyəm. Mən də rəisin qəbulundan çıxdıqdan sonra bir müddət evdə qalmadım».

Şakir Abbasov

Amma AXCP sədrinin müaşavirinə təzyiqlər bununla bitməyib. Mitinq öncəsi Xəzər rayonunda «axtarışa» verilən Ş.Abbasovun 230 nömrəli məktəbin 9-cu sinifində oxuyan qızı Natavan Abbasova dərslərə buraxılmayıb. Səbəb onun atasının harda olduğu barədə informasiya verməməsi olub. Naməlum şəxslər Ş.Abbasovun aksiyaya qədər həbs olunmamaq üçün öz evində qalmadığını görüb onun yerini qızı vasitəsilə tapmağa çalışıblar. Onlar Natavanı  direktorun otağına çağıraraq uşağa sərt formada deyiblər ki, ya atasının yerini deməlidir, ya da məktəbdən qovulacaq. Bu sorğu-sualdan sarsıntı keçirərək ağlayanda və atasının yerini bilmədiyini, iki gündür onu görmədiyini deyəndə isə Natavanı məktəbdən qovulub.
Bundan başqa Ş.Abbasovun həyətində olan kiçik satış köşkü də yuxarıdan gələn göstərişlə bağlanma əmri verilib. Səbəb kimi isə köşkdə çalışan Ş.Abbasovun yoldaşı Sevda Abbasovanın sağlamlıq haqqında arayışının olmaması göstərilib. Amma hər bir halda bunun Ş.Abbasova qarşı təzyiq kampaniyasının tərkib hissəsi olduğu açıq şəkildə hiss olunur. Dünən isə sahə müvvəkili Ş.Abbasovun yaşadığı evə gələrək onu heç bir izahat vermədən Xəzər rayonu 1 saylı polis bölməsinə çağrıldığını deyib. Ş.Abbasov isə bildirib ki, rəsmi çağrış vərəqi olmasa heç yerə gedən deyil. Öz həyatına və həbs olunmağına görə narahat olmadığını deyən Ş.Abbasov vurğuladı ki, o, daha çox həyat yoldaşı və iki qızının taleyindən əndişə duyur: «Mən hüquq müdafiə təşkilatlarına, beynəlxalq qurumlara müraciət edərək, ailəmin təhlükəsizliyinə təminat vermələrini xahiş edirəm. Çünki hər ötən gün ailəmə qarşı psixoloji təzyiqlər artır. Xəzər rayonunun icra başçısı Gülağa İslamov bu günlərdə keçirdiyi müşavirədə açıq şəkildə bəyan edib ki, Şakir Abbasov və yerli rayon təşkilatının sədri Hacı Əmrulla niyə hələ də burada yaşayırlar. Onlar rayon ərazisindən çıxarılmalıdır».

Hikmət