Kəmaləddin Heydərov İrana niyə gedib?

«Fövqəlnazir»in «Tehran təmasları» ilə bağlı müxtəlif mülahizələr irəli sürülür

Martın 14-də Irana səfər edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb. Iranın Mehr agentliyinin yaydığı xəbərə görə, Kəmaləddin Heydərov Həsən Ruhani ilə görüşündə Azərbaycanın dövlət başçısı Ilham Əliyevin xüsusi mesajını ona təqdim edib. “Sizin və Azərbaycanın möhtərəm prezidentinin iki ölkə arasında əlaqələrin inkişafına olan diqqətiniz ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacaq”,- deyə “fövqəlnazir” bildirib.
Kəmaləddin Heydərov əlavə edib ki, Iranda yeni hökumətin qurulması iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yaradıb və Azərbaycan yaranmış bu imkandan istifadə etməyə qərarlıdır.
Iranın IRNA agentliyi isə məlumat yayıb ki, Kəmaləddin Heydərov martın 15-də Iranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyan ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün mövcud problemlərin həlli yolları müzakirə olunub.
Iranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyan iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında bəzi gömrük qanunlarının maneə yaratdığını və bu kimi qanunların hər iki ölkə arasında uyğunlaşması məqsədi ilə yenidən baxılmasını təklif edib.
Məsud Kərbasiyan, həmçinin Iran vətəndaşlarına vizaların alınmasında yaranan problemləri əlaqələrin inkişafı üçün digər problemlərdən olduğunu deyib.
Görüşdə Kəmaləddin Heydərov Azərbaycanda istehsal olunan məhsulların Irana ixracatında gömrük rüsumlarının azaldılmasını istəyib.
Kəmaləddin Heydərovun Iran səfəri bir sıra mülahizələrə yol açıb. Ekspertlər hesab edir ki, “fövqəlnazir”in səfəri Iran-Azərbaycan münasibətlərində zaman-zaman yaranmış gərginliyin azaldılmasına xidmət edir. Qeyd edək ki, Tehranla-Bakı arasında vaxtaşırı münasibətlərdə problemlər yaranıb. Münasibətləri normallaşdırmaq üçün adətən tərəflərin təşəbbüsü ilə qarşılıqlı səfərlər təşkil edilir. Bundan əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, administrasiyanın ictimai-siyası şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin sədri Oqtay Əsədov və bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Irana səfər edib. Bu səfərlərin hər biri məhz münasibətlərdəki gərginliyi azaltmağa xidmət edib. Lakin səfərlərin demək olar ki, heç birindən müsbət nəticə əldə olunmayıb.
Kəmaləddin Heydərovun səfərilə bağlı başqa bir ehtimal da var. Bəzi ekspertlər bu səfərin ölkə başçısı Ilham Əliyevin Irana rəsmi səfərə dəvət olunması ərəfəsinə təsadüf etdiyinə diqqət çəkərək güman edirlər ki, “fövqəlnazir”in Irana getməsi ölkə başçısının səfərinə hazırlıq xarakteri daşıyır. Onların fikrincə, Bakı hazırda Iranla münasibətləri normallaşdırmaqda israrlıdır. “Kəmaləddin Heydərovun Iranın prezidenti ilə görüşündə səsləndirdiyi fikirlərdən də bu aydın görünür. Səbəb isə sadədir. Ukraynadakı hadisələr Azərbaycan hakimiyyətini narahat edib. Rusiya bütün dünyanın hədəfindədir. Hakimiyyət gözəl anlayır ki, belə bir vaxta yaxın qonşuları ilə münasibətləri qaydasına salmalıdır”, – deyə ekspertlər bildirir.
Ekspertlər deyir ki, Ilham Əliyevin Iran səfərinə hazırlıq məqsədilə məhz Kəmaləddin Heydərovun qonşu ölkəyə göndərilməsi səbəbsiz deyil: “Azərbaycanla Iran arasında həll olunmamış problemlər sırasında əsasən Kəmaləddin Heydərovun nəzarət etdiyi sahələr yer tutur. Bu sırada xüsusilə gömrük sahəsini vurğulamaq olar. Bundan başqa Kəmaləddin Heydərov idxal qrupunun başında dayanan şəxsdir. Irandan və Iran vasitəsilə isə Azərbaycana xeyli məhsul idxal olunur. Bu məsələlərdə müəyyən problemlər var”.

Hikmət