Krımda referendum komediyası

Martın 16-da Krımda Muxtar Respublikanın Ukraynadan ayrılması üçün referendum keçirilib. Səsvermə yerli vaxtla səhər saat 8-də başlayıb və 20:00-da bitib (Bakı vaxtı ilə 10:00-22:00).

*********************************************************************************************************************************************************************

Bakı vaxtı ilə martın 17-nə keçən gecə yerli seçki komissiyası məlumat açıqlayıb ki, məntəqələrin 75%-də səslər 100% hesablanıb. Bu hesablama ilə seçicilərin 95.7% yarımadanın Rusiyaya birləşdirilməsinə səs verib.

***

Artıq “referendum”la bağlı ilkin nəticələr açıqlanır. Exet-Pollun nəticələrinə görə, Krım əhalisinin 93%-i Rusiyaya birləşmək istəyir. Avropa Birliyi isə referendumu tanımadığını bir daha bəyan edib.

***

Krımın baş naziri Sergey Aksyonov Simferopolda baş çəkdiyi referendum məntəqələrindən birində jurnalistlərə deyib ki, səsvermədə iştirak faizi yüksəkdir. Onun sözlərinə görə, referendumda Krım tatarları da iştirak edirlər.

***

Krım tatarları Məclisinin mətbuat katibi Leyla Müslümova jurnalistlərə deyib ki, psixi xəstəxanaların pasientləri də səsverməyə cəlb olunub. Fəaliyyət qabiliyyətli olmayan, seçki və referendumlarda iştirakına icazə verilməyən bu insanlara “düzgün səs vermələri üçün” köməklik də göstərilir.

***

Şahidlərin bildirdiyinə görə, Krımda ev-ev gəzərək əhalini səsverməyə cəlb edirlər. Evlərə əli avtomatlı milislər və seçki siyahısı ilə bir nəfər olmaqla qruplar gedir, əhalini məntəqələrə çağırır, məntəqələrə getmək istəməyənlərdən isə yerində səs alırlar.
Şahidlər hətta kçələrdə də eyni qaydada əhalidən səs toplandığını bildirirlər.

Ukrayna ordusunun Hərbi-Dəniz Qüvvələri komandanlığı referendumda iştirakdan qəti şəkildə imtina edib.

Krımdakı rus kazak birləşmələri isə ukraynalı hərbçiləri səsvermədə iştiraka məcbur etmək istəyirlər.

***

Krım tatarlarının kompakt yaşadığı Baxçasaray rayonunda seçki məntəqələri qurulmayıb. Yerli administrasiyanın rəhbəri İlmi Umerov bildirib ki, seçki komissiyalarını formalaşdırmağa heç kimi tapa bilməyiblər. Umerov bundan əvvəl yerli sakinləri təxribata uymamağa və referendumda iştirak etməməyə çağırmışdı.

***

Rusiya kazakları Ukrayna hərbçilərini referenduma getməyə məcbur edirlər. ANS PRESS-in məlumatına görə bu barədə, Krımdakı Ukraynanın Müdafiə Nazirliyinin media-mərkəzinin rəhbəri Vladislav Seleznyov “Ukraynskaya Pravda” qəzetinə açıqlama verib.

Nəşrin yaydığı məlumatda qeyd olunub ki, Rusiya kazakları dəniz kənarındakı dövlət elmi-tətqiqat mərkəzinin əməkdaşlarını işə buraxmırlar. Seleznyov nəşrə bildirilib ki, Rusiya hərbçiləri işçilərə əvvəlcə səs verməyə getməyin lazım olduğunu deyirlər:

“Bu gün Primorskdakı hərbi hissənin Rusiya Müdafiə Nazirliyinə məxsus kazaklar qrupu dövlət elmi-tətqiqat mərkəzinin işçilərini işə buraxmırlar.Onlar bunu işçilərin səs verməyə getmələrinin vacibliyi ilə əsaslandırırlar”.

***

Artıq Krımdakı separatçı rejimin rəhbərləri səsvermədə iştirak ediblər.

Avropa Birliyi bu referendumun qanunsuz olduğunu və onun nəticələrini tanımayacağını bəyan edib.

Krımın baş nazirinin birinci müavini Rüstəm Temirqaliyev isə deyib ki, qərb liderlərinin və beynəlxalq təşkilatların reaksiyaları yarımada əhalisini az maraqlandırır. Heç kim onları öz gələcəklərini müəyyən etmək hüququndan məhrum edə bilməz.

Bəzi məntəqələrdə elektrik enerjisi və telefon xətləri kəsilib. Yerli komissiyalar bunun hava şəraiti ilə əlaqədar baş verdiyini deyiblər.

Şahidlər isə sosial şəbəkələrdə məlumat yayırlar ki, səsvermədə aşkar pozuntularla keçirilir. Belə ki, məntəqələrdə səs verənlərin buna hüquqları çatıb-çatmadığına əhəmiyyət verilmir. Adları siyahıda olmayanlar yerindəcə əlavə siyahılara salınır və onlara bülleten verilir. Hətta başqa ölkəninin, konkret nümunədə Rusiyanın vətəndaşı olanlar da səs verə bilirlər.

Şahidlər onu da bildirirlər ki, hər məntəqədə 5-6 “drujinnik” və milis keşik çəkir.

Bu arada Krım tatarlarının Məclisi İslam Əməkdaşlıq Təşkilatının baş katibinə müraciət edərək, təşkilatı yarımadada yaranmış münaqişəli vəziyyətdən dinc çıxış yolunun tapılmasına kömək etməyə çağırıb.
Krım tatarları bölgənin Ukraynadan ayrılmasının əleyhinədir və referendumda iştirak etmir.