Uzağı iki həftə olar, bizim “Gülər parlamenti”nin sədri Oqtay Əsədov Milli Məclisdə “dahiyanə”, politologiya dərsliklərinə qızıl hərflərlə yazılacaq bir çıxış etdi, elə beləcə də dedi: “Son vaxtlar parlament polemikalar meydanına çevrilib. Buna son qoyun! Bura mübahisə, polemika meydanı deyil”.
Xeyli adam bu dediklərinə görə sosial şəbəkələrdə, qəzetlərdə-zadda Əsədova irad tutdular, guya Oqtay müəllim heç “parlament” sözünün kökünün (“parler”) əslində fransızcadan çevirmədə elə “danışmaq” anlamına gəldiyini bilmir, o dedikləri ilə parlamentarizm anlayışının fəlsəfəsinə, mahiyyətinə qarşı çıxır.
Əlbəttə, gülməlidir. Gülməlidir, çünki Oqtay Əsədov şübhəsiz, “parlament” sözünün “danışmaq” sözündən gəldiyini, parlamentin danışmaq, dartışmaq, mübahisə etmək, polemikalar açmaq üçün bir meydan olduğunu bilir. Bəs niyə belə deyir? Cavab sadədir: bizim Milli Məclis həqiqətən polemika meydanı deyil, çünki – parlament deyil. Əldəqayırma, saxta, seçkili yox, təyinatlı orqandır, Gülər xanımın dili ilə desək, “prezidentdən keçən siyahı” əsasında formalaşdırılır.
Yadımdadır, hardasa iki-üç ay əvvəl Oqtay müəllimin sözü hansısa təyinatlı deputatla çəp gəlmişdi, deputat axırda qayıtmışdı ki, “mən sizinlə zarafat edirdim”, Əsədovun cavabı isə belə olmuşdu: “Mənim sizinlə zarafatım var? Parlament zarafat yeri deyil”.
Parlament zarafat yeridir, ya deyil, bunu dartışmayaq. Əsas odur ki, Azərbaycanda parlament olmasını iddia etməyin özü ən böyük zarafatdır. Əliyevlərin Azərbaycanı və parlament – bu cür düşündürücü yumoristik tapıntı heç Cem Yılmazın da ağlına gəlməz.
Iki gün əvvəlsə bu dəfə Oqtay müəllimlə Ilyas Ismayılovun sözü çəp gəlib, bir-birlərinin ünvanına artıq-əskik deyiblər. Hər şey Artur Rəsizadənin hökumətin 2013-cü ildəki gözəgörünməz, odda yanmaz, suda batmaz fəaliyyəti ilə bağlı hesabatına Ismayılovun tutduğu iradlardan başlayıb. Əsədov əsəbləşib və deyib: “Ilyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz, ancaq səhv tutdunuz”. Sonra bir-birlərinə nə deyiblər, şəxsən mənə maraqlı deyil. Bu iki cümlədə Azərbaycanın mövcud idarəetməsinin mahiyyəti, məzmunu, niyyətləri, məqsədləri, hədəfləri gizlidir. Tərifsiz, mədhiyyəsiz heç bir mövqeni, münasibəti qəbul etmirlər. Bunların ağlınca o tənqid qəbulediləndir ki, əvvəlcə uzun-uzadı uğurlu daxili və xarici siyasətdən, analoqsuz iqtisadi inkişafdan, 1 trilyon 765 milyard 810 milyon 371 min 456 yeni iş yerinin açılmasından danışırsan, sonra müxalifətin bu uğurları gözü götürmədiyi, xarici düşmənlərə işlədiyi barədə xeyli zəvzəkləyir, axırda da məsələn, Musa Qasımlı kimi, gündüz vaxtı küçələrdə işıqları yandıraraq israfçılığa yol verilməsindən, lap elə Milli Məclisin axırıncı yığıncağında Sahib Alıyev kimi, kabab sevən xalq olduğumuz halda, müasir standartlara cavab verən şişlərin yoxluğundan gileylənirsən. Vəssalam, bu da olar tənqid.
Yoxsa, hökumətdə səhv tutmaq, sistemdə qüsur axtarmaq nə deməkdir? Adamın ən yekə tikəsini qulağı boyda edərlər.
Oqtay Əsədov 15 gün əvvəl “Bura polemika meydanı deyil” deyərkən də, 2 gün əvvəl “Ancaq səhv tutursunuz” deyə qeyzlənərkən də hər kəsə bu sistemin açıq mesajlarını verdi: Danışmaq, dartışmaq yasaqdır, fərqli fikir, tənqid qadağandır, bəyənməmək, qulp qoymaq xalqa xəyanətdir, vətəni satmaqdır.
Əslində bu mesajlar yeni deyil, indiyədək baş verənlərin hamısı – həbsxanaları ağzınacan dolduran siyasi məhbuslar, ardı-arası kəsilməyən həbslər, azad mətbuat adına son qalaların da “fəth” edilməsi cəhdləri, sərbəst toplaşmaq azadlığının faktiki ləğvi və s. – bunların hamısı rejimin artıq ən xırda irada, ən yumşaq tənqidə belə dözümsüzlüyünün, ölkəni tamamən tək əlin, tək düşüncənin hakim olduğu orta çağ istibdadına məhkum etməsinin görsənişləridir.
Amma indi bunu onların ağzından açıq, birbaşa eşitmək şəxsən mənə ayrıca zövq verir. Bu günədək yazdıqlarında nə qədər haqlı olduğunu görməyin ləzzəti başqadır.
Bəs görəsən, ölkədə hər şeyi ağ-qara gördüyümüzü, sırf müxalif maraqlardan çıxış etdiyimizi deyib bizə inanmayanlar, sözümüzü qəribçiliyə salanların Oqtay Əsədova sözü nədir, indi durub ona da inanmayacaqlar?!