AXCP sədri düz 22 il əvvəl Heydər Əliyev və onun quracağı hakimiyyət haqda dəqiqliklə nələri deyib?
Təqdim etdiyimiz bu material 28 yanvar 1993-cü ildə “Müxalifət” qəzetində dərc olunub. Müsahibəni “Şərq” qəzetinin hazırda baş redaktoru Akif Aşırlı o zaman Prezident Aparatı ərazi idarəetmə orqanları şöbəsinin müdiri Əli Kərimovdan alıb. Kiçik ixtisarla çap etdiyimiz bu müsahibə Azərbaycanın siyasi spektrinin dünəninə və bugününə qiymət vermək üçün qiymətli material sayıla bilər.
– Respublikadakı ictimai-siyasi vəziyyətin təhlilini necə verərdiniz?
– Hazırda Respublikadakı ictimai-siyasi vəziyyəti qiymətləndirərkən onu nəzərə almaq lazımdır ki, cəmiyyətdə uzun müddət demokratiya, müxalifət ənənəsi, mətbuat azadlığı olmayıb. Ona görə də müstəqil, demokratik dövlətin bu zəruri atributları bizim cəmiyyəti müəyyən qədər çaşdırıb və bu da ilk növbədə gərginlik kimi görünür. Ayrı-ayrı partiyalar arasındakı siyasi çəkişmələri vətəndaşlar gərginlik kimi qiymətləndirirsə, biz özümüz buna nail olmuşuq. Bu, demokratik cəmiyyətin zəruri atributudur. Bundan sonra hakimiyyətdə kimlərin olmasıdan asılı olmayaraq həmişə müxalifət də olacaq. Bir qəzetin yazdığını başqa qəzet təkzib edəcək, artıq cəmiyyətdə hamının eyni dərəcədə düşünməsi mümkün olmayacaq. Buna görə də respublikadakı ictimai-siyasi vəziyyəti gərgin yox, normal hesab edirəm. Biz böyük faciələri yaşamaqla, böyük xoşbəxtlikləri də bu dövrdə yaşayırıq. Sadəcə olaraq müharibə, sosial gərginlik imkan vermir ki, biz bu tarixi hadisələri qiymətləndirək.
– Dünən müxalifətdə olan qüvvələr bu gün hakimiyyətdədir. Və hazırda iqtidarın nüfuzunun müəyyən qədər aşağı düşdüyünü də gizlətmək doğru olmaz. Siz bunu nəylə əlaqələndirirsiz?
– Onu deyim ki, indiki dövrü nisbi mənada normal hal kimi qiymətləndirirəm. Nəzərə alıram ki, müharibə aparırıq, obyektiv çətinliklər var. Bir də onu deyim ki, ümumiyyətlə, hər hansı ölkədə seçkilər ərəfəsi siyasi qüvvələr nisbəti seçkilərdən sonrakı qüvvələr nisbətinə görə dəyişir. Həmişə seçki ərəfəsində müxalifətdə olan qüvvələrin reytinqi daha yüksək olur. Həmin qüvvə hakimiyyətə gəldikdən dərhal sonra reytinqi getdikcə azalmağa başlayır. Hakimiyyətdən narazı olanlar müxalifətə keçir və öz arzularının həyata keçirilməsi üçün müxalifətə bel bağlayırlar. Hakimiyyət devrilən zaman bütün müxalifətdə olanların arzuları həyata keçmir. Onda məyus olanlar təbəqəsi yaranır və bu da təbii prosesdir. Iqtidarın nüfuzunun düşməsinin subyektiv faktorları da var. Bu ilk növbədə bizim özümüzün buraxdığımız bəzi səhvlərdir.
– Sizcə, bu səhvlər hansılardır?
– Məncə, bu səhvləri eləməyimiz təbiidir. Sadəcə olaraq bu səhvləri etiraf eləmək lazımdır. Bu səhvlərdən biri kadr məsələləri ilə bağlıdır. Biz kadr dəyişiklikliyini sürətlə aparmalıydıq. Bunu etmədiyimizə görədir ki, iqtisadi islahatlarla ancaq indi məşğul olmağa başladıq. Iqtisadi Şuranın, Plan Komitəsinin, Maliyyə Nazirliyinin, Milli Bankın rəhbərliyi dəyişiləndən sonra, nəhayət bir aydır ki, ciddi iqtisadi islahatlar başlayıb. Ola bilsin ki, biz bu işi beş ay qabaq görməliydik.
Səhvlərimizdən biri də bizim hələ də möhkəm qanunçuluq və dövlət intizamı yarada bilməməyimizdədir. Elə bu məsələyə münasibətdə hakimiyyətdə fikir ayrılığı var. Elə hesab edirəm ki, uzun illər demokratiyanı qəsdən gözdən salmaq üçün onu anarxiya kimi qələmə veriblər. Yəni cinayət baş veribsə, işə çıxmayıblarsa, vəzifə borclarını yerinə yetirməyiblərsə, bunu demokratiya kimi qiymətləndiriblər. Anarxiyanın əlamətlərini camaat demokratiya hesab edir. Indi qanunçuluğa əməl edəndə müəyyən təbəqələr diktatura yarandığını bildirirlər. Demokratiyanın əsas şərti möhkəm qanunçuluqdur. Demokratiya insanların hüququnu qoruyursa, heç kəsə bu hüququ pozmağa imkan verilməməlidir. Biz qanunçuluğa, dövlət intizamına bir qədər fikir verməliyik.
Növbəti səhvimiz, bəzi yoldaşlarımızın səriştəsizliyi oldu. Xalq hərəkatı öncülü olan, öz əqidəsi ilə ətrafından fərqlənən adamların arasında elələri tapıldı ki, onlar səriştəsizlik elədilər. Elələri də oldu ki, vəzifəyə gələndən sonra dünya malı gözlərini tutdu. Bax, açığı buna görə bizim sıralarımız hardasa seyrəldi. Nəriman Nərimanovdan sitat gətirmək dəb olmasa da, onun bir fikirini demək yerinə düşərdi: “Əgər adamları tanımaq istəyirsinizsə, ona vəzifə verin”. Bu mənada bizim yoldaşlarımız vəzifədən sonra tanındı. Ancaq yenə də onu deyim ki, AXC kimi kadr potensialı olan heç bir partiya, qurum yoxdur. Sadəcə olaraq, camaat hər partiyanın bir liderini tanıyır, onu başqa partiyanın liderinə qarşı qoyur və başlayır müqayisə eləməyə. Ancaq iqtidarda olan nümayəndələrdən Əbülfəz Elçibəyi prezident kimi kənara qoysaq, onlarca liderlər var ki, onlar o partiya liderləri ilə müqayisə oluna bilər. Ancaq bunu da təbii hesab edirəm ki, bizim yoldaşlarımızdan on faizi çıxdaş olmalı idi.
Şübhəsiz ki, reytinqin düşməsi həm də təbliğatın zəif olması ilə bağlıdır. Biz öz gördüyümüz işlər barəsində xalqa vaxtında məlumat verə bilmirik. Obyektiv çətinlikləri xalqa çatdıra bilmirik ki, bu gün və sabah hakimiyyət başında kim olmasından asılı olmayaraq həmin çətinliklər olacaqdır. Lakin reytinqin azalmasından narahat deyiləm, artıq Azərbaycanda demokratik cəmiyyətin bünövrələri qurulur. Artıq qanunçuluq əsasında respublikada 19 partiya fəaliyyət göstərir, 570 qəzet qeydiyyatdan keçib. İndi heç bir partiyanın diktaturasına imkan yoxdur. Biz bu gün hakimiyyətdən getsək belə, sabah gələn adam diktatura yarada bilməyəcək. Bütün bunlar AXC-nin qələbəsidir.
– Demokratik cəmiyyətlərdə insan hüquqları ən ön plana çəkilir. Demokratik qüvvələrin hakimiyyətə gəlməsinə baxmayaraq yenə də bəzən insan haqları pozulur. Bu nə ilə bağlıdır?
– Hər şeyi qanun çərçivəsində həll eləmək lazımdır. Bəzən hüquq mühafizə orqanlarının səriştəsizliyi özünü büruzə verir. Bəli, bu gün qanunu əsas götürməklə respublikada qanunçuluğu təsbit eləmək lazımdır.
– Ali icra orqanları strurkturlarının tam şəkildə müəyyənləşdirilməsi yerlərdə özünü göstərir. Bəzi rayon icra hakimlərinin sərəncamları ordakı hüquq mühafizə orqanları tərəfindən yerinə yetirilmir. Bu barədə nə deyə bilərsiniz?
– Sizin fikirinizdə bir şeyi dəqiqləşdirim. Rayon icra hakimiyyəti başçılarının sərəncamları yalnız məhkəmə tərəfindən ləğv oluna bilər. Burda nə polis, nə də prokurorun işi ola bilməz. Rayon icra hakimiyyəti başçısı prezidentin səlahiyyətli nümayəndəsidir. Polis və prokurorluq orqanları ali icra hakimiyyətinin qollarıdır. Ona görə yerlərdə icra hakimiyyəti başçıları rayonda bütün idarəçilik orqanlarına rəhbərlik etməlidirlər. Şəxsi keyfiyyətlərinə görə icra başçıları buna nail ola bilmirsə, onlar zəif kadrlardır və onlar barədə fikirləşməyə dəyər.
– Milli dövlət quruculuğu hansı prinsiplərə söykənməlidir?
– Mənə elə gəlir ki, milli dövlət quruculuğunu da AXC-nin proqramındakı prinsiplərə əsaslandırmalıyıq. Siyasi sistemin təkmilləşdirilib yenidən qurulması prosesi olmalıdır. Ilk növbədə respublikada hakimiyyəti, yəni onun hər üç budağını – qanunvericilik, ali icra və məhkəmə hakimiyyətinin qanuniləşdirilməsi işi aparılmalıdır. Respublikada bu gün tam legitim orqan prezidetin hakimiyyətidir. Deməli, ali icra hakimiyyəti qanunidir. Qalır qanunverici və məhkəmə orqanları. Mənə elə gəlir ki, bu il biz hökmən seçkiləri keçirib qanuni parlamentə sahib olmalıyıq. Bununla yanaşı məhkəmə seçkiləri keçirməliyik. Bundan sonra hakimiyyətin hər üç budağı qanuniləşəcək. Sonra həmin orqanların təkmilləşdirilməsi üzrə iş getməlidir. Dövlət quruculuğu ilə əlaqədar yeni dövlət orqanları yaradılmalıdır. Bir çox orqanlar keçmiş SSRI-dən miras qaldığına görə təkmilləşməlidir. Əgər bu dediklərimi həyata keçirsək, 1993-cü ilin axırına milli dövlətimizi tam şəkildə qura biləcəyik. Ondan sonra da bu milli dövləti inkişaf etdirmək qalacaqdır.
– Sizə belə gəlmir ki, müxalifət nümayəndələrinin avtoritarizm barədə iradlarında müəyyən həqiqət var?
– Ola bilsin ki, hər hansı nazirin işinin şişirdilməsi cəmiyyətdə arzuolunmayan haldır. Ancaq bunlar avtoritarizmə əsas vermir. Avtoritarizm təkhakimiyyətlilik, hakimiyyətin bir əldə cəmlənməsidir. Bu gün qanuni hakimiyyətin toplandığı şəxs prezident Əblüfəz Elçibəydir. Onun da necə demokratik olduğuna xalqın şübhəsi belə ola bilməz. Yerdə qalan bütün nazirlər Əbülfəz bəyin qarşısında məsuldular və ona görə bizim təminatımız var ki, Əbülfəz bəy nə qədər prezidentdir, avtoritarizm ola bilməz. Əgər meyllər varsa da bu, avtoritarizmlə nəticələnə bilməz.
– Müxalifət liderlərindən qiymətləndirdiyiniz şəxs kimdir?
– Ciddi müxalifət lideri kimi Etibar Məmmədovu etiraf etmək olar. Mən hesab edirəm ki, Etibar bəyin çılğınlığı, radikallığı və komandası belə düşünməyə imkan vermir ki, hakimiyyət dəyişərsə, sonrakı hakimiyyət oların timsalında etibarlı əllərdə ola bilər. Ancaq siyasətçi kimi onun müsbət keyfiyyətləri var. Mübarizliyi, qabiliyyəti, savadı onu digər müxalifət liderlərindən fərqləndirir. Yenə deyirəm, özünün etiraf etdiyi kimi “işdən qovulmuşlar” komandası, çılğınlığı və radikallığı hazırkı mərhələdə ona imkan vermir ki, xalqa rəhbərlik etsin. Mən şəxsən ona etimad göstərə bilmərəm.
– YAP və onun lideri Heydər Əliyevə münasibətiniz?
– Heydər Əliyevin partiya yaratmasını olduqca təbii sayıram. Gərək bunu bir az əvvəl eləyəydi. Ancaq adını “köhnə Azərbaycan” qoyaydı. Doğrudan da köhnə Azərbaycan üçün darıxanların hamısı Heydər Əliyevin ətrafında toplaşıb. Bu ideyanı yalnız köhnə rəhbər həyata keçirə bilər. Bunu başqa müxalifətdə duran liderlər eləyə bilməz. Elə götürək AMIP-in proqramını. Özləri etiraf eləməsə də, iqtidarın proqramından fərqli proqramları yoxdur. Bazar iqtisadiyyatında, idarəçilikdəki müasibətlərdə elə əsaslı fərqlər yoxdur. Ancaq Azərbaycanı geriyə çəkib siyasi büro ilə idarə eləmək cəhdi köhnə Azərbaycana qayıdış olar.
– Sualın qoyuluşu bəlkə də sizə qəribə görünücək. Əli Kərimov hansı xüsusiyyətinə görə özünü bu vəzifəyə layiq hesab edir?
– Bunu demək mənim üçün bir qədər çətindir. Bəli, mən özümü bu vəzifəyə layiq hesab edirəm. Əvvəla, cəbhə fəalı kimi. AXC Ali Məclisinin sədr müavini kimi təşkilati işlərdəyəm. Rayonlar barəsində kifayət qədər məlumatlıyam. Ixtisasca hüquqşünasam. Idarəçilikdə bu mənə kömək edir. Özümü bu işə bağlı hesab edirəm. Bu gün işimi ürək yanğısı ilə icra edirəm ki, Azərbaycanda dövlət quruculuğuna öz töhfəmi verim. Əslində bilmək istəsəniz, bu mənim üçün gərgin işdir. Hər hansı istirahət növündən məhrumam, səhhətimə böyük ziyanı var. Bunlar məni qane etmir. Amma dediyim kimi, bu işdə ürək yanğısı ilə işləyirəm, ömrümü həsr eləyirəm.